Dünən Cəbrayıl elində toy vardı. Üç yüzdən çox insan Cəfər müəllimin və Sabir müəllimin sevincinə şərik olmağa gəlmişdi. Azərbaycanın ən məşhur kəndlərindən olan qədim Soltanlının iki gül balası - Samir bəy və Aynurə xanım nikaha girdi. Odlar yurdunda daha bir xoşbəxt ailənin təməli qoyuldu.
Yarıyanlardan olsunlar!
Ağsaqqallar xeyir - dua verdilər, ağbirçəklər arzularını, diləklərini çatdırdılar. Mən də çıxış etdim, gənclərə xoşbəxtlik dilədim... pizza hut
Bu toy o toylardan deyildi.
Bilirsiniz, hansı toyları deyirəm?
Uzun illər yurd həsrəti, torpaq niskili ilə qovrulan insanlar bilir. Bilməyənlər üçün yazıram: Qarabağ işğal altında olanda, Cəbrayıl Allahın əsir mələyinə çevriləndə toylarda doyunca şadlana, şənlənə bilmirdik. Gözümüzün biri gülürdü, biri ağlayırdı. Hamımız tutuquşu kimi eyni sözləri təkrarlayırdıq: "İnşallah, gələn il toylarımız Cəbrayılda olacaq".
Dediklərimizə çox vaxt özümüz də inanmırdıq...
1993-cü ilin 31 dekabrı köçkün kimi keçirdiyimiz ilk Yeni il bayramı idi. Cəbrayıldan gətirdiyimiz boğçaların çoxu açılmamışdı. Ağır və məşəqqətli köçkün həyatının ən azı bir qərinə davam edəcəyini bilmirdik. Odur ki, ürəkliydik. Kasıb süfrəmizin ətrafında cəm olanda hamılıqla eyni sözü dedik: "İnşallah, növbəti Yeni ili Cəbrayılda qarşılayacağıq".
Aradan üç ay ötdü. Novruz gələndə səməni cücərtdik. Bayram axşamı niyyət tutduq, qulaq falına çıxdıq. Arası cəmi iki-üç addım olan köhnə yataqxananın rütubətli, darısqal otaqlarının yeni sakinləri Qarabağda tonqal qalamalarından, plov dəmləyib şəkərbura bişirmələrindən danışırdılar. Bunu xeyirliyə yozduq: "İnşallah, gələn il Novruz bayramını Cəbrayılda qarşılayacağıq".
İllər quş kimi qanad açıb uçdu, zaman su kimi axıb keçdi. 1993 bir göz qırpımında 2003 oldu. Amma yenə Qarabağın adı dilimizdən düşmədi, doğma yurda qayıdacağımıza bəslədiyimiz inam zərrə qədər azalmadı. Aradan daha 10 il keçdi, Qarabağın azman kişiləri "kənd, torpaq" deyə-deyə dünyadan köçdü. Dərdimiz köhnəlir, yaramız qaysaq bağlayırdı. İndi toylarda qol qaldırıb oynayır, daha uca səslə danışırdıq. Həmişə də eyni sözləri deyirdik: "İnşallah, gələn il toylarımız Cəbrayılda olacaq".
İnanın mənə, həmişə bu sözləri deyəndə utanırdıq. Adam eyni sözləri neçə gün, neçə həftə, neçə ay, neçə il deyər?!
...Dünən Cəbrayıl elində toy vardı. Dünən yenə gənc ailəyə xeyir-dua verdim. Dünən yenə eyni sözləri dedim: "İnşallah, növbəti toylarımız Cəbrayılda olacaq".
Amma bu dəfə utanmadım. Çünki Qarabağ işğaldan azad olunub. İndi Cəbrayıl Allahın əsir mələyi deyil. İndi məclisin səbəbkarlarının - Samirlə Aynurənin ata yurdu Soltanlıda quruculuq-abadlıq işləri aparılır.
Ötən il noyabr ayının 26-da Soltanlı kəndinin təməlqoyma mərasimində iştirak edən həmkəndlimin sözləridir: "Hamının üzündən xoşbəxtlik yağırdı. Mərasimdə Azərbaycan hökumətini təmsil edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sevincdən gözləri parıldayırdı. Sahil müəllim macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə təməl atanda o qədər sevinirdi ki, sanki bu ev onun özü, övladları üçün tikilir".
Biz işğalın ağrı-acısını birlikdə yaşadıq. İndi isə sevinci bölüşmək zamanıdır. Bir şad xəbər də mən verim: "Gələn il Soltanlıda toy olacaq".
İndidən dəvətlisiniz...
Seymur VERDİZADƏ
Telegram kanalımız