Son bir neçə gündür, Azərbaycan- İran sərhəddində çaxnaşma müşahidə olunur. Belə ki, bir neçə gün bundan qabaq Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib, nəticədə bir sərhədçimiz ölüb, biri isə yaralanıb. Ötən gün də sərhəddə 6 nəfər silahlı naməlum şəxslər müşahidə olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb.
Politoloq Qabil Hüseynli “Yeni Sabah”a açıqlamasında deyib ki, baş verən hadisələr təxribat xarakterlidir:
“Azərbaycan – İran sərhəddində ilk atəş açılanda, bir əsgərimiz yaralanıb, biri öləndə hesab edirdik ki, bu, narkotrafiklə hərəkət edən massiv qüvvələrin işi ola bilər. Amma narkotrafikin indiyə qədər istifadə edildiyi yolun Biləsuvar bölgəsindən olduğunu , sonuncu insidentin isə ermənilərin işğal etdiyi əraziyə yaxınlığını nəzərə alsaq, fərqli düşüncələr yaranır. Üstəlik bunun təkrarlanması fərqli qənaətləri daha da möhkəmləndirir. Sanki kimsə təmas xəttində ermənilərlə azərbaycanlılar arasında konflikt yaratmağa cəhd edir. Çünki hər dəfə açılan atəş, ölən Azərbaycan sərhədçisi , İran tərəfindən isə kiminsə aşkara çıxarılmaması, üstəlik İran sərhədlərinin zəif qorunması belə təsəvvür yaradır ki, müəyyən təxribat qrupu fəaliyyət göstərir. Bu qrup təmas nöqtəsinə təxminən 200-300 metr yaxınlıqdakı ərazidə sərhəddi guya pozan varmış kimi təəssürat yaradır, Azərbaycan sərhədçiləri sərhəddin pozulduğunu güman edərək onlara atəş açır. Mən onları şərti olaraq deyil, sözün həqiqi mənasında təxribatçı qrup adlandırıram. Çünki onlar çox yaxşı mövqe seçir və həmin mövqedə təxribatçı qrupu zərərsizləşdirmək olmur, öz işlərini görür, əvvəlcədən müəyyən edilmiş yol ilə aradan çıxırlar. Bunu ermənilər edə bilməz. Edirlərsə də, yenə İran üzərində məsuliyyət payı qalır. Açılan atəşlər İran ərazisindən olur və Azərbaycan əsgərinə yönəlir. Nəzəri cəhətdən bunu ermənilərin edə biləcəyi ehtimalı sıfıra yaxındır”. Toyuqlu pizza
Politoloq qeyd edib ki, hansısa bir qüvvə Azərbaycan ordusunun hərbi təlimlərə başlamasından, sırf danışıqlar prosesində müəyyən əngəllərin yaranmasından , Ermənistan- Azərbaycan arasında hərbi əməliyyatların baş verə bilmə ehtimalından istifadə edərək , bu prosesə bir detonator rolunu oynamaq istəyir:
“Və tərəfləri bir-birilə toqquşdurmağa çalışırlar. Hələki ilkin araşdırmalar bunu deməyə əsas verir ki, Azərbaycan- İran sərhəddində baş verənlər sırf təxribat xarakterlidir. Əvvəllər ortada əgər qaçaqmalçılıqla məşğul olan qüvvələr var idisə, təmas xəttindən xeyli uzaqda sərhədçilərimizlə müəyyən toqquşmalar yaşayırdılarsa, o zaman hadisələrə tam aydınlıq gətirmək mümkün olurdu. Amma indi hadisələr kifayət qədər peşəkarlıqla hazırlandığına görə, eyni zamanda cəbhə xəttinə yaxın olduğu üçün düşünürəm ki, burada üçüncü əl ustalıqla işləyib, Azərbaycanla işğalçı Ermənistan arasında isti toqquşmaların yaşanmasına şərait yaratmaq fikrindədir.
İran bir aydan artıqdır ki, Azərbaycanı qıcıqlandırmaq üçün müəyyən hərəkətlərə yol verir. İran İslam İnqilabının 40-cı ildönümündə Ruhani çıxışında Azərbaycana qarşı mənasız və cəfəng formada ərazi iddiaları irəli sürdü. Uşaqlar arasında idman yarışları keçirilərkən Azərbaycan bayrağının düzgün asılmaması, həm də onun Ermənistan bayrağından xeyli aşağıda asılması idmançılarımızın etirazı səbəb olmuşdu. Bu özü də provokativ xarakter daşıyırdı. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər etdi. İqtisadiyyat naziri Şahin Mustafayev Şimal-Cənub dəmiryolunun Rəşt hissəsində təməlqoyma mərasimində iştirak edirdi. Qeyd edim ki, bu təməlqoyma mərasimi Azərbaycan tərəfindən maliyyələşdirilsə də, ən azı bir ildir ki, gecikdirilir. Bütün bunların fonunda İran tərəfi sanki bizimlə qarşıdurma varmış kimi daima “qaşınır”. Hər zaman əhvalımızı korlayacaq hərkətlərə yol verir”.
Günay Rəsulqızı
Telegram kanalımız