İslam dinində qadınların məscidlərə getməsi buna görə qadağan edilib? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İslam dinində qadınların məscidlərə getməsi buna görə qadağan edilib? - AÇIQLAMA

Din

06 Dekabr 2024 19:24 5627


Məscid islam dinində Allahın evi olaraq qəbu edilir və müsəlmanlar burada öz dua və niyyətlərini, ibadətlərini həyata keçirirlər. Həmçinin, müqəddəs günlərdə bura axın edirlər. Ancaq cəmiyyətimizdə belə bir anlayış var ki, məscidlərə ən çox kişilər gedir və orada qadınlara ayrılan vaxt və yer daha məhduddur. Bir çoxları bu məsələni gündəmə gətirib müzakirə edir və narazılıqlarını bildirirlər. İddia edirlər ki, qadınları məscidlərdən uzaqlaşdıran kəslər onları pir və ocaqlara üz tutmağa vadar edir. Bəs deyilənlərdə doğruluq payı nə qədərdir? Həqiqətənmi qadınlara məscidə getmək olmaz?

İlahiyyatçı Əkrəm Həsənov məsələni “Yeni Sabah”a belə şərh edib:

“Bu mövzu cəmiyyətimizdə aktual və çoxdan müzakirə olunan bir məsələdir. Qadınların məscidlərdən daha çox pirlərə və ziyarətgahlara üz tutmasının səbəblərini müxtəlif aspektlərdən araşdırmaq olar: dini, mədəni, sosial və psixoloji. Hər birini ayrı-ayrılıqda nəzərdən keçirək. İslam dinində məscidlər, həm kişilər, həm də qadınlar üçün ibadət yeri olaraq təyin edilmişdir. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) qadınların məscidə getməsini qadağan etməmiş, əksinə, onların ibadət azadlığını dəstəkləmişdir. Hətta bir hədisində belə buyurmuşdur: Pepperoni pizza

"Qadınların məscidlərə getməsinə mane olmayın" (Səhih Buxari və Müslim).

Bu hədis göstərir ki, din qadınların məscidlərdə ibadət etməsini təbii qəbul edir və onların ibadət hüququna hörmət edir. Lakin məscidə getmək qadınlar üçün fərz deyil; onlara evdə ibadət etmək daha uyğun görülmüşdür. Bu, qadınların üzərindəki məişət və ailə vəzifələrini nəzərə alaraq bir asanlıqdır.Bir çox İslam ölkələrində, xüsusilə də bizim regionda, qadınların məscidlərə az getməsi daha çox mədəni və sosial ənənələrlə bağlıdır. Məsələn, məscidlərdə qadınlar üçün ayrılmış yerlərin kişi bölmələrindən daha kiçik və əlverişsiz olması. Bu, qadınlarda "məscidlərdə bizə yer yoxdur" kimi bir hiss yarada bilər. Tarixən bəzi bölgələrdə kişilər qadınların məscidə getməsini lüzumsuz sayıb, bu vərdişi təşviq etməyiblər. Qadınların məscidə getməsi bəzi cəmiyyətlərdə qeyri-adi qəbul edilir və sosial təzyiq yarada bilir.

İlahiyyatçı qadınların ziyarətgahlara daha çox getməsinin səbəblərini belə izah edib:

Pirlər qadınlar üçün dua edib içlərini boşalda biləcəkləri və mənəvi rahatlıq tapa biləcəkləri yerlərdir. Cəmiyyətimizdə pirlərə getmək dini ibadətdən daha çox mədəni bir ritual kimi formalaşıb. Pirlər, çox vaxt məscidlərdən daha əlçatan olur və qadınlar burada daha az sosial təzyiq hiss edirlər. Allahın evinə qadınların daha az getməsi həm qadınların özündən, həm də cəmiyyətin yanaşmasından qaynaqlanır. İslam dini baxımından məscidlərdə qadınlara ayrılan yerlərin kiçik olması və ya məhdudiyyətlər kişilər tərəfindən düzgün idarə olunmayan bir məsələdir. Bu cür yanaşma qadınlarda məscidlərə qarşı bir mənəvi uzaqlaşma yaradır. Halbuki, məscidlərin hər iki cins üçün bərabər imkanlar təqdim etməsi daha məqsədəuyğun olardı. Dini baxımdan qadınların ibadət üçün ən üstün yeri məscidlərdir. Çünki məscidlər Allahın evləri olaraq, təmiz və düzgün ibadət üçün nəzərdə tutulmuşdur. Pirlərdə ibadət etmək isə çox vaxt dini praktikadan uzaq, adət-ənənələrə qarışmış şəkildə olur. Belə yerlərdə dini əsası olmayan inancların da yayıldığını görmək mümkündür. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) insanları bu cür batil inanclardan çəkindirmişdir”.

Ə.Həsənov vurğulayıb ki, məscidlərdə qadınlara daha geniş və rahat yerlərin ayrılması təmin edilməlidir:

“Cəmiyyətdə qadınların məscidlərə getməsini təşviq edən maarifləndirmə işləri aparılmalıdır. Qadınların ziyarətgahlar yerinə məscidlərdə ibadət etmələri üçün onlara dəstək verilməli, bunun dini əhəmiyyəti vurğulanmalıdır.Qadınların məscidlərdən uzaqlaşması nə dinin tələbidir, nə də uyğun bir yanaşmadır. Bu, əsasən mədəniyyət və cəmiyyətin təsiri ilə bağlı bir məsələdir. Qadınların məscidlərdə yer tutması həm ibadət həyatlarının zənginləşməsinə, həm də cəmiyyətin dini maariflənməsinə müsbət təsir göstərə bilər. Allahın evi, həm kişilər, həm də qadınlar üçün açıqdır, və hər kəs bu hüquqdan bərabər şəkildə istifadə etməlidir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!