“Azərbaycan demokratik baxımdan dinamik ölkədir. Cəmiyyətdə intensiv şəkildə evliliklər müşahidə olunur. Yəni evliliklərin sayında ilbəil azalma dinamikası olmur. Təbii ki, evlilik sayı normaldırsa, nəticə etibarilə boşanma sayı da çox olacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Cavid İmamoğlu deyib. Onun sözlərinə görə, boşanmalara görə narahat olmamalıyıq:
“O cəmiyyətlərdə boşanma olmaz ki, orada nikah yoxdur. Cəmiyyət olaraq hər hansısa formada boşanmalara görə narahat olmamalıyıq. Nikaha xitam verilməyin ən mədəni, etik və sivil qaydası boşanmadır. Ailə daxilində zorakılıq, narazılıq, problem varsa, ən yaxşı forması boşanmaqdır. Yaxşı ki, insanlar sivil qaydada boşanmaya üstünlük verirlər, nəinki, əvvəlki kimi bir-birini vurub öldürmək, xəsarət yetirmək yolu ilə ayrılma. Bu gün boşanmaların sayına görə narahat oluruqsa, ilk növbədə başa düşməliyik ki, əslində nikahların sayının çox olması boşanmaların artmasına dəlalət edir. pizza hut
Bu gün Azərbaycan ailələri, xüsusilə kövrək ailələrdə bəzən iqtisadi, psixoloji, bəzən isə sosial problemlərə görə boşanma təhlükələri yaranır. Ailə özü bu problemləri həll edə bilmir. Daxildəki intriqa və ya problem böyüyür və arzuolunmaz boşanmalar baş verir. Buna görə narahat olmağa dəyər.Bu yaxınlarda “Mediasiya” haqqında qanun da qəbul olundu. Orada yalnız iqtisadi problemlər deyil, evliliklə bağlı mediator xidmətindən faydalanmaq təklif olunur. Mediatorlar xüsusi bacarığı olan sosial işçilərdir. Onlar boşanmaq üçün müraciət edən ailələrlə sosial iş prosesini aparırlar. Ehtiyac olarsa psixoloji dəstək, lazım olarsa hüquqi maarifləndirməni təmin edirlər. Boşanma səbəbləri aradan qaldırıla biləndirsə həll olunur”.
Sosioloqun sözlərinə görə, bu gün Azərbaycanda, ümumiyyətlə dünyada qadınlara qarşı şiddət var:
“Xüsusilə, qadınlar ailədaxili şiddətdən kənar deyil. Əgər Azərbaycan ailəsində qadına qarşı şiddət varsa, qadın ailədə yaşamağa davam edirsə, bu artıq qadına qarşı təhqirdir. Boşanma şiddətə məruz qalan qadınların haqqıdır. Amma hər xırda səbəblərdən, reabilitasiya oluna biləcək, vaxtında qarşısı alına bilən tədbirlər görülmədən baş verən boşanma doğrudan da qəbuledilməzdir. Bu, Azərbaycanın gələcəyinə bir zərbə kimi də qəbul oluna bilər. Çünki tək valideynlərlə böyüyən uşaqlar sarsıntılar keçirirlər, bu prosesdə onlar böyük travmalar alırlar. Ona görə də indiki halda boşanmadan danışarkən ona görə ehtiyatlı oluruq ki, boşanmanı qınağa çevirməyək. Boşanma ictimai qınaq mövzusu deyil. Boşanma qanunvericiliyin hər bir vətəndaşa tanıdığı haqdır. Əgər bu gün boşanmanı qınasaq, 20-30 il əvvəl olduğu kimi qadınlar ailədaxilində şiddətə dözüb, boşanmağa üstünlük verməyəcəklər. Əgər kişi və qadın arasında sevgi problemi varsa, bir-birlərini sevmirlərsə, boşanıb həyatlarını davam etsinlər. Mətbuatda belə xəyanət xəbərləri nə qədər şişirdilir. Vəziyyət xəyanət həddinə çatmasın deyə, vaxtında sevgisizlikdən əziyyət çəkən ailələr, uğursuz evlilik olduğunu düşünənlər müraciət edib boşana bilərlər. Boşanmaların artması ictimai qınağın artması ilə müşahidə olunmamalıdır”.
C.İmamoğlu bildirib ki, insan başa düşməlidir ki, dövlət nikahından çıxmaq, həm də dini kəbindən çıxmaqla müşahidə olunur:
“Boşanmadan sonra zorakılıqlar əksər hallarda nikaha girəndə necə ki, rasional, məntiqli, ağıl əsasında olmur, sadəcə adət-ənənə kimi baxırlar nikahdan çıxmaq da eynilə daha çox adət-ənənə fonunda, xüsusilə də intriqaların böyüməsi ilə nəticələnir. İnsan başa düşməlidir ki, dövlət nikahından çıxmaq həm də dini kəbindən çıxmaqla müşahidə olunur. Bu o deməkdir ki, qarşı tərəflərin bir-biri qarşısında övladdan başqa xüsusi bir öhdəlikləri yoxdur. Amma təəssüflər olsun ki, bizdə bir çox hallarda məhkəmə çəkişmələri göstərir ki, nikaha son vermək intriqaya son verilməsi ilə nəticələnmir. Bu özü də bir problemdir. Bir çox hallarda uşaqların atasız qalmasına,ananın övladları görmə hüququndan məhrum edilməsinə gətirib çıxarır. Bu, şəxslərin daxili eqosu, özlərinin intriqası əsasında baş verir. Məsələnin bu tərəfi daha acınacaqlı və müzakirə olunmalıdır, nəinki boşanmalar”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8237 nikah və 2718 boşanma halları qeydə alınıb. Bununla əhalinin hər 1000 nəfərinə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Əsmər Qabil
Telegram kanalımız