Yəqin ki, “yas saxlamaq” anlayışı əksəriyyətə məlumdur. Yaxınını itirən hər kəs adətən təmtəraqla qeyd edilən bayramlardan uzaq durur, bir yerə gedərkən qara geyinir, 40 gün saqqal saxlayır, toy və ya şad günlərdən kənar durmağa çalışır.
Son illər bu adətlərin yavaş-yavaş sıradan çıxdığının şahidi oluruq. Artıq hər hansı yaxınını itirən şəxs qısa müddət sonra toy edir yaxud məclislərdə yer alır.
Bəs yas saxlamaq İslam dininin buyurduğu əməldirmi? Toyuqlu pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Hacı Rahim bildirib ki, son zamanlarda bir çox insan dini etiqadlara olan hörməti itirməyə başlayıb:
“Mən təəssüf edirəm ki, son zamanlarda bir çox insanda dini etiqad çox adiləşib. Əvvəllər qəbirstanlığın, məscidin, ziyarətgahların yanından keçəndə insanlar maşında oxuyan radionun səsini azaldardılar, qəbirstanlığın yanından keçəndə fatihə deyər, ən azından salavat çevirərdilər, məscidin yanından keçəndə Allaha şükür edərdilər.
Dəfələrlə şahid olmuşam ki, məscidin qarşısında yüksək səslə mahnıya qulaq asırlar və ədəbsiz formada, keç kimə məhəl qoymadan, Allah evinə belə məhəl qoymadan onun qarşısından keçirlər. Bu, çox yanlışdır”.
İlahiyyatçı qeyd edib ki, İslam dinində ölmüş yaxınına bir il müddətində yas saxlamaq anlayışı olmasa da, ta qədimdən insanlar bunu hörmət əlaməti olaraq ediblər:
“Kiminsə yaxını dünyasını dəyişibsə, azı 1 il onun yasını saxlayıb toylara getməməsini, məclis keçirməməsini dəstəkləyirəm. Ana-ata bizi böyüdür, əlimizi çörəyə çatdırır, əziyyət çəkir, niyə onun hörmətini 1 il saxlamayaq? Mən 1 il nəfsimi saxlaya bilməyəcəmmi? Qurani-Kərimdə də buyurulur ki, valideynlərinizə itaət edin. Bu, hörmət-izzətdir.
İslamda bir il müddətində yas saxlamaqla bağlı qayda yoxdur. Amma bu bizim içimizdən gələn hörmətdir. Təəssüf ki, son zamanlarda heç valideynlərə də hörmət qalmayıb. İslam hörmət istəyir.
Yeri gəlmişkən, İslam toy mövzusunu, eyş-işrət məclisini, israfçılığı, çal-çağırı da bəyənmir. İslam bu tip toyları qadağan edir. Söhbət eyş-işrət, ədəbin, əxlaqın aradan getdiyi toylardan gedir. Bəzi “dini toylar” var ki, hətta onlar da sərhədi aşırlar.
Azərbaycan minlərlə şəhid verdiyi vaxt bir çox insan öz ailəsindən şəhid çıxmamasına rəğmən toylarını bir neçə ay təxirə saldılar. Çünki onlar şəhid adına, onların valideynlərinə, xalqa, millətə hörmət etdilər.
Bizim dədə-babalarımızdan qalan bu tip adət-ənənə insanlığa hörmət idi. Təəssüf ki, bunlar artıq aradan itir. Bəziləri əllərində bayraq edir ki, “İslamda belə bir şey yoxdur”. Bəli, yoxdur, amma bəzi insani keyfiyyətlər var ki, bunlar içdən gəlir. Təbii ki, söhbət sağlam düşüncədən gedir, ifrata varmaqdan yox. Bu, insani hörmətdir.
Şəhid anaları bu günə kimi toy məclislərinə, çal-çağır olan yerlərə getmirlər. İnsan özü də psixoloji cəhətdən tam rahatlaşana qədər bu tip məclislərdən uzaq durmalıdır deyə düşünürəm.
Mən demirəm ki, yası olan adam məclislərə gedirsə, insanlığa hörmət etmir, xeyr. Şəriət baxımından da yanaşanda belə bir qadağa yoxdur, bu sadəcə hörmət əlamətidir, babalarımızdan qalmış mirasdır.
Mənim fikrimcə, bu tip ənənələri qorusaq daha yaxşı olar və gələcək nəsillərə də bunu ötürməliyik”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız