Bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava hökm sürür. Milli Hidrometeorologiya Xidmətinin bu gün səhər saatlarında verdiyi məlumata görə, rayon və şəhərlərdə arabir leysan xarakterli yağış yağıb.
Yenisabah.az xəbər verir ki, intensiv və güclü yağışlar ölkənin müxtəlif bölgələrində ciddi fəsadlar törədib.
Yağışa görə Bakının bir çox küçəsində sıxlıq olub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, paytaxtın 16 küçə və prospektində avtomobillər tıxacda qalıb. Külək Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib, Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb. Düşən yağıntının miqdarı Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.
Milli Hidrometeorologiya Xidməti bildirib ki, Astaraya 121 (aylıq normanın 61%-i) , Balakənə 111 (aylıq normanın 131%-i), Zaqataladya (aylıq normanın 112%-i) 95, Qaxa (aylıq normanın 38%-i) 45 mm yağıntı düşüb. Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb.
Rayonun Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su həddən artıq artıb, hər üç çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb.
Sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb. Hazırda Zaqatalada Talaçaydan, Şəkidən isə Şinçaydan sel keçir. Qrız, Qusar, Şahdağda duman müşahidə olunub. Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.
Balakən rayonunun Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.
Cənub bölgəsində də yağışlar fəsadsız ötüşməyib. Astaraya 121 (aylıq normanın 61%-i), Yardımlıya 20, Lənkərana 9 mm yağıntı düşüb. Astarada Pensərçay çayı daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub. Bir neçə kənddə körpüləri sel aparıb, gediş - gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Telegram kanalımız