“Həmin gün “Əliyev vahiməsi”ni dəf etdim” –  Heydər Əliyevə Naxçıvanda nə olmuşdu?

“Həmin gün “Əliyev vahiməsi”ni dəf etdim” – Heydər Əliyevə Naxçıvanda nə olmuşdu?

Yazar Saytların hazırlanması

10 May 2019 19:02 1766


Bu gün Azərbaycanın üçüncü mərhum prezidenti Heydər Əliyevin anadan olmasından 96 il ötür. Azərbaycanın müstəqilliyinin ilk dövründə ölkyə rəhbərlik etmiş Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub. “Yeni Sabah” BBC News Azərbaycanca-ya istinadən Heydər Əliyevin fəaliyyətini izləyən daimi jurnalist heyətində təmsil olunmuş İlhamə Qasımlının xatirələrini təqdim edir.

Heydər Əliyevin fəaliyyətini izləyən daimi jurnalist heyətində səkkiz il təmsil olunmuşam - 1995-ci ildən onun vəfat etdiyi 2003-cü ilə qədər.

Heydər Əliyevi ilk dəfə görənə qədər düşünürdüm ki, tənqidçilərinin, haqqında "diktator dövlət başçısı", "KQB generalı" kimi bəhs etdiyi insan, görəsən, həyatda necədir?", "Yəqin yanında kiçik səhv edənlərə qarşı qəddar olar" kimi fikirlər keçmişdi ağlımdan.

Bu cür düşüncədə olduğum dönəmlərdə işlədiyim "Eksklüziv" informasiya agentliyindən məni prezident Heydər Əliyevin xarici nümayəndə heyəti ilə keçirdiyi bir qəbula göndərdilər. Nümayəndə heyəti az sayda olduğu üçün görüş də kiçik salonda keçirilirdi. Jurnalistlər prezidenti çox yaxın məsafədən müşahidə edə bildiyi kimi, o da bizimlə ən kiçik tərpənişimizi fərq edə biləcək məsafədə idi. O anda öz-özümə düşündüm ki, bu adamda "KQB generalı" və "diktator" aurasından əsər-əlamət yoxmuş ki...

Qonaqla söhbətin maraqsız görünən hissəsində içəridə olan jurnalist həmkarımla indi xatırlamadığım mövzuda söhbət etməyə başladıq. Söhbətə o qədər aludə olduq ki, harda olduğumuzu unutduq. Bu anda prezident öncə baxışları ilə bizə xəbərdarlıq etdi. Bu, işə yaramadıqda isə köməkçisi Eldar Namazov vasitəsi ilə söhbəti kəsməyimizi tələb etdi. Amma bütün bunlar "diktator" bir ruhda baş vermədi. Sadəcə, bizə səsimizin prezidentin qəbulunda "diqqəti yayındırdığı" deyildi. O gün mən "Heydər Əliyev vahiməsi" haqqında hissimi dəf etmiş oldum.

Heydər Əliyev mətbuatın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin əhəmiyyətini qəbul edən siyasətçi idi. O vaxt Prezident Aparatına, hava limanına, yerli və xarici səfərlərə dəvət edilirdik. Gecə-gündüz bilmədən bir tədbirdən digərinə qaçırdıq. Gecə saat 2-də hava limanında Heydər Əliyevdən açıqlama almaq üçün gözlədiyimiz vaxtlar olub. Maraqlı açıqlaması gecə yuxusuzluğumuzu, yorğunluğumuzu unutdururdu.

Təbii ki, qiyam və dövlət çevrilişi cəhdlərindən məharətlə qurtulmuş Heydər Əliyev jurnalistlərə münasibətdə "yuxa ürəkli" də deyildi.

Həbsdə yatan siyasi rəqibləri ilə bağlı suallar onu çilədən çıxarırdı. Xüsusi ilə Avropa Şurasının tələblərində olduğu kimi, jurnalistlərin suallarında da "siyasi məhbus" ifadəsini eşitmək istəmirdi.

Hava limanında keçirdiyi brifinqlərin birində mən Heydər Əliyevə beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbuslar" kimi azadlığı tələb olunan keçmiş baş nazir Surət Hüseynov və keçmiş daxili işlər naziri İsgəndər Həmidovla bağlı sual vermişdim. Sualdan hiddətlənib mənə sərt reaksiya verdi. Cavabın mahiyyəti bu idi ki, onlar cinayət törətdikləri zaman mən hələ çox uşaq idim. Amma bu fikirlər aşağılayıcı tərzdə idi. "Onlar cinayət törətdikləri zaman sən ananın şeyində, kalyaskasında idin", - prezidentin siyasi məhbuslarla bağlı sualıma cavabı belə olmuşdu. Etiraf edim ki, o vaxt bu təpkidən çox sarsılmışdım. Bir müddət bu sarsıntının təsiri məndən keçmədi.

Heydər Əliyev bu üslubda cavabı ilə digər jurnalistlərə də dərs vermiş oldu: bir daha heç kim "siyasi məhbuslar İsgəndər Həmidov və Sürət Hüseynovun taleyi" ilə bağlı suallarla ona müraciət etmədi.

Hər nə qədər jurnalistlərin suallarından qəzəblənsə də, bu cür suallara görə heç kimin akreditasiyası ləğv olunmamışdı. Bununla belə, prezident Heydər Əliyevin mətbuat katibliyinin jurnalistlərlə bağlı qırmızı çizgisi vardı: təhrif olunmuş məlumatın hazırlanması jurnalistin akreditasiyasının ləğvinə səbəb olur və heç bir halda güzəşt edilmirdi.

Belə bir hadisə olmuşdu: MDB-yə üzv ölkələrin səhiyyə nazirləri Heydər Əliyev tərəfindən qəbul olunacaqdı. Bu qəbul Təhlükəsizlik Şurası iclasının uzanması səbəbindən bir qədər gec başlamışdı. Yeni akreditasiya olunmuş jurnalistlərdən biri səhərisi gün səhiyyə nazirlərinin prezidentlə görüşündən hazırladığı reportajda, bu görüşlə Təhlükəsizlik Şurasının iclası arasında bir əlaqə olduğundan bəhs etmişdi.

Bundan sonra həmin jurnalistin akreditasiyasi ləğv edilmiş və sonralar çalışdığı digər qəzetlərdən də akreditasiya müraciətinə mənfi cavab verilmişdi.

2002-ci ilin yay aylarından birində prezident Heydər Əliyev Naxçıvana növbəti səfərini etmişdi. Görənlər bilir ki, Naxçıvanın yayı dəhşətli isti olur.

Heydər Əliyevin səfər proqramı son dərəcə sıx keçirdi: fasiləsiz olaraq bir görüşdən digərinə, az qala, qaçırdıq. Tədbirlərin demək olar ki, hamısı açıq havada keçirilirdi. Dəhşətli istidə belə bir ağır səfər proqramı ilə çalışmaq bizi əldən salmışdı. Hərbi hissədə keçirilən görüşün sonunda məlumat aldıq ki, Heydər Əliyevin səhhəti pisləşib.

Xəbəri ilk aldığımız zaman bu pisləşmənin irəli dərəcədə olduğunu zənn etmişdik. Çünkü düşündük ki, prezidentlə müqayisədə çox gənc olan biz jurnalistlər əldən düşmüşüksə, onun durumu daha pis olar.

Uzaqdan da olsa, prezidentin bu halını müşahidə edə bildik: hərbi qərargahdakı istirahət otağında dəmir yataqda oturaq, amma ayağını uzatmış vəziyyətdə idi. Bu halı çox uzun çəkmədi.

Peşəkar baxımdan jurnalistlərin gözünün önündə sensasiya sayıla biləcək xəbər var idi. Amma oradakı jurnalistlərlə bundan xəbər hazırlamamağı qərara aldıq. Çünki Heydər Əliyevin yaşı ilə müqayisədə belə bir nəticə cüzi sayıla biləcək durum idi. Hətta biz gənclərlə müqayisədə durumu daha yaxşı idi. Digər tərəfdən, onsuz da, fasilə çox uzun çəkmədi. Ən önəmlisi isə, o anda düşündük ki, sağlığını düşünmədən sıx qrafiklə çalışan prezidentin "səhhətinin pisləşdiyi" barədə hazırlayacağımız xəbər ajiotaj yaranmasına səbəb ola bilər.

Naxçıvan səfərlərində Heydər Əliyevi ancaq prezident kimi görmürdük. Burada o həm də özünü evində hiss edirdi. Məsələn, Gəncədə, Lənkəranda və digər bölgələrdə rəsmi çərçivədə davranırdı. Amma Naxçıvanda olarkən, anidən bizə yaxınlaşar, "necədir, Naxçıvan xoşunuza gəlirmi, yeriniz rahatdırmı" kimi suallarla ərkyana söhbətlər edərdi.

Təbii ki, bütün siyasətçilər kimi Heydər Əliyev də mübahisəli keyfiyyətlərə sahib idi. Amma danıla bilməz ki, Azərbaycan jurnalistikası 1993-2003-cü illərdə inkişaf və təcrübə yolu keçdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!