“Əgər biz hakimiyyətin siyasi kursunu dəstəkləsəydik, gedib YAP-a yazılardıq, ayrı partiya niyə qururduq ki?”
Bu sözləri Yenisabah.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
O, 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkiləri ilə bağlı AĞP-də aparılan müzakirələr barəsində danışıb. Dominos pizza
Xatırladaq ki, hazırda prezidentliyə 5 namizədin adı bəllidir. Bir çox müxalifət partiyaları isə seçkidə iştirakdan imtina ediblər.
T. Abbaslı xatırladıb ki, Ağ Partiyanın növbədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı 7 dekabrdan bu günə qədər davamlı müzakirələr gedir:
“Burada İdarə Heyətinin rəsmi toplantıları, qeyri-rəsmi məsləhətləşmələr də olub. Eyni zamanda rayon təşkilatlarının sədrlərinin iştirakı ilə tədbirlər keçirilib və müzakirə olunub ki, orada vəziyyət necədir, imza toplamaq başlayarsa, necə olar və s”.
Partiya sədri diqqətə çatdırıb ki, hələlik yekun qərar yoxdur:
“Yəqin ki, bu həftə ərzində son qərarımızı verəcəyik. Çünki iştirak edəcəyiksə, artıq vaxt azalır, etməyəcəyiksə də, bu, başqa məsələ. O ki qaldı bizim namizədləri dəstəkləməyimizə, belə bir məsələ, ümumiyyətlə, müzakirə olunmayıb və gündəmdə olmayıb. Bəziləri deyir ki, Ağ Partiya hakimiyyəti dəstəkləyir deyə seçkilərdə iştirak edəcək, digərləri isə söyləyir ki, dəstəkləmir deyə seçkilərdə iştirak etməyəcək. Onlar yekun qərara gələndən sonra biz bu barədə nə isə deyə bilərik”.
“Ağ Partiyanın öz xətti və siyasi kursu var. İnanıram ki, bir çoxları bunu bilir və biz öz xəttimizə, siyasi kursumuza sadiqik. Əgər seçkidə iştirak edəcəyiksə, öz namizədimizlə seçkilərdə iştirak edəcəyik. Etməyəcəyiksə, üzvlərimiz seçkilərdə kimə istəsə, ona da səs verəcək”, – deyə o, fikirlərini bölüşüb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız