“İlkin olaraq sənəddə fiziki şəxslərin kredit borcları yer alır. Hüquqi şəxslərə aid deyil. Fərmandan irəli gələn nəticə ondan ibarətdir ki, bu, fiziki şəxslər birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərə şamil ediləcək. Fərmanda birinci devalvasiyadan sonra 0,78, 0.79 məzənnə ilə 10 min dollara qədər götürülən kreditlər nəzərdə tutulub”
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, birinci devalvasiyadan sonra bir dollar 1.05 manata qalxdı və o aralıqdakı fərqi dövlət öz üzərinə götürür:
“Yəni dövlət 10 min dollara qədər götürülən kreditlərin devalvasiyadan dəymiş ziyanı öz üzərinə götürür. Burada insanları maraqlandıran məqam odur ki, yardım 5 min dolları keçməmək şərtilədir. Yəni götürülən kreditlərin həcmi 10 mini, ediləcək yardım da 5 mini keçməməlidir. Dördpendirli pizza
Fiziki şəxslərlə bağlı kredit borcu 700 minə qədər insanı əhatə edir. Bu, təqribən 1.8 milyard manat edir. Bu fərmandan irəli gələn göstərişlərin hamısı yerinə yetirilsə, bu tamamını əhatə etməsə də böyük həcmdə problemli kreditlərin həllində irəliyə atılmış addım olacaq.
Hüquqi şəxslərlə bağlı fərmanda heç bir müddəa yoxdur. Güman ki, bu günə qədər məhkəmələr yolu ilə çəkişmələr davam edirdisə, belə də davam edəcək. Ancaq məhkəmənin verdiyi qərarlar əsasında hüquqi şəxslərin problemli kredit məsələsi həll oluna bilər.
Əslində problemli kreditlər dövlət tərəfindən tam ödənilmir. Devalvasiyaya qədər olan məzənnə ilə vətəndaş kredit borcunu ödəməyə məcbur olacaq. Yəni 0,78 - lə götürmüşdüsə, həmin o hissəni ödəməli olacaq. Amma devalvasiya nəticəsində dəymiş ziyan dövlət tərəfindən ödəniləcək. Yəni 0.78 dən 1,05-ə manata qalxan, bu da təqribən 25 qəpik edir. İkinci devalvasiyada dolar 1.05 qəpikdən 1.55 manata qalxdı. 1.05 manatdan sonrakı dövrdə götürülən kreditləri vətəndaşlar 1.05 qəpikdən ödəməyə məcbur olacaqlar. Əlavə hissəni dövlət üzərinə götürəcək. Məlum olur ki, burada məsuliyyət vətəndaşla dövlət arasında bölünür. Banklar burada iştirak etməyəcək. Onların heç bir məsuliyyəti yaranmayacaq.
Kifayət qədər vətəndaş var ki, devalvasiyadan dəymiş ziyanı özləri ödəyib. Onlara dəymiş ziyanla bağlı əlavə kompensasiyaların verilməməsi bu fərmanda nəzərdə tutulmur. Bu da müəyyən mənada ədalətin pozulmasına gətirib çıxaracaq. Bu fərman problemlərin tam həlli demək deyil. Amma böyük əksəriyyəti həll olunacaq”.
Digər iqtisadçı Rövşən Ağayev da bildirib ki, 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir:
"2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir. Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənilir, əgər həmin müddəti keçməyibsə, bilavasitə vətəndaşın özünə çatdırlır. Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir. Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur”.
Qeyd edək ki, güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.
Telegram kanalımız