Xristian yazıçı Corc Cordaqın “İmam Əli” əsərini oxuyuram. Oxuduqca Əlinin yaşam tərzi insanda heyrət doğurmaya bilmir. İndiki sosial şərtlər, mühit, davranış qaydaları, həyatda qalmaq çabalarını göz önünə gətirəndə bu təkrarolunmaz şəxsin həyat fəlsəfəsini anlamaqda, təsəvvürdə canlandırmaqda adam çətinlik çəkir. Hər şeyi bir kənara qoyaq, sadəcə saf qalmaq çox çətindir. İndi insan şəxsiyyəti üçün ləkə rəngarənglik kimi qəbul olunur. Özünü bataqlıqdan qorumaq böyük cəsarət tələb edir. Bu gün zahidlərin deyil, saxta imamların dövrüdür.
Xeyli vaxtdır ki, mediada özünü “İmam Mehdi” kimi təqdim etdiyi bildirilən Aqil Babayevin cinayət işi, məhkəmə prosesi ilə bağlı məlumatlar yayılır. O qədər gülünc, o qədər inanılması mümkün olmayan şahid ifadələri səslənir ki, mat qalmaya bilmirsən. Bəri başdan qeyd edim ki, prosesi izləyəndə bu qalmaqallı hadisənin hansısa ssenari ilə teatr tamaşası olmağı təəssüratı yaranır.
Aqil Babayevlə bağlı məsələləri başa düşdük: Adam özünü “İmam Mehdi” kimi təqdim edib və bu yolla özünə var-dövlət yığıb. Mirzə Cəlilin “Şeyx Nəsrullah”ı kimi. Görür ki, meydan var, şərait var, bazar var və alıcı da “N” qədər. Biznesini qurur. Orta əsr Avropa rahibləri kimi başlayır cənnətə giriş bileti satmağa. Hətta zərərçəkənlərin biri iddia edir ki, cənnətdə yer almaq üçün Aqil Babayevə 420 min manat verib. Beyin error verir, eyni zamanda bu iddiaya sadəcə inanmır. Sezar pizza
Hər kəs etiraf edər ki, bu zamanda 420 min manatı qazana bilən adam avam deyil. O, yumurtadan yun qırxmağı bacarır. Pul, maliyyə məsələlərində maksimum çoxbilmişdir. Realistdir. Onda gözdən tük çəkmək bacarığı var. İndi sual edirəm, bu qədər keyfiyyətlərə mail olan adamı aldatmaq olarmı? Mən sadəcə sual edirəm...
Aqil Babayevi tamamilə bir kənara qoyuram. Tutaq ki, o, Şeyx Nəsrullahdır. Şeyx Nəsrullah avam kənd camaatı aldadırdı. Amma Aqil Babayevin qurbanlarının heç biri axı avam adama oxşamır. Yox, əgər hər şey iddialarda səsləndirilən kimidirsə, o zaman həqiqətən də deməyə söz yoxdur. Burada heç heyrət də işə yaramır. Adam sadəcə boşluğa düşür. Onu deməkdən özünü saxlaya bilmirsən ki, deməli, Azərbaycan reallıqlarında bütün problemləri rüşvət hesabına həll edən bu imkanlı adamlar o dünyada da rüşvət hesabına özləri üçün gün ağlamağa çalışıblar. “İmam”ın maklerliyi ilə Allaha rüşvət veriblər. “İmam”a da nə lazımdır: yol ki, yolasan...
Bu prosesin arxasında çoxlu sayda gizli mətləblərin dayandığı ehtimal olunur. Bəlkə də elə məsələlər var ki, bu ssenariyə Dostoyevskinin təxəyyülü də mat qalardı.
Kimsə cənnətdə yer almaq üçün kiməsə pul verirsə, mən sadəcə onun ağlına şübhə edirəm.
Və sonda bir sual mənə maraqlıdır: Bu adamlar cəhənnəmə düşəcəklərindən niyə bu qədər əmin imişlər ki, cənnət üçün bu qədər rüşvət veriblər?
Elnur Məmmədli
Telegram kanalımız