Lerikdən şikayət: “Buğdanı biçməyə texnika verilmir, taxıl məhv olur”

Lerikdən şikayət: “Buğdanı biçməyə texnika verilmir, taxıl məhv olur”

Xalqın səsi Veb saytların hazırlanması

27 İyul 2023 09:33 21076


Lerik rayonun Dizdipok kəndinin sakini Rahim Bünyadov “Yeni Sabah”ın redaksiyasına müraciət edib. Kənd sakinin sözlərinə görə, əkdikləri buğda 1 ay bundan öncə biçilməli olsa da, hələ də aidiyyəti qurumlar onların səsinə səs verməyib.

O, bildirib ki, yağan yağışlar nəticəsində kilən buğdanın təxminən yarısı çürüyüb. R. Bünyadov söyləyib ki, o və digər kənd sakinləri buğdanın kilosunu 1.50 AZN alaraq, kəndətrafı ərazidə 400 hektarlıq torpaq sahəsində əkib. Fermer qeyd edib ki, buna baxmayaraq, onlar kombaynla təmin olunmayıblar. O, bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, cavabsız qaldığını bildirib.

“Mən özümün və Dizdipok kənd camaatı adından cənab Prezidentə müraciət ünvanlamaq istəyirəm. Biz dövlət başçısının müvafiq məsləhətlərinə uyğun olaraq, buğda əkini aparmışıq. Buğdamız 1 aydır ki, biçinə hazır olsa da, kombayn çatışmazlığı ucbatından 1aydır ki, buğdamızı biçə bilmirik. 4 kəndə 1 kombayn göndərilir ki, həmin kombayn da 2 saat xarab, 1 saat işlək vəziyyətdə olur.

Dağlarda əkdiyimiz buğdalar belə biçinə hazır vəziyyətdədir. Hazırda kombayn 7 gündür qonşu Bradi kəndindədir. Ona görə də buraya ən azı 2 kombayn göndərilməlidir ki, biz məhsulumuzu heç olmaya avqustun axırına qədər yığıb qurtarmağı bacaraq. Hava şəraiti ilə əlaqədar olaraq, əgər 1 gün yağış yağırsa, kombayn 3 gün sahəyə girə bilmir. Lerik dağlıq zonadır, onun üçün də bizə 2-3 kombayn göndərilsin ki, biz də nəticə əldə edə bilək.

Çünki məhsulumuz yağış ucbatından çürüyür və qaralır. Əgər bir dəfə də yağış dəysə, çürüyəcək və zay olacaq. Xahiş edirik, bizə köməklik edin”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!