Güclü lider - Qalib xalq formulu

Güclü lider - Qalib xalq formulu

Siyasət Veb saytların hazırlanması

04 İyun 2023 19:52 562


Bizi o illərdən 31 illik bir zaman ayırır. 1992-ci ilin 18 mayı idi. Ermənistan silahlı qüvvələri Laçını işğal edib, sakinlərini didərgin salmışdılar. Laçınlılar sığınmağa yer gəzirdilər.

Bakıda isə başqa ab-hava var idi. Bir qrup parlamentin binası qarşısına yığışıb hakimiyyətə gəlişini bayram edirdi. Ermənilər laçınlıların evlərində qoyub gəldikləri sərvəti, hakimiyyət hərisləri isə eyni acgözlüklə Bakıda kresloları bölüşürdülər. Ortalıqda qalan isə bəxti gətirməyən vətən, yurd-yuvası talan olan laçınlılar idi...

Laçının coğrafi baxımdan olduqca strateji əhəmiyyətli ərazidə yerləşdiyini hakimiyyət hərisləri, vəzifə dəllaları dərk etmirdilər. Amma onlardan fərqli olaraq düşmən bunun əhəmiyyətini yaxşı anlayırdı. Laçın Azərbaycan torpaqlarını işğal etmək üçün düşmənin əlində bir açar idi. Ermənistan Laçını işğal etməklə öz ərazilərini, sərhədlərini Qarabağla birləşdirmək imkanı əldə etdi. Bu isə sonradan digər ərazilərimizin işğal olunması üçün münbit şərait yaratdı.

Böyük bir rayon işğal olunurdu. Yenicə müstəqilliyini elan etmiş bir dövlətin suverenliyi faktiki olaraq təhlükə altına düşmüşdü. Bakıda isə hakimiyyət davası gedirdi...

Bir müddət sonra hakimiyyət daxili didişmə, təcrübəsizlik, ordunun hakimiyyətə itaətsizliyi nəticəsində Kəlbəcər kimi alınmaz qala da düşmənə təslim edildi. İşğalçı dövlət olan Ermənistan beynəlxalq qanunlara məhəl qoymadan, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq işğal etdiyi ərazilərin coğrafi adlarını dəyişdirir, rayonlarımızın təbii resurslarını talan edir, xarici ölkələrdən olan soydaşlarını demoqrafik tərkibi dəyişdirmək məqsədilə qeyri-qanuni şəkildə ərazilərimizdə yerləşdirirdi...

Zəfərə gedən yol inamdan keçir

İnsanlar inandıqları, güvəndikləri, sevdikləri liderin arxasınca gedəndə qələbəyə olan inamları da artır. "Sərkərdə igid olsa, ordunu verməz bada" düşüncəsi formalaşır. İnam və qətiyyət, bir də ki, səmimiyyət, xalqla "el bir, dil bir" prinsipi ilə fəaliyyət göstərmək insanlarda olan inamı artırır. Ulu Öndərin siyasi kursuna sadiq olduğunu hər işi ilə sübut edən İlham Əliyevin hakimiyyətə gəlişi insanlarda itirilən torpaqların geri qaytarılacağına ümidi artırdı. Ordu quruculuğunda gedən prosesi, artan iqtisadi gücü görən xalq bir an olsun belə, o torpaqlara qayıdacağını tərəddüd etmədi.

Hər şey göz qabağındadır. Dövlət başçısı özünün ad günlərini, tarixi hadisələri, milli bayramları bir qayda olaraq xalqla, öz torpaqlarından didərgin salınmış insanlarla birgə keçirməyə üstünlük verir. Xalqın dərdini, problemlərini, millətin arzusunu, istəyini birbaşa özü öyrənir, siyasətini ona uyğun aparır.

Aparılan qətiyyətli, inamlı, müdrik siyasət öz nəticəsini verdi. 44 günlük Vətən müharibəsində qazanılan uğur Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. İndi xalqımız böyük qürur hissi keçirir. Öz liderinə güvənən xalq əmindir ki, zəfərimiz əbədidir, Azərbaycan daim bu zəfərin işığında irəli gedəcək.

Bu günlərdə Laçın şəhərində öz doğma yurdlarına dönən sakinlərlə görüş zamanı dövlət başçısı əminliklə qeyd etmişdir: "Biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu zəfər qüruru ilə yaşayacaqlar".

Qətiyyətin və güclü siyasi iradənin qələbəsi

İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuzun gücü və xalqımızın birliyi ilə Vətən müharibəsində zəfər çalan Azərbaycan dövləti diplomatiyada da ardıcıl olaraq uğurlara imza atmaqdadır. Bir neçə gün öncə Moldovada Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüş zamanı qarşı tərəf sərhədlərin 1975-ci il xəritəsi əsasında delimitasiya olunmasına razı olduğunu bildirib. Bu hadisə Azərbaycanın indiyə kimi apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.

Buna qədər baş verən hadisələrə diqqət yetirək. 2022-ci ildə üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq yeni çəkilən Laçın-Xankəndi yolu istifadəyə verildi. Elə həmin ilin avqust ayında Laçında 30 ildən sonra Azərbaycan bayrağı ucaldıldı. Bu il aprelin 23-də isə Azərbaycan Laçın rayonunda özünün sərhəd-buraxılış məntəqəsini yaratdı. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Artıq Azərbaycana nəzarətdən kənar kimsə girib-çıxa bilməz.

Azərbaycan Laçında özünün sərhəd-buraxılış məntəqəsini yaradan zaman biz erməni mətbuatının, Ermənistanı müdafiə edən beynəlxalq təşkilatların və bəzi dövlətlərin necə hay-küy saldıqlarının şahidi olduq. Yenə də qətiyyət, möhkəm iradə öz sözünü dedi və işini gördü. Azərbaycan Prezidenti İlham Əliyev "Biz öz ərazilərimizdə beynəlxalq hüquq normaları əsasında öz işimizi görürük. Bu işdə heç kim bizə mane ola bilməz" dedi. Nəticə göz qabağındadır. Artıq Ermənistan rəhbərliyi də reallıqları qəbul etmək məcburiyyətində olduğunu dərk etməkdədir. Qarabağın erməni vətəndaşlarının Azərbaycanla razılaşmaqdan başqa çarəsi olmadıqlarını açıqca etiraf edirlər. Siyasi proseslər də bizi sürətlə buna yaxınlaşdırır.

Laçının sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Artıq 20 ailə Laçına köçüb. Görülən işlərin miqyası inamla deməyə imkan verir ki, yaxın zamanda Laçın şəhərinə və ətraf qəsəbələrə daha çox vətəndaşımız qayıdacaq.

Tarixi missiya

Tarixi şəxsiyyət olmaq, xalqının tarixini yaratmaq, yaratdığın tarixin qəhrəmanı olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün çox çətin bir vaxtda hakimiyyətə gəlməklə xalqımızı və dövlətimizi çətin bir sınaqdan xilas etdi. Onun layiqli siyasi varisi İlham Əliyev isə tarixə öz adını müasir Azərbaycan dövlətinin qurucusu, Qarabağın xilaskarı kimi yazdı. Həm də yalnız xilaskarı olaraq kifayətlənmədi. İndi işğaldan azad olunmuş ərazilərimizə yenidən həyat verir. Qısa müddətdə Qarabağa yol çəkildi, infrastrukturun sürətlə bərpası prosesinə start verildi. Gözü ilə görməyən bəlkə də inanmaz. Görən də sanki Şuşada qısa zaman içində sözün həqiqi mənasında möcüzə baş verdiyini düşünər. Tarixi binalar bərpa edilir, hər gün Şuşa bir yeniliyə imza atır. Azərbaycan dövlətinin dünyaya gücünü və qüdrətini göstərən Zəngilan rayonunda yaradılan Ağalı möcüzəsi, Laçını cənnətə döndərən vətən sevgisi...

Bütün bunlar xalq tərəfindən sevilən bir liderin qətiyyətinin, möhkəm iradəsinin, xalqı və vətəni qarşısında Tanrının verdiyi missiyanın yerinə yetirilməsinin əyani təzühürüdür. Prezident İlham Əliyevin fəaliyyəti dövründə reallaşdırdığı güclü dövlət strategiyası, şəxsi xarizması, bənzərsiz liderlik keyfiyyətləri, yürütdüyü siyasətin mahiyyəti və prinsipləri, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası, azad və çiçəklənən Şuşa, qansız geri alınan və yenidən qurulan, ilk sakinlərini qəbul edən Laçın şəhərinin bu günü Güclü lider - Qalib xalq formulunun məntiqi nəticəsidir.

“Azərbaycan” qəzeti


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!