Ötən gün Hövsan yolu istiqamətində baş verən avtobus qəzasına səbəblərdən biri kimi həmin yolda işıq dirəkləri olsa da, dirəklərə elektrik enerjisinin verilməməsi göstərilir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, yolun qaranlıq olması səbəbindən hər ay bu yolda ölümlə və xəsarətlə nəticələnən ağır qəzalar baş verir.
Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Sabah”a açıqlamasında bildirib ki, sözügedən yolda təmir işləri hələ yekunlaşmayıb, müvəqqəti olaraq dayandırılıb. pizza
“Həmin yolun təmiri daxili investisiya hesabına maliyələşən layihədir. İnvestisiya ayrılacağı təqdirdə yenidən işlərin başlanılması nəzərdə tutulub. O ki, qaldı yolun qaranlıq olmasına, yolun əvvəlki vəziyyəti də qaranlıq olub, hal-hazırda yenidən qurulan yolda işıq dirəkləri quraşdırılıb. İşıq verilməsi problemi də tezliklə aradan qaldırılacaq”.
Anar Nəcəfli qeyd edib ki, bu problemin olması sürücüləri arxayınlaşdırmamalıdır:
“Bu o demək deyil ki, sürücülərimiz nəyəsə arxayın olub idarəetməni itirməlidir. Avtomobil hava şəraitinə uyğun olaraq idarə olunmalıdır və təbii ki, sürət həddi aşılmamalıdır. Bakıda bu problemi yaşayan çox yollar var, respublika əhəmiyyətli yollar var ki, orda ümumiyyətlə, işıq dirəkləri yoxdur. Bu məsələdə yolun təmirinin və işıq dirəklərinin qəza ilə bağlılığı yoxdur. Sürücülər maksimum diqqətli olmalıdırlar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız