“Öncəliklə onu qeyd edim ki, Ərdəbil imam-cüməsi Həsən Amelinin danışıqlarının 90%-ə qədəri Ayətullah Seyid Əli Xamaneinin ofisindən gələn məktub əsasında formalaşdırılır. Bu da o deməkdir ki, Ameli birbaşa mollakratiyanın söyləmək istədiklərini deyən şəxsdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov Ərdəbil imam-cüməsi Həsən Amelinin “Qarabağ qırmızı xəttimizdir” açıqlamasında münasibət bildirəkən deyib.
BMDAM sədrinin sözlərinə görə, qaldı ki, Həsən Amelinin birdən-birə “şirin quyruğu” söhbətindən buraya gəlməsinə, bu da ondan xəbər verir ki, deməli, İran Azərbaycana qarşı siyasətində artıq reallıqları dərk etməyə başlayır: Toyuqlu pizza
“Bu reallıqlar da nədən ibarətdir? Bir müddət öncə İsrailin və Türkiyənin müdafiə nazirləri – Benni Qantz və Hulusi Akar Azərbaycana gəldi və burada bir sıra görüşlər keçirildi. İkinci belə bir hadisə isə Türkiyədə baş verdi və bu dəfə də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də Ankaraya gəldi”.
Politoloq deyib ki, İran yaxşı başa düşür ki, bölgədə yenir qruplaşma gedir, bu qruplaşma da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan-Böyük Britaniya-İsrail bir komandadadır:
“İranın burada mümkün variantda qura biləcəyi komanda İran-Ermənistan-Fransa üçlüyüdür ki, onlar da bu ittifaqa qarşı dura bilməyəcəklər.
Belə açıq desək, İranın indiki qorxusu təkcə Azərbaycanla bağlı deyil. Həm də Türkiyə və İsrailin də özlərinə qarşı aqressiyasını hiss edir və başa düşür ki, bu dördlü ittifaqla İran bacara bilməyəcək.
Doğrudur, bir müddət öncə İran sınıq-salxaq texnikasıyla guya Arazın üstündən manevr edirdi. Arazın üstündən atdığı tampon körpülərlə, əslində, İranın mahiyyəti və niyyəti bizə bəlliydi. İndi bu gün Amelinin deməyinə baxmayın ki, “biz manevr etmək istəyirdik və bu, hücum xarakteri daşımır”. Əlbəttə ki, İran hər dəfə bu və ya digər formada Azərbaycana qarşı öz nifrətini göstərib. Məsələn, İranın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində nə yazılmışdı? İranın Bakıdakı səfirliyi, Azərbaycan yazmırdı, Bakı yazılmışdı. Özü də onlar hər zaman Azərbaycana Şimali İran kimi baxıblar və hər dəfə onların çıxışlarında biz buna rast gəlmişik”.
Siyasi analitik izah edib ki, bütün bunlar hamısı onu göstərir ki, İranın niyyəti fərqlidir, sadəcə olaraq Ameli yaranan dördlü ittifaqdan çəkinərək İran dövlətinin mövqeyini nümayiş etdirməyə başlayıb:
“Ondan əvvəl isə bizə qarşı diş qıcıyırdılar ki, bəlkə Azərbaycan geri çəkilə. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlıları ilə bağlı söylədiyi fikir ki, var – “biz 10 milyon deyil, 50 milyonluq bir xalqıq və ölkə xaricində yaşayan soydaşlarımızın taleyi də bizi maraqlandırır” deyəndə artıq İran başa düşdü ki, deməli, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil və Azərbaycan istəsə, İranı qarışdıra bilər.
İndiki vəziyyətdə onsuz da içəridən qarışan İran üçün bu, heç lazım deyil. Buna görə də Ameli çıxıb bu cür açıqlama verir. Bu açıqlama da gözlənilən idi, çünki İran belə “xod gedib” üstümüzə gələ bilməz”.
“Amma biz deyə bilmərik ki, İran buna görə Ermənistanla əlaqəsini kəsəcək və Ermənistanla əvvəlki formada əlaqələrini inkişaf etdirməyəcək. İranın gətirib Qafanda tələm-tələsik bir konsulluq açması ondan xəbər verir ki, bu ölkənin niyyəti Azərbaycanın Naxçıvanla əlaqəsinin qurulmasının qarşısını almaqdır. Belə olan halda isə bu, artıq ondan xəbər verir ki, söhbət burada təkcə Azərbaycandan yox, həm də İranın böyük türk coğrafiyasından və öz içindən parçalanmaq qorxusunun olduğuna dəlalət gətirir. Yəni mollakratiyanın qorxusu bundan ibarətdir. Ona görə də bu gün Həsən Amelinin verdiyi açıqlamalar məhz buna hesablanıb”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız