Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar bugünədək xaricdə olan 15 min azərbaycanlı ölkəyə gətirilib. Bununla belə, hələ də fərqli ölkələrdən vətənə qayıtmaq istəyən yüzlərlə vətəndaşımız var. Şübhəsiz ki, belə təhlükəli vəziyyətdə qürbətdəki vətəndaşlarımızın səhhəti, həmçinin onların yaşadıqları ölkə haqqında məlumat bizim üçün mühim əhəmiyyət kəsb edir. Yenisabah.az-ın bu dəfəki müsahibi Polşanın WSB Universitetinin magistr tələbəsi İlkin Məmmədovdur:
- İlkin, Polşada vəziyyət necədir? Koronavirusa yoluxanların sayında artma tempi müşahidə edilirmi?
- Polşada ümumi yoluxma sayına baxsaq, bu gün üçün 318, ümumi 13 600 yoluxma halı qeydə alınıb. Bugünədək 678 nəfər dünyasını dəyişib, 3 900 nəfər isə müalicə alaraq sağalıb. Ən çox yoluxma sayı Varşava və ətraf rayonlardadır. Mən olduğum regionda (Małopolska) 966 nəfər koronavirusa yoluxmuş şəxs var. Hazırki vəziyyəti nəzərə alsaq, artma var deyə bilmərik. Hətta aprel ayının ortaları ilə müqayisədə nisbi azalma var. Dördpendirli pizza
- Ölkədə virusla mübarizə çərçivəsində hansı tədbirlər görülüb? İnsanlar bizdəki kimi müəyyən müddət ərzindəmi küçəyə çıxır?
- Virusun yeni artdığı dövrdə respublika digər ölkələr kimi sərhədləri bağladı, yadıma gəldiyi qədəri ilə deyə bilərəm ki, təhsil obyektləri ən birinci bağlandı (çünki universitetə getmirdik). Şəhərdə bir çox obyektlər (AVM, paltar mağazaları və s.) bağlandı. Dövlətin qadağası olmasa da, insanlarin böyük əksəriyyəti çölə çıxmırdı. Böyük şirkətlər evdən işləmə rejiminə keçmişdilər. Yalnız mağazalar və apteklər gündəlik açıq idi. O zaman mən xəbərləri daha çox izləyirdim, həmin vaxtlarda çox qadağa yox idi, amma insanlar iş yerlərini bağlamışdılar. Yadıma gəlir, bərbərə getməli idim, amma açıq birini tapa bilmədim. Hətta bir neçə gün sonra eşitdim ki, bərbər və gözəllik salonlarının işləməsi dayandırıldı. İnsanlar həmin günlərdə küçəyə mağazaya, aptekə getmək və it gəzdirmək üçün çıxa bilirdilər. Sonradan parklar qismən bağlandı. Aprelin sonunda isə açıldı. İnsanlar indi küçədə gəzə bilir. Kiçik marketlərdə və apteklərdə maksimum insan qadağası var. Onlar bu qaydaya riayət edirlər. Polyaklar bu cəhətdən olduqca diqqətcildirlər, dövlətin qadağası olmasa belə, çalışırlar ki, primitiv qaydalara riayət etsinlər. Yaşlı insanların küçəyə çıxmasında məhdudiyyət var idi, indi o qadağa yumşaldılıb. Nəqliyyatda bəzi qadağalar var idi.
- Metrolar işləyirmi? Ən çox hansı nəqliyyat vasitələrinə üstünlük verilir?
- Mən yaşadığım regionda metro yoxdur deyə tam bilmirəm, səhv etmirəmsə, Varşavada metro işləmirdi. İnsanlar ən çox avtobus və tramvaylardan istifadə edirlər, əslində , pandemik şəraitdə bu nəqliyyat vasitələri boş olurdu. Nəqliyyatda qadağa dedikdə avtobus üçün maksimum adam sayı 17 , tramvayda 30 nəfərdir. Zatən boş olurdu . Yadıma gəlir, bir həftə dövlət qərar çıxardı ki, avtobuslar saat 5 dən sonra 1 saat fasilə ilə işləyəcək, bunun nəticəsi yaxşı olmamışdı, qərar ləğv edildi. Amma nəqliyyat dayanmadı, insanlar istifadə etməsələr belə, avtobuslar işləyirdi.
- İş yerlərinin bağlandığını dediniz, yəqin ki, strateji əhəmiyyətli müəssisələri işləyir?
- İşlər dövlət müəssisələrində dayandı, böyük xarici şirkətlər evdən işləmə rejiminə keçdilər. Lakin bəzi ofislər işinə davam etdi, məsələn, mən hər gün işə gedirdim, problem yox idi. Amma təbii məcburi deyildi, kim istəsə, evdən işləyə bilərdi.
- Həkimlər son vəziyyətlə bağlı nə deyir? Polşada nə vaxt həyat əvvəlki axarına düşəcək? Ölkədə ümid edirəm ki, maska qıtlığı filan yaşanmır...
- Baş nazirin açıqlamasına görə, ölkə mayın 4-dən, yəni bu gündən etibarən epidemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin azaldılmasının ikinci mərhələsinə keçəcək. Qadağaların yumşaldılması ticarət mərkəzləri, otellər, kitabxanalar və muzeylərə aiddir. Məncə, əgər hər şey belə davam etsə, bu ayın ortalarına və sonuna kimi problemlər həll olunacaq. Ölkədə maska qıtlığı yaşanmadı, amma qiymətlər məncə dəhşət bahadır, çünki ən ucuz tapdığım maska 5zl olub, yəni bildiyimiz nazik maska, 1 dənəsi təxmini 2 manat edir. Bəlkə də ucuzu var, mən bilmirəm, biraz axtarmalıyam.
- Bəs maska taxmaq məcburiyyəti varmı? Eyni zamanda dezinfeksiya işləri barədə də məlumat versəniz, yaxşı olar.
- Mən küçədə ancaq səhərlər oluram, bir də axşam saat 5-6 radələrində, bu vaxt çox dezinfeksiya işlərinə rast gəlməmişəm. Lakin küçələrin dezinfeksiya edilməsi ilə bağlı xəbərlər qarşıma çıxır. Parklar, səkilər adətən, maşınlar vasitəsilə yuyulur, amma bunu tam dezinfeksiyaya aid etmək olmaz. Maska məcburiyyətinə gəldikdə isə bəli, var , aprelin ortasından bu qayda qüvvəyə minib.
- Yəqin ki, distant təhsilə keçmisiniz... Məktəb və universitetlərin nə vaxt açılması gözlənilir? İmtahanları da onlayn şəkildəmi verəcəksiniz?
- Bəli, bizim universitetdə martın ortalarında dərslər dayandırıldı, sonra distant təhsilə keçdik. Düzü, dərslərin nə vaxt açılacağı barədə maraqlanmamışam,amma Təhsil Nazirliyi bildirib ki, mayın 24-nə kimi distant olmalıdır. İmtahanları da onlayn verə bilərik.
- Təhsil Nazirliyi xarici tələbələrin qəbulu ilə bağlı açıqlama veribmi? Məsələn, Türkiyədə təqaüd üçün müraciət edənlərə bildirildi ki, onala gec cavab veriləcək, çünki hazırda bütün diqqət COVID-19-a yönəlib. Polşada necədir?
- Bu barədə araşdırma apardım, amma xarici tələbələrin qəbulu barədə xəbər qarşıma çıxmadı. Çox güman, tələbə qəbulu həmişə olduğu kimi universitetlərin ixtiyarına buraxılıb.
-Vətəndaşlarını ölkəyə qaytarılması baxımından vəziyyət nə yerdədir? Xaricdə olan polyaklar çoxdurmu, ümumiyyətlə, bu istiqamətdə hanı addımlar atılır? Xatirinizdədirsə, bir müddət əvvəl içində yüzə yaxın vətəndaşımız olan Polşa təyyarəsi geri qaytarıldı. Nəticədə Polşa bizdəki vətəndaşlarını da apara bilmədi. Belə hadisə digər ölkələrə olan uçuşlarda da yaşanıbmı?
- İnsanların ölkəyə gətirilməsi üçün reyslər barədə məlumatlar martın ortalarında yayımlandı, o zamanlar #LotDoDomu adlı missiya daxilində insanların ölkələrinə qayıtması üçün uçuşlar hazırlandı. İndi həmin məlumatı bir də araşdırdım, 70-ə yaxın ölkədən 380 reys təşkil edib və vətəndaşlar Polşaya gətirilib. Vətəndaşlarının ölkəyə gətirilməsi üçün vaxtında tədbir gördülər və bununla bağlı böyük problemlər yaşanmadı.
- Siz gəlməyi planlaşdırırsınızmı? Bununla bağlı müraciət etmisinizmi? Etmisinizsə, cavab nə olub?
- Hazırda mən gəlmək barədə düşünmürəm, həm viza/oturum cəhətdən, həm də digər işləri yarıda qoymaq istəmirəm. Amma tanışlarımdan Bakıya qayıtmaq istəyənlər oldu və səhv eləmirəmsə, Polşanın təşkil etdiyi reys ilə, bəziləri isə digər ölkələrdən (məsələn Minsk-Bakı reysi ilə) ölkəyə döndülər.
- Məhsulların qiymətində azalma varmı? İnsanlar daha çox hansı ərzaqlara üstünlük verirlər? Məsələn, bizdə hamı evinə makaron, vermişel yığıb...
- Mağazalarda məhsul qiyməti mənim nəzərimdə artıb. Cüzi artım müşahidə olunur, bu da çox güman ki, iqtisadiyyata dəyən ziyana görədir. İlk aylarda insanlar ən çox ət, un məmulatları, makaron, salfet və s. alırdılar. Bu təxmini 2-3 gün çəkdi, hansı ki, həmin vaxt insanlar mağaza axın edirdilər. Amma sonra vəziyyət düzəldi, çünki elə olurdu ki, mağazada saydığım məhsullar qalmırdı.
- Bütün bunları nəzərə alaraq dövlət karantin rejimində vətəndaşlarına, həmçinin xarici vətəndaşlara yardım əlini uzadır, yoxsa hərə öz başının çarəsini baxır?
- Dövlət koronavirusla mübarizə üçün 47 milyard avro dəyərində paket ayırıb və bu, bir sıra sahələr üçün ayrılıb - şirkətlər, tibb, işçi maaşları, investisiya və s. Bundan əlavə bəzi xarici tələbələr üçün (təqaüdçülərə) əlavə maliyyə yardımı olmalıdır. Bəzi universitetlər virus səbəbi ilə işini itirmiş tələbələrə maliyyə yardımı edirlər. Əllərindən gələnin maksimumunu edirlər. Mövcud vəziyyətlə əlaqədar yaranan problemlərin həlli üçün bacardıqları qədər insanlara kömək olurlar.
Sayad Həsənli
Telegram kanalımız