“Əslində, mən səfirliklərin, yaxud diplomatik nümayəndəliklərin yaxın zamanlarda açılmasını gözləmirəm, amma diplomatik münasibətlərin qurulması labüddür”.
Bu sözləri Yenisabah.az-a siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, Azərbaycan və Ermənistan arasında gələcək münasibətlərin perspektivini şərh edib: pizza sifarişi
“Əks halda, hər iki dövlət arasında müharibə və çəkişmələr davam edəcək, gec-tez bunun növbəti mərhələsi də olacaq. Yəni Birinci və İkinci Qarabağ savaşı deyiriksə, bunun üçüncü və dördüncü savaşlarının da ola biləcəyi istisna olunmur.
Qaldı ki təkliflərimizin Ermənistan tərəfindən necə qəbul olunacağına, erməni cəmiyyəti kifayət qədər radikal və dözümsüzdür. Onlar azərbaycanlılara, bütövlükdə Türk aləminə, hətta İslam dünyasına çox qeyri-tolerantdır. Baxmayaraq ki, İranla babat münasibətləri var.
Bu cəmiyyəti Azərbaycanla diplomatik münasibətlərin qurulmasına, gediş-gəlişin açılmasına hazırlamaq kifayət qədər ağır məsələdir. Mənə elə gəlir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası bu istiqamətdə iş görmək istəyir, lakin daxildəki təzyiqlərə tab gətirmək, “fətva verən” və Ermənistanı qonşularına qarşı qızışdıran diasporaya qarşı çıxmaq hazırda çox ağır bir iş gedir.
Ona görə də, Paşinyanın özünə və komandasına xaricdən dəstək olmasa, onlar bunu edə bilməyəcəklər”.
N. Şəfiyev Rusiyanın bu məsələdə mövqeyindən də söz açıb:
“Bu məsələdə Rusiyanın hazırkı mövqeyi Azərbaycan üçün kifayət qədər qənaətbəxşdir. Onları bu istiqamətə yönəldən əsasən Rusiyadır. Hazırda Avropa İttifaqı və Fransa ilə gedən danışıqlar onu göstərir ki, artıq bu prosesə Aİ də, Fransa da yaxından qoşulub və Azərbaycanın əleyhinə yox, əksinə, hər iki tərəfin maraqlarının qorunasına çalışırlar. Bu da, əlbəttə, Azərbaycanın xarici siyasətindəki ən böyük uğurudur”.
Siyasi şərhçinin sözlərinə görə, yaxın zamanda diplomatik münasibətlər qurulacaq:
“Bu qaçılmazdır. İstənilən müharibə bununla bitir. Ərazi bütövlüyümüzü bərpa etmişik, amma bu, o vaxtı tam şəkildə həyata keçəcək ki, inşallah Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq.
Hazırda iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon bağlantısı var. O cümlədən aparatlar və XİN-lər arasında da. Bu onu göstərir ki, proses gedir”.
Mütəxəssis əmindir ki, tərəflər diplomatik əlaqələrin qurulması üçün öz iradələrini ortaya qoymalıdır:
“Bir müddət əvvəl, sovet dövründə istər Bakıda ermənilərin, istərsə də Ermənistanda, o cümlədən İrəvanda azərbaycanlıların yaşaması mümkün idisə və bu münasibətlər fərdlər arasında qurulurdusa, məncə, gələcəkdə də bunu etmək olar. Sadəcə, dövlətin iradəsi ortaya qoyulmalıdır. Azərbaycan tərəfindən bu açıq-aşkar irəli sürülüb. Güman edirəm ki, gün gələcək erməni cəmiyyəti və Ermənistan hakimiyyəti də bununla bağlı öz iradəsini ortaya qoyacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız