“Ermənistan tərəfi son dövrlərdə sərgilədiyi davranışlarla, əslində, sülh müqaviləsinin imzalanmasında maraq olmadığını sübuta yetirib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O, iyunun 29-da yekunlaşan Vaşinqton görüşün detallarına toxunub. pizza
Analitik söyləyib ki, burada bir neçə aspektlər var:
“Onlardan biri Ermənistanın siyasi hakimiyyətinə olan xarici təzyiqlərdir. Çünki region dövlətlərinin bir hissəsi indiki halda sülh müqaviləsinin imzalanmasında və Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasında maraqlı deyil. Biz konkret olaraq bu prosesdə daha aktiv formada Rusiya və İranın iştirakını görə bilərik.
İran prezidenti İbrahim Rəisinin birdən-birə, heç bir əsas olmadan Vaşinqton görüşü öncəsi Ermənistanın Baş naziri Nikol Paşinyana, daha sonra isə Rusiya prezidenti Vladimir Putinə telefon zəngi etməsi də sübuta yetirir ki, prosesləri ləngidən ölkələrdən biri İrandır”.
“Digər aspekt isə Rusiyanın yanaşmasıdır. Moskva indiki şəraitdə kommunikasiyaların açılmasını arzulayır, amma sülh müqaviləsi üzərində uzunmüddətli bir prosesin davam etməsini istəyir və eyni zamanda Azərbaycan ərazilərində olan Rusiya sülhməramlılarının mövcudluq müddətinin uzadılmasını arzulayır. Yəni Rusiyanın yanaşması prosesin tam sona çatması anlamına gəlmir”, - deyə BAXCP funksioneri bildirib.
E. Mirzəbəyli əlavə edib:
“Burada digər bir aspekt Ermənistan siyasi rəhbərliyinin davranışlarında və sərgilədiyi mövqedə özünü göstərir. Burada bir sıra Qərb dövlətlərinin, əsasən də Fransanın mövqeyi nəzərə çarpır. Məlum prosesdə Fransa prezidenti Emmanuel Makron erməni diasporunun təzyiqlərindən Paşinyan iqtidarına qarşı istifadə edir. Rəsmi Parisin və İrəvanın da maraqları ondan ibarətdir ki, nəin bahasına olursa-olsun, Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı hansısa bir beynəlxalq təhlükəsizlik mexanizmi formalaşdırılsın. Necə ki Paşinyan mütəmadi olaraq bunu iddia edir – Ermənistan-Azərbaycan münasibətləri normal məcraya düşsün, lakin Azərbaycan ərazisində daim xarici müdaxilələrə açıq olan bir problem mövcudluğunu qoruyub saxlasın. Əsas istiqamətlər bundan ibarətdir”.
Politoloq düşünür ki, həyata keçirilən təxribatın da təməlində məhz bu amil dayanıb:
“Vaşinqtonda keçirilən görüşdən öncə Laçında baş verən erməni təxribatı faktiki olaraq ona xidmət edir ki, bölgədə yaşayan ermənilərin təhlükəsizlik məsələsi gündəmə gəlsin. Digər bir təxribat yenə də Azərbaycan ərazilərində – Qarabağda törədildi. Bunun nəticəsində isə 2-si Ermənistan vətəndaşı olmaqla, 5 terrorçu məhv edildi. Bu da növbəti dəfə həmin ərazidəki təhlükəsizlik məsələsini gündəmə gətirdi ki, bu, həm Ermənistanın ritorikasına, həm Fransanın səsləndirdiyi fikirlərə, həm də paradoksal görünsə də, Rusiyanın mövqeyinə qismən də olsa, uyğun gəlir. Ona görə də yaranmış mənzərədən sonra nəticənin əldə olunmamasının səbəbləri bundan ibarətdir”.
“Digər tərəfdən, Ermənistan özündən hansısa qondarma xəritələr ortaya çıxarıb. Halbuki 1975-ci ildə SSRİ Baş Qərargah İdarəsi hansısa xəritələr hazırlamayıb. Bu xəritələr 1972-1973-cü illərə təsadüf edir. Orada da Ermənistanın indiki iddialarını əsaslandıran heç nə yoxdur. Çünki sovet dövründə respublikalar arasında konkret sərhədlər deyilən bir anlayış yox idi. Sadəcə inzibati ərazi bölgüsü var idi və şərti xarakter daşıyırdı.
Başqa razılaşdırılmayan məsələlər Zəngəzur dəhlizi və Ermənistanın Laçın-Xankəndi yoluna qarşı olan yanaşması ilə bağlıdır. Hansı ki, bunda da müəyyən bəynatın tələblərinə zidd olaraq, israrlı mövqe sərgilənir. Əgər belə bir mövqe davam etdiriləcəksə, masa arxasında problemlərin həllinə nail olmaq mümkün olmayacaq”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız