Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası başa çatdırılıb. Belə ki, mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər olunub ki, bu da cəmi ayrılmış məbləğin 91,4 faizini təşkil edir.
Bu prosesdə bəzi şəxslərə ödəniləcək kompensasiyaların məbləği çox az olduğundan vətəndaşlar həmin məbləği gedib götürmür, az olduğu üçün əhəmiyyət vermirlər. Ümumilikdə isə kompensasiya məbləğləri ilə razılaşmayanlar da var.
Məsələylə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, kompensasiyalarla bağlı məsələnin bitməsi, ümumilikdə bu dövr pis keçməyib: pizza mizza
“Çox ciddi qanun pozuntuları və ya narahatlıq olmadı. Amma bəzi məlumatlara görə, hələ də 30 minə yaxın insanın kompensasiya məsələsi həll olunmamış qalır. Xırda məbləğlər çox güman ki, istifadə olunmayandan sonra dövlət büdcəsinə geri qaytarılmalıdır. Qanunvericiliyə görə belədir.
Amma bu günə qədər kompensasiyasını almayan insanlar da var. Güman ki, onlarla bağlı problem yaşanacaq. Hesablama qaydaları ilə narazı olanlar, kompensasiyaların doğru hesablanmadığını düşünən müştərilər də var. Onlar məcbur olacaq ki, məhkəmələrə müraciət etsinlər. Çünki məhkəmə qərarı olmadan onların kompensasiya alması mümkünsüz olacaq”.
Qeyd edək ki, 13 minədək vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir. Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin olunacaq.
Əsmər Qabil
Telegram kanalımız