“İslamda yoxdur, amma bizdə var” -   Azərbaycanda yas adəti dəyişir

saytların hazırlanması

Evə çatdırılma

“İslamda yoxdur, amma bizdə var” - Azərbaycanda yas adəti dəyişir

Din

13 Yanvar 2026 16:40 1599


Azərbaycanda yas mərasimlərində ehsan süfrələrinin açılması illərdir davam edən ənənələrdən biri olsa da, son dövrlər bu məsələ cəmiyyətdə ciddi müzakirə edilir.

Artıq bir sıra rayonlarda yas mərasimlərində ehsan verilməsi yığışdırılıb. Bu prosesə qoşulmayan bölgələrdə isə hələ də təmtəraqlı ehsan süfrələri açılır, çeşid-çeşid təamlar, isti yeməklər verilir. Hətta masada banan da olur. Bəs ölkədə ehsan tam yığışdırıla bilərmi?   

İlahiyyatçı Elşad Miri “Yeni Sabah”a bildirib ki, yas mərasimlərində ehsan verilməsinin İslam dini ilə əlaqəsi yoxdur: Pepperoni pizza

“Bu məsələdə ilk növbədə onu bilməliyik ki, yas mərasimlərində ehsan verilməsinin İslam dini ilə birbaşa əlaqəsi yoxdur. Çünki İslamda yas məclisi qurmaq, süfrə açmaq və ehsan vermək heç vaxt nəzərdə tutulmayıb. Nə “Qurani-Kərim”də, nə də peyğəmbərə istinad edilən hədislərdə buna rast gəlinir. Bu, sadəcə formalaşmış adət-ənənədir.

Məsələn, Afrikanın bəzi yoxsul bölgələrində birinin yaxını vəfat etdikdə insanlar ora toplaşır, yerə nə isə sərir, bir həftə mərhumun ailəsinin yanında qalırlar. Yeməkləri özləri bişirir, ailəyə dəstək olurlar. Bizdə də keçmişdə bu cür idi. İndi isə çoxlarının yadına belə düşmür. Mən nənəmin anasından soruşanda deyirdi ki, belə hallarda qonum-qonşu gələr, kömək edər, ailəyə mənəvi dəstək verərdi. İnsanlar acını birgə paylaşaraq yas sahibinin fikrini bir qədər yayındırmağa çalışırdılar. Əsas məqsəd də bu idi”.

İlahiyyatçı əlavə edib ki, bu sahədə ciddi dəyişikliklərin baş verməsi üçün nümunəvi addımlar vacibdir:

“Digər məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə bağlıdır. Bu qurum mövcud vəziyyətdən müəyyən mənada faydalanan və ya buna şərait yaradan tərəflərdən biridir. Belə olan halda onlardan ciddi bir dəyişiklik gözləmək nə dərəcədə realdır? Yas maşınları, ehsan məclisləri, Təzəpir məscidinin mərasim zallarında verilən ehsanlar - bunların hamısı insanların artıq maraq göstərmədiyi, lakin illərdir davam etdirilən hallardır.

Hazırda bu sahədə əsas addımları dövlət atır və inzibati qaydalarla bunun qarşısını almağa çalışır. Pandemiyadan əvvəl bu ənənə davam edirdi, pandemiya dövründə yığışdırıldı, amma pandemiyadan sonra sanki heç nə olmamış kimi yenidən bərpa olundu.

Əgər ilk növbədə Təzəpir məscidinin ətrafında verilən ehsanlar yığışdırılsa, bu, ciddi nümunə olar. Naxçıvanda ehsan verilməsi ləğv olunub və bu proses bu günə qədər davam edir. İnsanlar buna alışıb və artıq bu, yeni bir ənənə kimi formalaşıb.

Eyni qaydanın Azərbaycanın digər rayon və şəhərlərində də inzibati yolla tətbiq edilməsi insanların xeyrinə olar. İlk vaxtlar etirazlar gözləniləndir, bir-iki dəfə narazılıq səslənər, amma zamanla hamı bunun faydalı olduğunu görəcək və bu ənənə cəmiyyət tərəfindən qəbul ediləcək. Açığı, bundan başqa yol da yoxdur”.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafa deyib ki, bəzi rayonlarda ehsanın yığışdırılması ilə bağlı qərarı müsbət qiymətləndirir:

“Yas mərasimlərinə dini deyil, mədəniyyət məsələsi kimi yanaşmalıyıq. Artıq bu mövzunun dini tərəfi yoxdur, çünki söhbət dinə deyil, zamanla formalaşmış, lakin yanlış istiqamətdə inkişaf etmiş adət-ənənədən gedir. Yas mərasimlərinin sadə şəkildə keçirilməsinin cəmiyyətdə həm təbliğinə, həm də tətbiqinə ehtiyac var.

Bu baxımdan bir sıra bölgələrdə, o cümlədən Naxçıvanda bu cür qərarların verilməsi sevindiricidir. Cəmiyyət öz həyatını sadələşdirmə yolunu seçməlidir, bunu onun yerinə kimsə edib həyata keçirməyəcək. Qəbul olunan qərarlarla bu sahədə müəyyən bir qayda yaranır ki, bu da müsbət tendensiyadır. Düşünürəm ki, illərdir aparılan maarifləndirmə və təbliğat işləri də bu prosesə təsirsiz ötüşməyib”.

Komitə sədri qeyd edib ki, yas mərasimlərində dəbdəbə çox vaxt özünü təqdimetmə forması kimi ortaya çıxır:

“Bu məsələ israfçılıqdan daha çox mədəni bir komponent kimi dəyərləndirilməlidir. İsrafçılıq hər zaman olacaq və bu, insanların dünyagörüşü və özünü necə təqdim etməsi ilə bağlıdır. Kimi avtomobili ilə, kimi evi ilə, kimi pulu ilə, kimi isə süfrəsi ilə özünü göstərməyə çalışır. Yas mərasimlərində də dəbdəbə bir növ özünü təqdimetmə formasıdır: “daha yaxşı yas keçirdim”, “əzizimə daha çox hörmət etdim”, “daha böyük başdaşı qoydum” kimi düşüncələr üzərində qurulan bir qürur hissi yaranır”.

Fazil Mustafanın fikrincə, bunun müəyyən mənəvi izahları ola bilər, lakin əsas məqsəd cəmiyyətin mədəni inkişafına xidmət edən yanaşmanı formalaşdırmaqdır:

“İnsana maddi çətinlik yaradan, onu sıxıntıya salan halların yüngülləşdirilməsi yolunu insanlar özləri seçməlidirlər. Gələcəkdə bu sahədə ölkə üzrə vahid yanaşma formalaşa bilər, amma ilk növbədə bu davranış aşağı səviyyələrdə, yəni cəmiyyətin özündə qəbul edilən və mənimsənilən bir normaya çevrilməlidir.

Təəssüf ki, bu mövzu çox vaxt yanlış şəkildə dinlə əlaqələndirilir, bəzən isə məsələyə səthi, molla məntiqi ilə yanaşılır. Halbuki bunun dinlə heç bir əlaqəsi yoxdur. Din deyir ki, insanlar itki ilə üzləşən şəxsin dərdinə şərik olmalıdırlar. Onun yeməyinə, puluna şərik olmaqla bağlı dində heç bir tələb yoxdur. Bizdə isə daha çox kədər sahibinin süfrəsində görünməyə üstünlük verilir ki, bu da yanlış davranışdır.

Əsas olan insanın kədərinə sadə və səmimi şəkildə şərik olmaq, onu əlavə maddi yük altına salmadan, öz ağrısını yaşamasına imkan yaratmaqdır. Bu yanaşma həmin insanın özünü daha çox diqqətdə hiss etməsinə, mənəvi dəstəyi duymasına və cəmiyyətin həqiqi həmrəyliyini görməsinə kömək edər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!