Dövlət başçısı İlham Əliyev «Avropa siyasi birliyi»nin 2-ci Zirvə toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasında səfərdə oldu. Ölkə Prezidentinin səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna bir daha aydınlıq gətirdi. Prezident İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşündə iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün imkanların mövcud olduğu bildirildi.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirildi. Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etmişdir. pizza hut
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir. “Avropa siyasi birliyi”nin prioritet hesab etdiyi istiqamətlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmiz uzun illərdir ki, sözügedən sahələrdə ciddi və nümunə ola biləcək bir fəaliyyət nümayiş etdirir.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin ardıcıl olaraq “Avropa siyasi birliyi”nin Zirvə toplantılarına dəvət olunması Azərbaycanın sözügedən platformanın prioritet hesab etdiyi istiqamətlər üzrə həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən irəli gəlir. İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli, eyni zamanda, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli qeyri-rəsmi görüş keçirildi. Beştərəfli görüş müsbət atmosferdə keçdi. Qərara alındı ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş keçirilsin. Bu dövr ərzində də xarici işlər nazirləri Vaşinqtonda növbəti dəfə görüşəcək. Vaşinqtonda danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransa və Almaniyanın budəfəki görüşdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyır. Əsas müzakirələr Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda aparılıb. Bu görüşdə bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd edilib. Fransa Prezidentinin ənənəsinə uyğun olaraq yenə də görüşdən sonra yaydığı bəyanatda bu ölkənin bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığına işıq saldı. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da bildirilir ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülhə və sabitliyə heç də töhfə vermir. “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Daha sonra Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Brüssel formatı dəstəklənir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin neytral mövqeyi onun vasitəçiliyinin dəstəklənməsində əhəmiyyətli rol oynayır.
Telegram kanalımız