“Hüseyn Həsənov kimdir ki, ətrafında bu qədər izdiham olsun?!“  - Xalq yazıçısı

“Hüseyn Həsənov kimdir ki, ətrafında bu qədər izdiham olsun?!“ - Xalq yazıçısı

Yazar Veb saytların hazırlanması

18 Aprel 2022 14:59 14921


Xəbər verdiyimiz kimi, Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb.

Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə qeyd edib ki, gəncləri düzgün yola yönəltmək lazımdır:

“Mən artıq gənc deyiləm, amma indiki gənclik barədə deyə bilərəm ki, onlar üçün şərait yaratmaq lazımdır. Bilirsiniz, reklamdan da çox şey asılıdır. Gəncləri yönəltmək lazımdır. Dünənki izdihamı sosial şəbəkələrdən izlədim, dəhşət idi. İzdihamda ayaq altında qalanlar oldu. Belə ajiotaj yaratmaq, fikrimcə, düzgün deyil. Bu da yaşlı nəsildən asılıdır. Biz gəncləri düz yola yönəltməliyik. Şəxsən mən Hüseyn Həsənovu tanımıram, nəyə əsasən onun ətrafında bu qədər izdiham olmalıdır? Nə edib ki?!”

Yazıçı blogerin ətrafında bu qədər izhihama gərək olmadığını bildirib:

“Mən xatırlayıram, o vaxt məşhur “Beatles” qrupu var idi, onların konsertlərində də buna bənzər ajiotaj olurdu, hətta bəzən gənclərin arasında ürəyi gedən də olurdu. Bu cür sevgi var idi, amma bu ajiotaj blogerin görüşündə niyə yaranır?

Bunu təşkil edənlər gərək əvvəlcədən nəzərə alardılar ki, bu cür izdiham yaşanmasın. Dəhşət idi. Neçə min adam yığılıb. Qışqırırlar, bağırırlar... Hüseyndən nə istəyirdilər? Hüseyn onlara fokus göstərəcəkdi yaxud ağıllı bir söz deyəcəkdi?! Əgər istedadlı bloggerdisə, səhifəsində hər şeyi yazar, onunla xüsusi görüşə nə ehtiyac var? Düşünürəm ki, gənclərlə işləmək lazımdır. Bəlkə, onlara əylənmək üçün yerlər lazımdır, bu cür əlavə yerlər təşkil olunmalıdır? Heç bir insan üçün, nə qədər məşhur olursa, olsun, o cür ajiotaja gərək yoxdur.  Bu gün sosial şəbəkələr var, kiməsə baxmaq istəyirsinizsə, oturun oradan baxın, görün nə çıxış edir. Dünənki görüş acınacaqlı faktdır. Gərək belə olmayaydı...”

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!