Sözsüz ki, Elxan Yunus istedadlı aktyordur. Xarici görünüşü, səsi, jestləri ən yaxşı filmlərdə, seriallarda baş rolda çəkilməsinə imkan verir. Həm də zəhmətkeş adamdır, daim öz üzərində işləyir. Şöhrət xəstəliyinə tutulan bəzi həmkarlarından fərqli olaraq, heç vaxt başı gicəllənmir. Portuqalların 40 yaşlı Ronaldosu hər gün yaşıl meydanlara tələsdiyi kimi bizim 54 yaşlı Elxanımız da hər gün məşqə, səhnəyə tələsir...
Mən onu ilk dəfə "Vicdan haqqı" serialından tanımışam. O vaxt hələ müqəddəs torpaqları görmək nəsibim olmamışdı. O vaxt saçlarımdakı ağ tüklərin sayı indiki kimi qara tüklərin sayından çox deyildi. O vaxt Bakıda mal əti 17 deyil, 7 manat idi.
Başınızı çox ağrıtmayım, demək istədiyim odur ki, həmin dövrdən bəri çox sular axdığına görə "Vicdan haqqı" serialının süjet xətti tam yadımda deyil. Yadımda qalan odur ki, Əməkdar artistimizin həmin serialda iki arvadı, iki uşağı vardı. Evlənməli oğlu, ərə getməli qızı olsa da, gözünü qırpmadan arvadına xəyanət edirdi... pizza sifarişi
Sonra bizim yolumuz 'Yuxu kimi" serialında kəsişdi. Əməkdar artist Çingiz Əhmədovun özündən də istedadlı olan oğlu İbrahim Çingiz serialı tərk edəndən sonra Elxan Yunusun personası diqqət mərkəzinə düşdü. Yenə kəbinli arvadı ilə məşuqəsinin arasında qalmışdı. Yenə pəhləvan boyda oğlunun, bir evin çırağını yandırmalı yaşda olan qızının başını aşağı eləyirdi. Yenə alıb boşayırdı...
Dünən bilmişəm ki, Elxan Yunus indi də "Xəyanət" serialına çəkilir. Yenə serialdakı həyat yoldaşına - Əməkdar artist Kəmalə Müzəffərə xəyanət edir. Yenə dağ boyda oğlanlarını el içində xar edir.
Ay başınıza dönüm, adam nə qədər arvad alıb boşayar? A kişi, adam nə qədər uşaqlarının anasına xəyanət edər?
Qarabağda Xəlil adlı bir traktorçu olub. Hər axşam işdən evə gələndə televiziyada rəhmətlik Mirzə Babayevin “Kəpənək” mahnısını oxuduğunu görürmüş. Bir gün dözməyib Mərkəzi Komitəyə məktub yazır. Deyilənlərə görə, Xəlil kişinin məktubu bu sözlərlə bitirmiş: “Bir kənd zəhmətkeşi olaraq sizdən xahiş edirəm ki, bir kəpənək tutub Mirzə Babayevə verin. Onun da canı qurtarsın, bizim də”.
Hacı QULAM
Telegram kanalımız