Həmin söyüş yazanlar bu gün köhnə başçının var-yoxuna... 

Həmin söyüş yazanlar bu gün köhnə başçının var-yoxuna... 

Yazar Veb saytların hazırlanması

25 May 2020 19:53 2636


Əvvəl çox yayğın idi, sosial şəbəkədə icra hakimiyyəti (bundan sonra - eləcə İH) başçılarının müdafiəçilərinin əlindən barələrində bir söz yazmaq olmurdu.

Çoxları onların adına ümumi şəkildə "trol" deyirdilər, amma onlar adi trolların üstündə bir bir şey idilər. Bu şəxslər İH başçıları üçün müdafiəçilik etmirdilər, eyni zamanda yarımmüdafiədə də oynayırdılar, bəzən hücuma da keçirdilər. Özü də bir zamanlar holland futbolçuların tətbiq etdiyi total futboldakı kimi. Yəni ellikcə müdafiəyə çəkilir, sonra ellikcə hücuma atılırdılar.

Məsələn, olurdu ki, özünü tənqidçi jurnalist sayan həmkar qardaşlardan (və ya bacılardan) biri N. saylı rayonunun başçısı haqqında güldən bir neçə ləçək ağırlıqda status yazırdı, tutaq ki, həmin rayonda abadlıq işlərinin lazımi səviyyədə görülmədiyini qeyd edirdi. Təxminən iki saat ərzində statusa 5-6 bəyənmə gəlir, 1-2 şərh yazılırdı. Amma qəfildən statusun altında tornado qopurdu, səmum yeli əsirdi, bir-birinin eyni olan şərhlər Banqladeş tərəflərdə yayğın olan musson yağışları kimi tökülürdü.

Biri yazırdı: "Siz hər şeyi qara görürsünüz, cənab başıçı rayona gələndən bəri çoxsaylı abadlıq işləri görülmüşdür. O rayon xalqının sevimlisidir. Biz hamımız cənab başçını dəstəkləyirik. Onun dövlətçiliyimizin möhkəmlənməsində xidmətlərini görməmək siyasi korluqdur".

Növbəti şərh belə olurdu: "Cənab başçının dövlətçiliyimizin möhkəmlənməsində xidmətlərini görməmək cahillikdir. Siz hər şeyi tünd rəngdə görürsünüz. Möhtərəm başçı rayona başçılıq etməyə başlayandan bəri rayon ərazisində çoxsaylı abadlıq işləri görülmüşdür. O rayon xalqının sevimlisidir. Biz hamımız cənab başçını dəstəkləyirik".

Təxminən 50 bu cür şərh yazılandan sonra "başçının tərəfdarları" yarımmüdafiəyə keçirdilər: "Siz bu cür yazılarla cənab başçının fəaliyyətiinə kölgə sala bilməyəcəksiniz. Biz bu yazıların kimlərin sifarişi ilə yazıldığını bilirik. Belə iftiralarla siz erməni dəyirmanına su tökürsünüz. Bu, dövlət rəhbərliyinin siyasətinə qarşı çıxmaqdır. Siz bu hərəkətlərinizə görə qanun qarşısında cavab verəcəksiniz".

Elə çıxırdı ki, rayonda abadlıq işlərinin lazımınca görülmədiyini qeyd etmək, təxminən Stalinin vaxtında kapitalist-burjua ölkələrini tərifləmək, vətənə xəyanət etmək kimi bir şeydir. Bu cür şərhlər də təxminən 25-30 dənə olurdu.

Daha sonra növbə forvardlara çatırdı. Onlar cənab başçını uzun-uzadı təriflmirdilər, topu birbaşa status yazanın "doqquzluğu"na qoyurdular: "A petux (qadındırsa, "a fahişə"), bizim başçının adını hallandırmaq sənə qalıb? Nə ...nün şporunadır, adə, sənin? Haralısan sən? Bu rayondansansa, haram olsun bu rayonun çörəyi-suyu sənə. Bir də belə statuslar yazsan, səni tapıb, bilirsən, neynəyəcəm. Duxun çatır, yerini de".

İlk bu cür şərhdən sonra içində "petux", "fahişə", "atasından bixəbər", "oğraş", "dəyyus", "cındır", "mundar" və s. Kimi leksikonumuzun "inciləri" yer alan şərhlər 20-ni aşanda status yiyəsi məcbur olurdu ki, yazdığını pozsun, canını qarğa-quzğun, göreşən-giena sürüsündən xilas eləsin.

Bəzi sital və inadkar həmkarlarımız bu qədər söyüldüklərinə, türkün sözü, aldırış etmir, araşdırmalarını davam etdirirdilər, məlum olurdu ki, şərh yazanların hamısı həmin rayondakı büdcə təşkilatlarında çalışanlardır və kimsə bunlara hazır mətnləri atıb, hücum əmri verib ki, döyüş nöqtələri susdurulsun.

Bir müddət belə getdi. Sonra elə ki, cənab başçıların, "dövlətçilik üçün can qoyan möhtərəm rəhbərlər"in işdən çıxarılması, tutulması kampaniyası başlandı, sanasan, qurbağa gölün F-1 qumbarası atdılar. Dünənəcən tənqidi status yazanların var-yoxuna söyənlərin, adamları "haqq-hesab çürütməyə" çağıranların səsi çıxmadı. Əlbəttə, onlar söyüş yazdıqları vaxtlarda olduğu kimi qeyrətli olsalar, "qaramaskalı oğlan"ın qabağına çıxar, deyərdilər, başçımıza iftira atırsınız, onu sizə verməyəcəyik.

Əmin edirəm ki, bu gün həmin şəxsləri tapıb danışdırsalar, hamısı köhnə başçının var-yoxuna söyər, vaxtilə yazılmış şərhlərdən xəbərsiz olduqlarını deyər, profillərinin İH aparatından idarə olunduğunu bildirərlər. İnanmayan, sınasın, görsün, ortaya nə sifətlər çıxır.

Amma heç kəs hesab etməsin ki, "başçının müdafiəçiləri" institutu ləğv olunub və ya buraxılıb. Xeyr. Sadəcə, köhnə başçılarla bağlı qeyri-müəyyənlik var. "Müdafiəçilər" hələ bilmirlər ki, "qaramaskalı oğlan" onların rayonunun alaqapısından içəri keçəcək, ya yox. Yəqinlik hasil olan kimi başlayacaqlar.

Budur, təzə İH başçılarının yaxın 1 ildə işdən qovulmaq, tutulmaq ehtimalı yoxdur deyə, onların müdafiəçiləri çoxdur və gözəl də işləyirlər.

Samir Sarı

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!