İran Azərbaycanla nə etmək istəyir? – Gecə Bakıya edilən zəngin pərdəarxası

İran Azərbaycanla nə etmək istəyir? – Gecə Bakıya edilən zəngin pərdəarxası

Siyasət Veb saytların hazırlanması

09 İyun 2023 12:12 11453


“İranla Azərbaycan arasındakı münasibətlərin vəziyyətini qiymətləndirmək üçün bir neçə məsələni nəzərə almaq lazımdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.

O, ötən gün Azərbaycan və İran XİN rəhbərləri Ceyhun Bayramovla Hüseyn Əmir-Abdullahian arasındakı telefon danışığına, habelə hazırda tərəflər arasında münasibətlərin gərginliyinin səbəblərinə toxunub. 

S.Əkbər iddia edib ki, İranda paralel dövlət var: 

“Yəni gerçək hakimiyyət “Vilayəti-Fəqih” institutudur ki, onun da başında hazırda Ayətulla Seyid Əli Xamenei dayanır. Xameneidən aşağı isə ikili dövlət strukturlarıdır. İran Xarici İşlər Nazirliyinin prezidentlə birlikdə apardığı siyasət hələ o demək deyil ki, bu, İranın gerçək dövlət mövqeyidir. İranın gerçək mövqeyi Xameneinin müəyyən etdiyi xətdir. Əgər Xameneinin özü, xarici siyasət məsələləri üzrə müşaviri və yaxud sözçüsü hər hansı bir açıqlama verərsə, artıq bunu İranın gerçək mövqeyi kimi qəbul etmək lazımdır. Qısası, İranın prezidenti, xarici işlər naziri, ancaq hökumətin mövqeyini bildirir”. 

Müsahibimiz diqqəti ona yönəldib ki, İran Azərbaycana qarşı kəşfiyyat aparır:

“Onlar gərginliyi artırır, Azərbaycan və onun müttəfiqi olan Türkiyənin, eyni zamanda digər tərəfdaşlarımızın necə reaksiya verəcəyini yoxlayır, sonra bunu qiymətləndirir, yaranmış vəziyyətin öz xeyrinə, milli maraqlarına ziyan vurduğunu görüb geri addım atır və nəticədə yumşalma siyasətinə başlayır. Yəni İran Azərbaycana qarşı spiralvarı gərginliyin artırılması siyasəti aparır”.

Analitikin fikrincə, Azərbaycan spiralvarı dairənin sıfır nöqtəsindədir:

“Ona görə də İran Azərbaycanla yumşalma siyasəti aparmaq istəyir. Çünki yaranmış situasiyada İranın vəziyyəti çox həssasdır. İran Azərbaycanla gərginlik fonunda görürük ki, rəsmi Bakı geri çəkilmir. O cümlədən İranla gərginliyə görə ABŞ, Böyük Britaniya, İsrail, Türkiyə, Pakistan, Ukrayna və digər dövlətlər tərəfindən Azərbaycana daha çox xarici dəstək verilir. İran tərəfi də bunu gördüyünə görə yumşalma siyasəti aparmaq istəyir”. 

Siyasi təhlilçi düşünür ki, İranın Azərbaycandakı kəşfiyyat mövqelərinə ciddi zərbələr vurulub: 

“Bunlar hamısı İranın ziyanına olduğuna görə də onlar yumşalma siyasətinə keçmək istəyirlər. Bu zəngin isə prinsipcə hansısa bir yumşalmanın yaradacağını düşünmürəm. Çünki dünyada yeni nizam qurulur, bununla bağlı geopolitik qarşıdurma gedir və bütün geopolitik sınma xətləri üzərində toqquşmalar baş verir, o cümlədən Azərbaycan Respublikası ilə İran İslam Respublikasının milli maraqları toqquşur, xüsusən də Tehranın baxışları ucbatından... Ona görə də hər hansı bir yumşalma olacaqsa belə, bunun prinsipial xarakter daşıyacağını düşünmürəm”.

“Prezident də xatırladıb ki, İran faktiki olaraq Azərbaycana hücum edib. Bilirsiniz ki, səfirliyin ərazisi bizim ərazidir. Oraya da İran hökuməti tərəfindən təşkil olunmuş terror hücumu baş verib. Azərbaycan da bu terror hücumunun hərtərəfli, tam obyektiv araşdırılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. Bu isə faktiki olaraq, qeyri-mümkündür. İran özü-özünü cəzalandıran deyil ki? Ona görə də vəziyyət hazırda çox mürəkkəbdir və bir telefon zəngi ilə vəziyyətin düzələcəyini düşünmürəm”, - o, fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!