Bu gün Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər.
Dövlət başçısı tədbirdə nitq söyləyib.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Daha sonra Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Qarabağ qazisi Kamil Musəvi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Human Foundation”un təsisçisi Fəridə Əsgərzadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tələbə gənclər təşkilatının sədri Ayxan Hüseynli, Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının tələbəsi Ülkər Əsədova, şəhid polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu, “ASAN” könüllüsü Emilya Bayramova çıxış ediblər.
Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirilib.
Telegram kanalımız