“İndi referenduma getmək və Naxçıvanın statusunu dəyişmək düz deyil” - Hüquqşünas

saytların hazırlanması

Evə çatdırılma

“İndi referenduma getmək və Naxçıvanın statusunu dəyişmək düz deyil” - Hüquqşünas

Siyasət

02 Dekabr 2022 13:10 1382


Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Sabah”a müsahibəsi:

- Cəmiyyətdə və mətbuatda belə bir informasiya var ki, Naxçıvanın muxtar respublika statusu ləğv oluna bilər. Bunun hüququ tərəflərini şərh edə bilərsiniz?

- Naxçıvanın muxtar statusu 2 amillə şərtlənir: birincisi, 1920-ci ildə bağlanmış Moskva müqaviləsi, ikincisi isə Qars müqaviləsidir. Bu müqavilə Azərbaycan-Ermənistan-Gürcüstan-Türkiyə-Rusiya arasında bağlanmış bir müqavilədir. Həmin müqavilədə ayrıca bir müddəa var ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar ərazi statusunda qalır və Azərbaycan onu heç bir halda başqa dövlətə verə bilməyəcək. Çünki o dövr üçün ermənilər Naxçıvana iddia edirdilər, ona görə də həmin müddəa oraya daxil edildi. Sezar pizza

Bir tərəfdən də bu, beynəlxalq hüquqi müqavilələrlə müəyyən olunur. Cüzi şərait dəyişsə də, həmin müqavilələr rəsmən qüvvədən düşməyib. Digəri isə budur ki, Azərbaycan Konstitusiyasında həmin dövrdən başlayaraq Naxçıvan Muxtar Respublikasının statusu haqqında ayrıca maddələr olub. İndiki Konstitusiyada da həmin maddələr var.

Amma mən hesab edirəm ki, beynəlxalq müqavilələrə bağlı məsələ dəqiqləşdirilməlidir. Əslində, biz bu sahədə daha çox Türkiyə ilə məsləhətləşmələr aparaq bilərik. Azərbaycan Konstitusiyasının qaydası da bundan ibarətdir ki, Konstitusiya referendum yolu ilə qəbul olunur və Azərbaycan ərazisində ən yüksək hüquqi qüvvəyə malikdir. 

Azərbaycanın bütün beynəlxalq müqavilələri də Azərbaycan Konstitusiyasına uyğun olmalıdır. Uyğun olmasa, həmin müqavilələrə Azərbaycan ərazisində qüvvədə ola bilməz. Bu baxımdan, Azərbaycanda referendum keçirmək yolu ilə Naxçıvanın status məsələsinə baxmaq olar. 

Amma hesab edirəm ki, indiki şəraitdə bu məsələyə yanaşmaq olar. Çünki bir tərəfdən, ermənilərin status tələbini nəzərə alaraq, Azərbaycanda xüsusi statusa malik bir ərazinin olmadığını göstərmək üçün bu, edilə bilər. Digər bir yandan isə hələ ki Naxçıvan anklav vəziyyətdədir və oraya gediş-gəliş üçün Zəngəzur dəhlizi açılsa, oradan olacaq, ya da İran ərazisindən mümkündür. 

Bu baxımdan, Azərbaycanın bir ərazisinin hələ ki başqa dövlətlərin əhatəsində olmasına, habelə onunla birbaşa əlaqəsinin olmamasına görə, hesab edirəm ki, statusun götürülməsi indiki halda bir qədər məqsədəuyğun deyil.

- Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Naxçıvan isə muxtar dövlət. Bu ziddiyyətləri necə qəbul edirsiniz?

- Təbii ki, muxtar dövlət anlayışı bir o qədər də uyğun olmayan bir variantdır. Əvvəlki Konstitusiyalarda muxtar respublika anlayışından istifadə olunurdu. Muxtar respublika isə o dövrdə müstəqil dövlət statusuna malik olmayan bir anlayış idi. Təbii ki, 1995-ci ildə Konstitusiya qəbul olunanda “muxtar dövlət” ifadəsi oraya daxil edilib. Fikrimcə, bu, həmin dövrdə olan yanlışlıqlardan qaynaqlanır. 

Lakin dünya miqyasında da unitar dövlətlərin tərkibində muxtar qurumların olması tamamilə mümkün olan hal kimi qiymətləndirilir. Dünya təcrübəsində belə bir təcrübə var.

Son dövrlərdə isə elmi ədəbiyyatda buna regional dövlətlər deyirlər. Məsələn, İspaniya, o cümlədən İtaliya və s. Yəni unitar dövlətin ərazisində müəyyən dövlət əlamətlərinə malik olan qurumların olması mümkün bir hadisədir. Amma düşünürəm ki, bütün hallarda “muxtar dövlət” anlayışı bir o qədər də uyğun olmayan variantdır. Çünki dövlətlə muxtar dövlət anlayışları bir-birini istisna edir.

- Belə bir fikirlər də səslənir ki, muxtar respublika statusunun ləğv olunması avtomatik olaraq Qars müqaviləsinin qüvvədən düşməsi anlamına gəlir. Bu, nə dərəcədə realdır?

- Mən qeyd etdim ki, Azərbaycan ərazisində referendum yoluyla qəbul olunmuş qərarlar, o cümlədən Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Eyni zamanda beynəlxalq müqavilələr də Konstitusiyaya uyğun olmalıdır. 

Bu baxımdan, hesab edirəm ki, əgər gələcəkdə Konstitusiya dəyişilərsə, eləcə də muxtar respublika ləğv olunarsa, yaxud başqa status müəyyənləşdirilərsə, onda Qars və Moskva müqaviləsi Azərbaycan üçün birtərəfli qaydada qüvvədən düşmüş hesab olunur. 

Amma mənə elə gəlir ki, indiki zamanda referenduma getmək və ərazini dəyişmək düz deyil. Lakin Konstitusiyada “muxtar dövlət” anlayışını azaldıb, “muxtar vilayət” kimi müəyyənləşdirmək, yaxud idarə sisteminə baxmaq olar, idarədə qanunvericiliyin olub-olmaması nə dərəcədə məqsədəuyğundur, yaxud Azərbaycanda qanunvericilik və icraedici sistemin vahidliyi nə qədər vacibdir, eləcə də Ali Məclisin, Nazirlər Kabinetinin, digər nazirliklərin orada saxlanması düzgündür, düzgün deyil və s. Mənə elə gəlir ki, bu barədəki fikir mübadilələri daha düzgün variant ola bilər.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!