Rejissor Nazim Rza әrsәyә gәtirdiyi filmlәrin oğurlandığı, müәllif hüquqlarının pozulduğu haqda yazılı açıqlama ilә çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, rejissor açıqlamasında bildirib ki, 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyilə bağlı “Göylər sonsuz bir dənizdir” adlı kinotrilogiya çəkib. Trilogiyaya 3 film daxil olub. “Leyla”,”Züleyxa” və “Səma qardaşları”.
Hər üç film İkinci dünya müharibəsində və ondan öncəki dönəmdə Azərbaycan təyyarəçilərinin igidliyinə, arxa cəbhədəki çalışmalarına həsr olunub: “Hər üç filmin ssenari müəllifi və quruluşcu rejissoru mənəm. Hər üç film Azərbaycanda yaradılmış ilk müəllif filmləri idi və məmim adımla bağlıdır. Rus dilində belə filmlərə “avtorskoe kino” deyilir. Qərb ölkələrində bu geniş yayılıb. Azərbaycanda belə film 1995-ci ildə yarandı. Sonrakı illərdə çoxlu müəllif filmi çəkdim”.
Rejissor deyib ki, plagiatlıq xəstəliyi onun kino yaradıcılığından yan keçməyib: “Belə ki,”Odlar yurdunun qızları” filminin bir sıra epizodunu eləcə də “Gölər sonsuz bir dənizdir” kino-trilogiyasındakı “Leyla”,”Züleyxa” filmlərinin bir sıra dəyərli epizodlarını mətnləri ilə birgə İctimai Televiziya mənimsəyib və özünün hazırladığı “Azərbaycan qadın təyyarəçiləri” adlı qondarma bir filmin içində əridib. Gözdən pərdə asmaq üçün mənimsənilmiş epizodların altında anonim xarakterli “Arxiv” yazısını yerləşdirib. Trilogiya 3 saat ərzində başdan ayağa istər kadrda, istərsə kadr arxasında mənim səsimlə, yəni müəllifin səsiylə səsləndirilmiş olsa da, İTV-nin hazırladığı qondarma filmdə məndən heç əsər-əlamət də yoxdur.
Bu “plagiat film” ilk dəfə 2016-cı ildə İTV-nin ekranında yayımlandı. Bununla bağlı mətbuatda çıxış etdim. Bir müddət “plagiat filmin” yayımlanmasının qarşısını İTV almaq zorunda qaldı. Ona görə daha başqa ünvana, o cümlədən Müəllif Hüquqları Agentliyinə müraciət etməkdən vaz keçdim.
Ara sakitləşəndən 3 il sonra, daha doğrusu 2019-cu il mart ayının 8-də plagiat “film” yenidən zühr etdi və İTV-nin ekranında bir daha göstərildi. Bununla da, İctimai Televiziya Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”kı qanununu növbəti dəfə kobudcasına pozmuş oldu. Bu Qanuna və Azərbaycan Prezidentinin verdiyi sərəncama sayğısızlıq, eyni zamanda Dövlətə sayğısızlıq kimi dəyərləndirilməlidir. Bunun bədəli isə ağır olmalıdır. Hər halda müəlliflik hüququna sayğı göstərən mədəni ölkələrdə belədir və düşünürəm ki, belə də olmalıdır”.
Telegram kanalımız