“Rusiya postsovet ölkələrinin, xüsusən də Ermənistanın Qərbə inteqrasiyasını həmişə qəzəblə qarşılayıb. Nikol Paşinyan hakimiyyətinin son 4-5 ildə həyata keçirdiyi qərbyönümlü siyasətə Moskvanın yanaşması birmənalı deyil”.
Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, aprelin 1-də Kremldə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin üstüörtülü şəkildə Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşısında bir neçə tələb qoyub: Dominos pizza
“Putin açıq şəkildə bildirdi ki, İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə bağlı fəaliyyəti bir yerə sığmır və bunlar fərqli sistemlərdir. Kreml sahibi üstüörtülü şəkildə iş adamı Samvel Karapetiyanın seçkilərdə iştirakına şəraitin yaradılmasını və Rusiya pasportu yaxud ikili vətəndaşlığı olan şəxslərin də səsvermədə iştirakını tələb etdi. Bu, bir ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə sayıla bilər. Paşinyanın cavabları isə kifayət qədər sərrast və cəsarətli oldu”.
Siyasi şərhçi vurğulayıb ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiya vətəndaşı olan ermənilərin iştirakı qanunvericiliklə mümkün deyil:
“Karapetiyan və Rusiya pasportu daşıyan ermənilərin seçkilərdə iştirakı ilə bağlı Paşinyan incə formada bildirdi ki, Ermənistan demokratik dövlətdir və seçkilər ölkə konstitusiyasına, qanunvericiliyə uyğun formada keçiriləcək. Ermənistan qanunvericiliyinə əsasən, seçkilərdə yalnız Ermənistan vətəndaşı olan şəxslər iştirak edə bilər. Rusiya tərəfi buna qane oldumu, fikrimcə yox. Əslində Putin də görüşdə bu kimi məsələləri müəyyən qədər diplomatik tərzdə qaldırmaqla, həm Ermənistandakı revanşistlərə mesaj göndərdi, həm də seçkilərin nəticəsindən asılı olaraq, gələcəkdə Paşinyan hakimiyyəti ilə əməkdaşlığın davam edəcəyi siqnalını verdi”.
O.Qasımov qeyd edib ki, Kremldə baş tutan görüş İrəvan və Moskva münasibətlərində yeni bir mərhələnin başlanğıcı sayıla bilər:
“Bu baxımdan, dünənki görüş Ermənistan və Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Əgər Paşinyan seçkilərdə qələbə qazanıb, yenidən iqtidarını davam etdirə bilsə, Moskva ilə münasibətlər daha sivil və bərabərhüquqlu tərəfdaşlıq müstəvisinə keçə bilər. Yox əgər Paşinyanın hakimiyyətini itirərsə, bu o məna kəsb edəcək ki, Rusiyanın Ermənistanda istədiyi oldu və özünə yaxın qüvvələri hakimiyyətə gətirdi”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, V.Putin N.Paşinyanla Kremldə dünənki görüşündə ona qəti şəkildə “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiz, ikisi bir arada mümkün deyil” xəbərdarlığını etdi.
“Putin vaxtilə eyni sözləri Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə də demişdi, bunun nə ilə nəticələndiyi bəllidir, iki ölkə arasında müharibə beşinci ilinə keçib. Yəni Putin sanki Paşinyana da demək istədi ki, yanlış qərar versəz, bunun Ukrayna kimi Ermənistan üçün də ağır nəticələri olacaq. Paşinyanın Putinə cavabı bu oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin. Ümumiyyətlə iki liderin mətbuat qarşısında dünənki görüşü qarşılıqlı ittihamlar şəklində keçdi. Bu nadir hallarda baş verən hadisədir. Hər iki lider fikirlərini diplomatik tərzdə ifadə etməyə çalışsalar da, Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi”.
Nazim Hacıyev
Telegram kanalımız