"Əslində, əvvəllər Gürcüstandan münaqişənin həlli prosesində yox, ümumiyyətlə, Cənubi Qafqazda əməkdaşlıq prosesinə cəlb etmək üçün müxtəlif təkliflər gəlirdi".
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında keçirilən görüşdə rəsmi Tbilisinin vasitəçilik təklifinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, o, bu baxımdan, Gürcüstanı vasitəçi kimi görmür: Dominos pizza
"Çünki onların potensialı və gücü kifayət etmir ki, vasitəçilik edib nəyinsə qarantı kimi çıxış etsinlər. Belə götürəndə Gürcüstan kifayət qədər zəif dövlətdir, amma əməkdaşlıq baxımından mən şəxsən onun tərəfdarıyam ki, Ermənistan-Azərbaycan-Gürcüstan üçlü formatda çox böyük işlər görə bilərlər. Sadəcə olaraq, bunun üçün Ermənistan tərəfinin iradəsi lazımdır. Onlar öz revanşizmini geridə qoyub həm formata qoşulmalıdır, həm də öz yekəxanalığından əl çəkməlidirlər".
Mövcud məsələdə erməni təfəkkürünə toxunan analitik əlavə edib:
"Yəni bunların iddiası var ki, bizdən yoxdur və s. olmamalıdır. Yadıma gəlir ki, bir dəfə, səhv etmirəmsə, Rusiyada erməni diasporunun tədbiri keçirilirdi və Rusiya prezidenti Vladimir Putini də oraya dəvət etmişdilər. Orada Ara Abramyan çıxış edəndə qayıtdı ki, “SSRİ-yə daxil olan hər bir respublika Moskvaya nəsə verirdi. Əslində, biz də Moskvaya nəsə veririk, amma ən dəyərli kapitalımızı – insan kapitalımızı Rusiyaya veririk”. Yəni bizim insanlardan yoxdur və s. Bax, bu cür yekəxanalıqdan əl çəksələr, normal şəkildə bizimlə, Gürcüstanla birlikdə bərabərhüquqlu əməkdaşlığa qol qoysalar, belə olan halda bizim regiona nə başqa vasitəçi lazım deyil, nə də başqa dövlətlər burada nəyisə qurdalayıb hər birimizin güzəranını korlaya bilməz, əlavə xərclərimiz çıxmaz".
N. Şəfiyev birgə əməkdaşlığln vacibliyindən də söz açıb:
"Baxın, biz bu gün hərbiyə milyardlarla manat niyə xərcləməliyik? Az xərcləyərik və üçümüz bir yerdə öz təhlükəsizliyimizi qoruyarıq. Nəyə görə, qonşu dövlətlərdən kimsə bizə meydan sulaya bilsin? Bizim əməkdaşlığımız olsa, başqa dövlətlər də bizimlə sadəcə olaraq, əməkdaşlıq etmək üçün müraciət edərlər. Yoxsa burada nəyisə qurdalayıb hakimiyyət dəyişdirməyə, iki qonşunu bir-birinə qırdırmağa filana ehtiyac da olmayacaq. Görəcəklər ki, alınmır, əl çəkəcələr".
"Yenə də deyirəm, burada bütün halqalardakı ən zəif bənd Ermənistandır. Çünki hər dəfə kimsə ermənilərdən istifadə edib əməkdaşlığı pozur. Erməni xalqı və rəhbərliyi bir dənə özündə iradə tapıb bu əməkdaşlığa qol qoysa, məncə, hər şey çox gözəl olar.
Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlıq buna bir nümunədir ki, bizim aramızda nə dini, nə də milli ayrı-seçkilik var. Onunla belə, biz gözəl şəkildə əməkdaşlıq edirik. Həmin məsələləri biz ermənilərlə də edərik, sadəcə onlar özlərində iradə tapsalar və buna getsələr. Yoxsa ki, daxillərində istək var, amma içlərində olan yekəxanalıq, özünəvurğunluq imkan vermir ki, onlar normal şəkildə əməkdaşlıq etsinlər" - müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız