““Wall Streat Journal”ın kəşfiyyat qurumlarına istinadla, İranın guya Səudiyyə Ərəbistanına hücum edəcəyi ilə bağlı məlumatına şübhə etmək üçün yetərincə əsasım var”.
Bunu Yenisabah.az-a açıqlamasında iranşünas Əziz Rzazadə bildirib.
O əlavə edib: “Bu məlumatın müəllifləri yəqin ki, daha çox Şirazdakı “Şahçerağ” ziyarətgahında törədilən terror aktından sonra məscid günbəzində dalğalanan qırmızı bayraqdan ilhamlanıblar. pizza mizza
Qırmızı bayrağın qisas rəmzi olduğu danılmazdır, terror aktında ölənlərin dəfnində də qisas şüarları səslənib. Lakin cinayətin sirləri hələ tam açılmamış İranın belə bir addım atmasını düşünmürəm.
Terrorun əsas icraçısı yaralı halda həbs olunub. Daha sonra İranın kəşfiyyat naziri İsmayıl Xətib cinayətin ikinci icraçısının həbs olunduğunu bildirib. Bunun ardınca İnformasiya Nazirliyi (“Ettelaat”) terrorçulara dəstək vermiş 6 şəxsin yaxalandığını bəyan edib.
Yeri gəlmişkən, bəzi sosial şəbəkə istifadəçiləri və media resursları “Şahçerağ”dakı cinayətin əsas icraçısını general Qasim Süleymaninin dəfnini əks etdirən fotoda “tapıblar”. Guya həmin fotoda “Qüds” qüvvələrinin hazırkı komandanı İsmayıl Qaaninin yanında dayanmış gənc məhz terrorçudur. Halbuki şəkildə əks olunan həqiqətdə Süleymaninin oğludur.
Bunun nə məqsədlə tirajlandığı gün kimi aydındır və əlavə təfərrüata ehtiyac görmürəm”.
Ə. Rzazadənin sözlərinə görə, Tehran-Riyad münasibətləri hazırda yetərincə qəlizdir:
“Tərəflər uzun müddətdir İraqın vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpasına çalışırlar. Səudiyyə Ərəbistanında şiə ruhani Şeyx Nimrin edamı və Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra rəsmi əlaqələrin ağ səhifədən başlaması üçün əvvəlcə gizli saxlanılan, sonra açıq deyilən xeyli səy göstərilib. Lakin yekun nəticəyə gəlmək üçün hələ çox iş görülməlidir.
Ümumən Körfəz ölkələrinin hamısı İranla hamar siyasi yollara malik deyil. Üstəlik, bu yollarda həm siyasi, həm də ideoloji sədlər var. İsraillə imzalanmış “İbrahim razılaması” da münasibətləri qəlizləşdirib. İndi isə Körfəz qonşuları İsrail və ABŞ-la əməkdaşlıqda sahillərində hava hücumundan müdafiə sistemləri qurur.
Hazırda İranda davam edən etiraz aksiyalarını Səudiyyənin maliyyələşdirdiyi media resurslarının, xüsusən, “Iran Internasional” telekanalının geniş işıqlandırması Tehranı çilədən çıxarıb. Hətta buna görə gündəlikdə Ər-Riyada qarşı məhkəmə iddiasının qaldırılması məsələsi var.
Son hadisə də münasibətlərin hamarlanmasına yeni bir sədd çəkib. “Şahçerağ”da törədilən terrorun icraçısı Körfəz ölkəsi mənşəli, daha doğrusu, bəhreynlidir, onun İŞİD üzvü olduğu iddia edilir. Əgər cinayətin arxasında hansısa qonşu dövlətin xüsusi xidmət orqanının “barmağı” aşkarlanarsa, İranın qisas alacağı istisna deyil. Tehran bunu dəfələrlə isbatlayıb. Lakin bunu belə tez edəcəyi gözlənilmir”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız