“İlkinin 40-a yaxın yaşı var. Yetkin bir insandır və öz addımlarına görə məsuliyyət daşıyır. Kimin ona nə sualı varsa, özünə yönləndirə bilər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər oğlu İlkin Qəmbərin qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkədə etdiyi paylaşıma münasibət bildirərkən deyib.
Bildirək ki, İlkin Qəmbər sosial şəbəkədə “Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın” deyə paylaşım edib. Onun bu paylaşımı Azərbaycanda sərt təpki ilə qarşılanıb. Toyuqlu pizza
İsa Qəmbər Laf.TV-yə açıqlamasında deyib ki, o oğlunun mövqeyində az da olsa, elə məqamlar var ki, onunla razı deyil:
“Biz 7-8 ildir ki, görüşmürük, üz-üzə bu məsələləri müzakirə etmək imkanımız yoxdur. O, uzun illərdir Kanadada yaşayır, orada bir necə azərbaycanlı ilə birgə “krallar və generallar” adlı kanal yaradıblar, tarixi filmlər çəkirlər. Onlar yüzlərlə sənədli film çəkiblər.
Bir neçə azərbaycanlı insanın yaratdığı kanal “YouTube”da çox populyardır, 3 milyondan artıq izləyiciləri var. Kanalda yüzlərlə film var, mən onları çox izləmirəm, çünki tarixi az-çox bilirəm. Sözügedən filmi də izləməmişəm, lakin soyqırımı ilə bağlı tamamilə səhv mövqedədirlər, çünki bu mənə və bu məsələlərə məsuliyyətlə yanaşan insanlara aydındır.
Ermənilər Birinci Dünya Müharibəsi illərində Rusiya ilə Osmanlı imperiyası arasındakı savaşda Rusiyaya xidmət göstərməyə başlayıblar. Fürsətdən istifadə edərək ermənilər dinc əhaliyə qarşı hücumlar təşkil edib onları qırıblar. Osmanlı dövləti də özünü və əhalisini qorumaq naminə qərarlar qəbul ediblər, bunlardan biri də ermənilərin oradan ixrac edilməsi ilə bağlı olub.
Bunu soyqırımı adlandırmaq mümkün deyil. Bəzi azərbaycanlılar da bəzən təbliğatın təsiri altına düşürlər, yanlış mövqeyə keçirlər. Mənim üçün belə mövqe gözlənilməz oldu. Filmlə bağlı bir şey deyə bilmirəm, çünki görməmişəm. İkincisi, filmin heyəti böyükdür və orada yüzlərlə filmlər var. Dünyanın hər yerində baxırlar, müzakirələr gedir. “Netflix” kimi böyük bir şirkət belə bəzən İlkingilə müraciət edirlər, özlərinə lazım olan reklamları sifariş edirlər. Bu dərəcə nüfuzlu bir kanaldır.
Amma görünür, İlkinlə də, digər cavanlarımızla da söhbətlər etməyə, bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac var ki, onlar gerçəkləri bilsinlər və məsələlərə daha məsuliyyətli yanaşsınlar. Təbii ki, bu düzgün deyil, həyatdır, nə bilim...”
Telegram kanalımız