Yazarın sirli “Labirint”i - Fazil Mustafa yazdı

saytların hazırlanması

Evə çatdırılma

Yazarın sirli “Labirint”i - Fazil Mustafa yazdı

Yazar

20 May 2026 10:23 548


Azərbaycan ədəbiyyatında elə yazarlar var ki, onları yazdığı əsərlərlə birgə, düşüncə tərzi, dünyaya baxışı və milli yaddaşa münasibəti ilə dəyərləndirmək lazım gəlir.

İmamverdi İsmayılov da bu qəbildən olan qələm adamlarındandır. O, mütaliəyə ciddi zaman ayırmaqla yanaşı, milli-mənəvi irsimizə, yeni çağırışlara da yaxşı bələddir. Onun hər yazısında süjet və hadisədən daha qabarıq geniş dünyagörüşünün yaratdığı düşüncə qatları görünür.

İmamverdi İsmayılovun yaradıcılığında diqqətimi ən çox çəkən cəhətlərdən biri dil məsələsidir. Onun dili süni bədii effektlər üzərində qurulmur. Bu dilin içində xalq yaddaşı, kənd həyatının təbii axarı, folklor düşüncəsinin izləri, qədim etnoqrafik qatların ruhu yaşayır. Yazdıqları adamı hadisənin içinə də, yaddaşın dərinliyinə də aparır. Çağdaş insanın sürətlə unutduğu bir çox mənəvi detalları o, sanki mətnlərində yenidən dirildir. pizza hut

“Labirint” povesti də bu baxımdan maraqlı və düşündürücü əsərlərdən biridir. Burada sadəcə bir insan taleyi, yaxud ölüm faktı təsvir olunmur; əsərdə insanın öz iç dünyasında itməsi, həyatın görünən və görünməyən qatları arasında dolaşması, vicdanla yaddaşın toqquşması kimi məqamlar ön plana çıxır. Əslində, insanın özündən qaça bilməməsi məsələsi əsərin əsas fəlsəfi xəttinə çevrilir. Çağdaş dövrdə texnologiyanın, informasiya gurultusunun və siyasi gündəmin içində insanın özü ilə münasibəti ən böyük problemlərdən birinə çevrilib. İmamverdi İsmayılov bu məqamı sakit, emosional hayqırtıya varmadan, amma dərin psixoloji müşahidələrlə təqdim edə bilir.

Onun yaradıcılığında etnoyaddaş xüsusi yer tutur. Bu, keçmişə romantik nostalji kimi görünmür, əksinə, milli kimliyin qorunması məsələsi kimi ortaya çıxır. Çünki yaddaşını itirən toplum zamanla mənəvi yönünü də itirir. İmamverdi müəllimin mətnlərində xalqın danışıq ritmi, davranış kodları, inanc dünyası və yaşam fəlsəfəsi öz təbii axarında görünür. Bu da onun əsərlərini yalnız bədii mətn olmaqdan çıxarıb, bir mədəniyyət hadisəsi kimi oxumağa imkan verir.

Bugünkü Azərbaycan ədəbiyyatında çox yazanlar var, amma az sayda müəllif oxucunu düşündürə, onu öz daxilinə qaytara bilir. İmamverdi İsmayılovun fərqi də, məncə, bundadır. O, oxucunu sadəcə hadisə ilə qarşılaşdırmır, onu öz vicdanı, yaddaşı və mənəvi labirinti ilə üz-üzə qoyur. Həqiqi ədəbiyyatın əsas missiyası elə bu deyilmi?..

Fazil Mustafa

Millət vəkili


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!