“İslam dövləti”nin “hicab” və “məscid” manipulyasiyası

saytların hazırlanması

Evə çatdırılma

“İslam dövləti”nin “hicab” və “məscid” manipulyasiyası

Din

27 May 2021 19:15 7451


“Riyakarlıq zəiflərin silahıdır” deyilir bir müdrik kəlamda. Özünü “İslam bayraqdarı” kimi təqdim etsə də, mənəvi mahiyyətdən uzaq, siyasi ambisiyalarını “İslam libası”na bürüyüb riyakar əməllərini “əmr be məruf” kimi təqdim etməyə çalışan “dini mərkəz”lər məqsədlərinə çata bilmədikcə daha da aqressiv görünürlər. Aqressiya artdıqca əməl sahiblərinin məntiqli qərar qəbul etmək imkanları nəinki məhdudlaşır, hətta itirilir. Bu da “İslamı qorumağa” iddialı olan “İslam dövləti”nin məhz müsəlman ölkələrində fitnə törətmək cəhdləri ilə Uca Yaradan tərəfindən Qurani-Kərimdə buyrulanlara zidd davrandığını sübut edir.

Bəli, heç dini savadı olmayanlar da “Səbr imanın yarısıdır”, “İnsaf da dinin yarısıdır” kimi el deyimlərinə söykənməklə minillər boyu haqq yoldan kənara çıxmamışlar. Göründüyü kimi dərin tarixi köklərə malik milli-mənəvi yaddaşımıza həkk olunmuş İslam dininin prinsipləri, onsuz da cəmiyyətin mənəvi sferasını tənzimləyən inanc sistemi kimi mövcudluğunu qorumaqda davam etdmişdir. Hətta bolşevizmin amansız repressiya dalğasında da.

Di gəl, İran və Azərbaycan arasında inkişaf edən siyasi və iqtisadi əlaqələrin fonunda İran İslam Respublikasındakı bəzi dairələr, ermənilərin məscidlərimizdə donuz saxlaması, dini abidələrimizi, neçə-neçə Əhli-Beyt övladlarının məzarlarını xarabaya çevirməsi kimi halları “görməsə” də, işi-gücü Azərbaycanda “hicab” hay-küyü salmaq, pandemiyaya görə məscidlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması hallarını qabardıb qaşınmayan yerdən qan çıxarmağa çalışmaqdır. “Vilayəti-Fəqih” nəzəriyyəsindən ideoloji silah kimi yararlanaraq dindarların heysiyyətindən sui-istifadə edən, müsəlman ölkəsi Azərbaycanda xaos yaratmaq üçün dəridən qabıqdan çıxan rejim öz “qırmızı xətti”ni də çoxdan müəyyənləşdirmişdir. pizza hut

555.jpg (30 KB)

İranın dəstəklədiyi Ermənistanın işğal olunmuş ərazilərdəki məscidlərə münasibəti

Sosial şəbəkələrə nəzər salanda, “İslam dövləti”nin bəslədiyi və İslam adına yaraşmayan əməllərə sövq etdiyi qaragüruh tərəfindən Azərbaycan əleyhinə ideoloji təxribat mahiyyətli təbliğatların canfəşanlıqla yerinə yetirildiyinin, hətta müsəlman ölkəsində xaos yaratmaq üçün çağırışlar yayımlandığı kimi acı mənzərənin şahidi oluruq. Belə qəbih əməllərini də “İslamı difa etmək”, “Əhli-beyt irsini qorumaq” libasına bürüyüb təqdim etməyə cəhd göstərirlər.

Amma bütün bu canfəşanlıqlar elə cəhd olaraq da qalır. Çünki nəinki Azərbaycanda, hətta İranın özündə belə, möminlər dərk edirlər ki, “İslam libası”na bürünmuş fitnəkar çağırışların İslama heç bir aidiyyəti ola bilməz. Bütün əqli salim insanlara bu aşkar həqiqəti görməkdə ötən il qürurla yaşadığımız 44 günlük Vətən müharibəsi əlverişli şərait yaratdı. Bəli, özünü “İslam keşikçisi” kimi təqdim edənlər, Azərbaycanda qarşıdurma yaratmaq məqsədilə apardıqları “dini təbliğat”da davamlı olaraq Gəncəni “İmam Hüseyn şəhəri” adlandırırdılar.

Без названия (1).jpg (11 KB)

        Ermənistan tərəfindən bombalanan İmam Hüseyn şəhəri - İran susmuşdu

Lakin uzun illərdir iqtisadi və maddi cəhətdən “İslam dövləti”ndən asılı vəziyyətdə olan Ermənistanın dövlət səviyyəsində həmin İmam Hüseyn (ə) şəhərində dinc əliyalın müsəlmanlara qarşı törətdiyi terror zamanı nədənsə “İslam keşikçiləri” car çəkdikləri “müqəddəs vəzifə”lərini unutdular. Orada şəhid olan qadınlar, məsum körpələrdən bəhs olunanda susqunluq nümayiş etdirən “İslam dövləti”nin “qeyrət damarı” cuşa gələrək müsəlman ölkəsi Azərbaycanda “hicab” mövzusunu gündəmə gətirib gərginlik yaratmaq səyləri ilə sanki, “qarşınızda yalnız Ermənistan yox, biz də varıq” mesajını verməyə çalışır. Elə olmasa idi, təqribən 10-12 il öncə “məscid sökülməsi”ni bəhanə gətirib, “dini vəzifəmiz sərhəd tanımır” deyib “müdafiə əmri vermək”lə təhdid edənlər İmamzadənin yerləşdiyi Gəncəyə raket zərbələrinə görə ən azı Ermənistanla ticarət əlaqələrinin əleyhnə bəyanat verə bilərdilər. Vermədilər. Öz hərəkətləri ilə bəyan etdilər ki, onların dərdi İslam dini, Əhli Beyt təəssübü deyil.

photo_2021-05-27_12-06-26.jpg (66 KB)

Dinc müsəlmanlar - uşaq və qadınlar qətlə yetiriləndə Tehrandan səs çıxmadı 

Yaxud, “vəzifələrinin sərhəd tanımadığını” bəyan edənlər 30 illik işğal dövründə yüzlərlə məscidin xarabaya çevrilməsi, təhqir olunmasına səsini çıxarmadığı halda obyektiv səbəblərdən pandemiya ilə əlaqədar məscidlərin müvəqqəti ibadətə bağlanması halından öz məkrli məqsədləri üçün istifadə edirlər. Bəlkə “İslam dövləti”ndə erməni işğalında olmuş ibadət evlərimizi məscid saymırlar?! Lakin hadisələrin gedişi göstərdi ki, sayırlar. Nəinki sayırlar, hətta erməni işğalını fürsət bilib təmir adı ilə Şuşa şəhərindəki məscidimizin adını saxtalaşdırmağa da çalışmışdılar. Hətta, “İslam keşikçiləri” öz internet saytlarında Şuşa məscidini “İranlı məscidi”, Ağdam şəhərindəki ibadət evini isə “Pars məscidi” kimi təqdim edirdilər. İslam libasına bürünmüş erməni havadarları məqsədlərinə çata bilməsələr də, öz bəd əməllərindən çəkinmək bir tərəfə qalsın, üstəlik hərəkətlərini “İslami vacibat”, hətta az qala “təvəlla” kimi təqdim edirlər. Lakin istər İran, istərsə də Azərbaycanda olan möminlər “İslam dövləti”nin yalnız siyasi məqsədləri üçün çalışdığını, Əhli-Beyt (ə) deyil, qriqorian təəssübü çəkdiyini Ermənistanın ərazi bütövlüyü “qırmızı xətt” sayıldığı anda əyani şəkildə gördülər.

photo_2021-05-27_12-06-22.jpg (49 KB)

                    İranlı rəsmilər bu tablonu görəndə din-məzhəb birgəliyini xatırlamışdılarmı? 

Tam əksəriyyət görsə də, təəssüf ki, bir qrup qəflət yuxusunda olanlar “İslam keşikçiləri”nin əlində alət olduqlarını anlaya bilmirlər. Bu beyni yuyulmuşlar, bəsirət gözlərini azacıq açsalar, görərlər ki, dini heysiyyətdən sui-istifadə edən, erməni dəyirmanına su tökən “İslam dövləti”, aşkar şəkildə vura bilmədiyi zərbəni məhz azərbaycanlı möminlər vasitəsilə Azərbaycana vurmaq istəyir. “Hicab” və “məscid” ətrafında süni şəkildə yaradılan gərginlik ab-havasının da kökündə yalnız və yalnız məkrli siyasi məqsədlər dayandığı şəksizdir. Elə olmasa idi, özünü “İslam dövləti” sayanlar, “İslam keşikçiləri” heç olmasa İslam dininin müqəddəs aylarında ambisiyalı davranışlarına ara verməklə İslam dininə bağlı olduqlarını nümayiş etdirərdilər. Lakin bunlar cahiliyyət ərəbləri qədər də düşünmək istəmirlər.

Bunları qeyd etmək İran İslam Respublikasına qarşı əsla mənfi rəy yaratmaq məqsədi daşımır. Əksinə, bir müsəlman ölkəsi, on milyonlarla soydaşımızın yaşadığı torpaqlar olaraq daim Allah Təaladan oralar üçün də əmin-amanlıq firavanlıq diləməyi özümüzə mənəvi borc bilirik. Gənclərimizi, “İslam libasına” bürünmüş dəllalların tilovuna düşməkdən qorumağı mənəvi borc saydığımız kimi.

Nəhayət, qəflət yuxusunda olanların da bir gün ayılacağına əminik. Cəlil Məmmədquluzadə demişkən: “A mollalar niyə məni döyürsünüz.... ....heç eybi yoxdur, döyürsünüz, döyünüz. Amma bunu da biliniz ki, ey mollalar, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir müsəlman qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar... dəxi dalısını da demirəm”. Buradakı “molla” sözünü təbii ki, İslamı anlamaq üçün yolumuza işıq tutan ruhanilərimizə aid etmirik. Ünvan bəllidir.

Rəşid İbrahimoğlu

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!