Tovuz döyüşlərinə əsasən, deyə bilərik ki, ordu cəbhədəki düşməni tez bir zamanda dəf etməyi bacarsa da, informasiya müharibəsində hücumların qarşısını almaq elə də asan olmur. Çünki görünən odur ki, düşmən informasiya təxribatına yaxşı hazırlaşıb.
Belə ki, onlar Azərbaycan dilində səhifələr, saxta profillər, eyni zamanda 3-cü ölkədə yaşayan ələ alınmış bloqer və jurnalistlər vasitəsilə yalan xəbərlər dövriyyəyə buraxırlar. Maraqlıdır, düşmən ölkəyə xidmət edən jurnalistlər, bloger və eləcə də saxta sosial şəbəkə hesablarının ifşa olunması, əsassız xəbərlərin anında təkzib edilməsi üçün hansı addımları atmaq olar? Eyni zamanda informasiya cəbhəsində hücum mövqeyinə necə sahib olmaq olar?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, informasiya müharibəsinin sərhədləri bilinmir, buradakı düşmən görünmür. Ona görə də bu sahə spesifik hazırlıq tələb edir: Dördpendirli pizza
“Burada düşmənin yeri, mövqeyi, haradan atəş açacağı görünmür. Məncə, bu sahədə düşmən tərəfin üstünlüyü müvəqqətidir. Azərbaycan da onların informasiya qatlarına zərbələr endirərək onları ifşa edir, bunlar yaxşı addımlardır. Lakin biz daha güclü olmaq üçün ordu hazırladığımız kimi, informasiya savaşını apara bilən mütəxəssislər də hazırlamalıyıq. Bu işlə peşəkarlar məşğul olmalıdır. Xüsusi təlimlər keçmiş səriştəli insanlar işə əl atmalıdır ki, hücum mövqeyində dayanmaq mümkün olsun. İnformasiya müharibəsi aparmağın özünün xüsusiyyətləri var, bu, kibermüharibədir və çox ciddi bir şəkildə gedir. Bunun kontenti dəyişəndə, taktika da dəyişir. Ona görə də ilk növbədə yaxşı mütəxəssislərə ehtiyacımız var. Bir şeyi də qeyd edim ki, bu vəzifəni tək jurnalistlərin üzərinə yükləmək yanlış olar”.
Professor vurğulayıb, sözügedən məsələdə hər bir sosial şəbəkə istifadəçisi həssas olmalıdır ki, gərəksiz məlumatlar yayılmasın: “Bunun üçün əsas məsələlərdən biri əhali arasında maarifçilik işinin gücləndirilməsidir. Yəni orta məktəbdən başlayaraq insanlarımızın media bilgiləri olmalıdır. O cümlədən yanlış məlumatları aşkar edən teknologiyalar hazırlanmalıdır. Biz məlumatın hansı mənbədən yayıldığını, onun fakta əsaslanıb-əsaslanmadığını bilməliyik. Bunların hamısı spesifik yanaşma tələb edir. İnanıram ki, Müdafiə Nazirliyi, bu məsələyə aidiyyəti olan digər qurumlarımız tezliklə bu sahəyə lazımi üstünlüyü verəcəklər”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız