Dünən bu videonu göndərdilər mənə. İlk dəfəydi özümdə belə bir halla rastlaşırdım. İçimdən eşidilən hönkürtüyə diksindim. Bilmədim o hönkürtü uşaq səsiydi, yoxsa böyük. Elə bil o səs qeybdən dolmuşdu içimə...
Atam uzun müddət müəllim işləyib. Tanıyanlar bilir onun ciddiliyini. Həm peşəsində, həm də xarakterində. Məktəbdə necə idisə, elə evdə də o cür idi. Az qala evdə də ona ata yox, müəllim deyək. Evə girəndə anamqarışıq hamımız cəld ayağa qalxardıq, o, oturandan sonra oturardıq. Məktəbdən evə gələn ciddilik evdən də bağımıza keçmişdi.
Vallah, mənə həmişə elə gəlirdi ki, atam bağa girəndə ağaclar da ayağa qalxıb, öz cərgələrində şux dayanırlar. Bağda elə bir səliqə-səhman yaratmışdı ki, az qala ağaclar yerə toxum salıb artmağa ehtiyyat etsinlər. Bağımız iki hissəyə bölünmüşdü. Aralarından Bərgüşadın bir qolu keçirdi. Adına arx desək də, enli, bol sulu kanal idi. Arxın altındakına alt bağ deyərdik, üstündəkinə isə üst bağ. Beton körpü onları birləşdirərdi. Anam o körpünün üstündə xalça, palaz yuyardı. Biz də oturb ayaqlarımızı suya salardıq. Pepperoni pizza
Alt bağ yay meyvələrinə aid idi, həm də hər kəsin bağında olmayan. Atam ağacların çoxunu başqa ölkələrdən gətizdirərdi. Məsələn, yadımdadır Krımdan qoz gətirib əkmişdi. Qeyri-adı qoz idi. Gərək ehtiyyatla dərəsən, qabığı o qədər nazik idi ki, yerə düşəndə sınıb dağılırdı. Əncir şaftalı vardı, qışda atam onu selofana bükərdi. Çox dadlı və ətirli olurdu. Həm də qeyri-adi forması vardı. Bir də yapon gavalısı vardı, ətri uzaqdan vurardı adamı. Yadımdadır, qızlar gəlib dərib, dolablarına qoyardılar. Nə isə, saydıqca saymaq olar. Çox vaxt da calaq edərdi. Necə etdiyini yadımda saxlayıb, atamdan sonra düşərdim bağın canına. Qara tutu ağ tuta, alçanı göyəmə, göyəmi gavalıya, aləmi qatırdım bir-birinə. Hamısı da tuturdu. Elə bil calaqlar uşaq olduğuma görə xətrimə dəymirdilər, tuturdular. Elə ki, yarpaqlayıb, pöhrələnirdi, onda atam başa düşürdü. Bilirdi mənim işimdir. Çünki qardaşlarımda elə işlərə nə həvəs vardı, nə də fərasət. “Gör tülküsifət qız bağı nə günə qoyub” deyinərdi.
Üst bağda isə payız meyvələri idi. Bir dəfə atam Naxçıvandan üç ədəd qoz tingi gətirmişdi. İkisini əkdi, birinə isə bağın nizamını pozmamaq üçün yer təyin edə bilmirdi. Üst bağın çıxışı bir-neçə evə gedən torpaq yola idi. Yadımdadır, anam dedi ki, gəl bunu da bağın çıxışında ək ki, gələcəkdə yoldan gəlib keçənlər də dərə bilsinlər, qoy uşaqlar nə qədər istəyir səlbələsinlər. Bu söz atamın ağlına batmışdı. Düz bağın çıxış qapısının yanında əkdi. Bir anlıq uşaqların bizim ağacı səlbələməkləri gəldi durdu gözümün önündə, az qaldı ürəyim partlasın.
Necə yəni, kimin hünəri var bizim ağaca daş atmağa? Uşaqları bir-bir ağlımdan keçirdəndə, istəyirdim gedəm onlarla savaşam. Hələ gedib hamısına da tapşırmışdım ki, ağacımız böyüyüb bar verəndə ona daş atmayın. Ting böyüyüb ağac olduqca, mən də böyüyürdüm. Daş atan uşaqlara olan kinim də öləziyirdi. Qubadlıdan çıxanda ağacımız ilk barımı vermişdi. Saymışdım, cəmi səkkiz ədəd idi. Məktəbə aparacaqdım, tənəffüsdə uşaqlarla sındırıb yeyəcəkdik.
Halal-xoşunuz olsun, uşaqlar!
İlhamə NASİR
Telegram kanalımız