“Lavrov Ermənistanı qamçılayır, Şoyqu qoğal verir” - Rusiyanın ikibaşlı oyunu

“Lavrov Ermənistanı qamçılayır, Şoyqu qoğal verir” - Rusiyanın ikibaşlı oyunu

Siyasət

06 Fevral 2023 11:41 886


“Xüsusilə, son dövrlərdə Rusiya Ermənistan münasibətlərində çox ciddi bir gərginlik müşahidə olunur. Hətta gərginlik o qədər artıb ki, artıq Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ləğvi, o cümlədən Ermənistanın KTMT-dən çıxması kimi məsələlər bu gün aktuallaşıb”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Dmitri Kiselyova verdiyi müsahibədə Ermənistanın Azərbaycanın 7 rayonunu vaxtilə işğal etməsi faktını təsdiqləməsi ilə yanaşı bu gün Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin təxribatyönümlü açıqlamaları arasındakı ziddiyətlərdən söz açıb. 

E.Nəsirov bunu siyasi manipulyasiya kimi qiymətləndirib. Onun sözlərinə görə, hələ bu az imiş kimi, Ermənistan əvvəl Avropa İttifaqının 40 nəfərlik müşahidə qrupunu 2 ay müddətlik öz ölkəsinə dəvət etmişdi, indi isə bunun müddətini 2 il uzadıb. 

Millət vəkili əlavə edir ki, Bu gün Rusiyada Kremlə yaxın olan politoloqların ilkin rəyi bundan ibarətdir ki, əgər Avropa İttifaqının Mülki Missiyası 2 ilə yaxın müddətə Ermənistana gəlibsə, bunun ardınca artıq NATO-nun hərbi missiyası gələcək: 

“Yəni artıq açıq müstəvidə Rusiya-Ermənistan münasibətlərində çox ciddi gərginliyin olması müşahidə olunmaqdadır. Belə olan vəziyyətdə isə Rusiya xarici işlər naziri Sergey Lavrovun işğal altında olmuş 7 rayonumuzla bağlı fikirləri, habelə Qarabağın Azərbaycanın tərkib hissəsiylə bağlı olan mövqeyi normaldır. Bundan savayı, Lavrov söylədi ki, oktyabr ayında Praqada əldə edilmiş razılaşmaya görə, Ermənistan-Azərbaycan sərhədləri SSRİ dövründəki sərhədlər kimi müəyyən edilməlidir. Yəni 1991-ci ilə qədər Qarabağ Azərbaycanın ərazisi hesab olunub və bu, əsas götürülməlidir. Onun hər bir fikri isə Ermənistanda böyük şok yaradıb”. 

Onun fikrincə, buna baxmayaraq, görünür ki, burada Rusiyanın ayrı-ayrı nazirlikləri özünəməxsus manevr edirlər: 

“Belə ki, xarici işlər naziri bir fikir söyləyir, amma Müdafiə Nazirliyi isə başqa bir fikir. Yəni Müdafiə Nazirliyi yenə də həmin əraziləri öz adıyla çağırmır, Qarabağ deyil, “Dağlıq Qarabağ” ifadəsi işlədir və bu ərazidəki bölgələrin əksər adlarını bir çox hallarda erməni adlarıyla qeyd edir. Mənə elə gəlir ki, bu, manevr məsələsidir. Yəni Ermənistanı qamçılamaq istəyəndə Lavrovun səsləndiridyi fikirlər qabağa çəkilir, yox, qoğal vermək, başını tumarlamaq və könlünü almaq istəyəndə artıq Rusiya Müdafiə Nazirliyinin mövqeyi ortaya qoyulur”. 

Müsahibimizin dediyinə görə, hazırda belə ikibaşlı oyun gedir və buna siyasi manipulyasiya deyirlər. Milli Məclisin üzvü aydınlaşdırıb ki, Rusiya bu saat bununla məşğul olmaqdadır.

“Rusiya tərəfinin işğalla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın əliylə Ermənistanı cəzalandırmaq istəyi ola bilərmi” sualına isə həmsöhbətimiz belə cavab verib: 

“İrəvanın bütün davranışları onu göstərir ki, o, sülh müqaviləsinin imzalanmasından yayınır və yekun müqaviləyi imzalamaq istəmir. Eyni zamanda Ermənistanda Azərbaycana qarşı yenə də hədələyici bəyanatlar sələndirilir, o cümlədən revanşizm güclənir. Belə olan vəziyyətdə isə hər an hər şey baş verə bilər. Necə ki, sentyabrda çox ciddi bir toqquşma baş verdi, indi də bu, istisna deyil. Hətta Azərbaycan beynəlxalq hüquqa söykənib öz ərazisində antiterror əməliyyatı keçirmək hüququna da malikdir. Qısası, öz ərazimizdə təhdid yaranacağı təqdirdə preventiv addımlar atmaq bizim müstəsna hüququmuzdur və bu hüququ bizə beynəlxalq hüququnun norma və prinsipləri, habelə BMT Nizamnaməsinin 7-ci fəsli verib”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!