“Məmləkətdə korrupsiya faktları toplumda ciddi etiraz doğurmur - bu nəticədir, səbəblər haqqında "səsli" düşünməyə çalışacam. Azərbaycan coğrafi məkan olaraq tarix boyu imperiyaların perifiriyasında yerləşib deyə mərkəzdən uzaq, könüldən iraq yer olub”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert Korrupsiya etinatsızlığı başlığı ilə bu sözləri yazıb:
“Bu torpaqlar bir neçə imperiyanı, özü də tam fərqli ideloji, dini, fəlsəfi, iqtisadi təməli olan imperiyaları yola verib. Məzhəb təməlli imperiyalardan tutub da, provoslav, sonra da ateizm əsaslı imperiyaların əyaləti, mərkəzdən uzaq parçası kimi davranıb, öz dövləti olmayıb deyə, gələn-gedənləri içləşdirməyib, dövlətə, onun orqanlarına şübhə ilə yanaşıb. "Dövlət mənim işimə qarışmasın, mane olmasın, nə istəyir etsin", yanaşması düşüncə tərzində hakim olub. Məmurun (fərqli imperiyalarda bu kastanın adı fərqli olub) oğurladığını özündən, cibindən getdiyi duymayıb. Dövlətlə (məmurla) mübarizə etməkdənsə anlaşmağı üstün sayıb. Bacarıqlı toplum olub deyə, həm özü qazanıb, həm dövləti yedizdirib. Məhz buna görə toplumun davranış və düşüncə kodlarında maraqlı, dünyanın digər xalqlarında görünməyən deyimlər yaranıb: “Yumurtadan yun qırxmaq”, “Daşdan pul çıxartmaq”, “Oğrudan oğruya halaldı”, “Beş günlük dünyadır”, “Dövlətin malı dənizdi, yeməyən donuzdu” və s. - bu kimi deyimlər davranış alqoritmini müəyyənləşdirib. Sezar pizza
SSRİ dönəmi bu kodları lap pərçimlədib - tikintidə işləyən evə sement, zavodda işləyən alət, fabrikdə işləyən parça, kolxozda işləyən kartof daşıyıb. Özü içləşdirmədiyi dövlətdən çırpışdırmağı problem saymadığı üçün başqalarının da oğurladığını normal hal sayıb.
Müstəqillikdən sonra yavaş-yavaş öz dövlətinin təəssübkeşliyi yaransa da, hələ də bu sistemi içləşdirmədən uyğunlaşıb. Dövlətin büdcəsini formalaşdırmır deyə (əlahəzrət neftə görə), həmin büdcədən oğurlananı da özünün pulu kimi görmür.
Məmləkətdə vergi ödəyicisi mədəniyyəti formalaşmayıb, "vergi verirəm deyə tələb edirəm" yanaşması yoxdur. Çünki vergi tarixən seçkiyə bağlı olub, seçki yoxdursa verginin əhəmiyyəti ölür - deməli məmləkətdə korrupsiyaya münasibətin dəyişməsi də seçki institutunun formalaşmasından asılıdır”.
Telegram kanalımız