Deputat Aqil Abbas “Kitabxana işi haqqında” qanun layihəsi ətrafında maraqlı fikirlər söylədi. “Bu gün rayonlarda kitabxanalar bağlanır və kiril əlifbası ilə nəşr olunan kitabları çölə tökürlər. Onda ərəb əlifbasından olan kitabları da çölə atmalıyıq. Sosial şəbəkələrdə də birdən 50 min kitabın çölə atlıdığını görürük”-deputat bildirdi.
A.Abbas yeni, elektron kitabxanalardan da bəhs edərək dedi ki, elektron kitabxanaya gedib kitab oxuyanları tanımır: “Gözəl binalar tikib, ağzına da qıfıl vurublar. Kitab sevdiyin qız kimi gözəldir. Sən kitabı oxuyursan, onu sinənə qoyursan. Ya elektron kitabxanadan kitab oxudun, ya da əleyhqaz geyindin, qızılgül iylədin, fərqi yoxdur. Rayonlarda bir dənə kitab mağazası yoxdur, bağlayıb, əvəzinə ət satırlar”.
Deputat dedi ki, bu gün bəzi rayonlarda kitabxanalar var: “Mən 1988-ci ildə Ağcabədinin Bayat kəndinə atamın imkanları hesabına gözəl bir kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoydurmuşam. Mən indi istərdim bizim imkanlı deputatlar hərəsi bir kitabxana tikdirsinlər. Restoran açırsan, sağlığına qismət, amma kitabxana da tikdir. Məscid tikdirirsən, bir dənə də kitabxana tikdir, nə olar? Kitabxana vacib məsələdir. Bir də Mədəniyyət Nazirliyi kitabxanaya kitab göndərir, amma dövlət sifarişi ilə çap olunanları. Amma kim ki, şəxsi vəsaiti hesabına kitab nəşr etdirir, onları göndərmir”.
Musavat.com
Telegram kanalımız