“Bir günə görüşlər təyin olunmur və kim bunu deyirsə, onun siyasətdən başı çıxmır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O, Prezident İlham Əliyevin hökumətin sonuncu iclasında səsləndirdiyi fikirlərdən sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla görüşmək üçün Tbilisiyə səfər etməsi faktına toxunub. pizza mizza
F. Şəfiyev vurğulayıb ki, görüşlər əvvəlcədən razılaşdırılır, ən azı bir neçə həftə öncədən bu barədə ümumi rəy əldə edilir:
"Ona görə də, bir gündə bunun olması inandırıcı görünmür.
Bəli, görüşdən əvvəl Prezident Azərbaycanın mövqeyi haqqındakı əsas məqamlara toxunub və onları ifadə edib. Amma görüş və nəticə barədə mən müsbət bir şey söyləməzdim. Çünki əgər biz Azərbaycan və Ermənistan XİN-in açıqlamalarına baxsaq, görərik ki, vurğular çox fərqlidir. Ermənilər yenə də ATƏT-in Minsk qrupunu qabardır, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədirlər. Azərbaycan XİN isə vurğunu ayrı məsələlərə yönəlib. Ona görə də, Tbilisi görüşündə müsbət bir nəticə görmürəm”.
“Bu açıqlamalardan sonra Ermənistandan və Rusiyadan hər hansı bir cavabın gələcəyini demək də çətindir. Bilirəm ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edəcək, amma bundan sonra nə olacaq və hansı reaksiyalar veriləcək, bunu demək çətindir”, - deyə F. Şəgiyev fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız