Xəbər verdiyimiz kimi, 5-7 avqust tarixlərində maqnit qasırğası gözlənilir. Əhaliyə ehtiyatlı olması üçün xəbərdarlıq edilib.
Bəs maqnit qasırğası nədir? Təsirləri nələr ola bilər?
Yerin ətrafında görünməz örtük - maqnitosfera var. O bizim planeti Günəşin radiasiyasından qoruyur. Kosmosdan ona Günəş küləyinin (Günəşdən saniyədə 400 km sürətlə hərəkət edən ionlaşmış zərrəciklər) axını vurur. Adətən Günəş küləyinin və Yerin maqnit qabığının təzyiqinin gücü bərabər olur. Lakin Günəşdə partlayışlar baş verəndə, Günəş külləyinin sürəti artır, təzyiqin balansı dəyişir, maqnitosfera Yerin üzərində sıxılır və onda cərəyanların böyüklüyü dəyişməyə başlayır. Təzyiqin bu «laxlamasını» alimlər maqnit qasırğası adlandırırlar. pizza mizza
Qasırğanın insanlara mənfi təsirləri nələrdir?
Qasırğa yuxusuzluq, baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər. Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.
Bu təbiət hadisəsinin insanlara və heyvanlara təsiri barədə alimlər yekdil fikirdə deyillər. Elm adamlarından bəziləri hətta hesab edir ki, maqnit qasırğaları sağlamlığa müsbət təsir göstərir, çünki mürəkkəb şəraitə uyğunlaşmağa kömək edir.
Digərləri hesab edir ki, maqnit qasırğası və ürək tutmaları, yaxud başağrısı arasında əlaqə yoxdur. Məsələ burasındadır ki, hələ də bu mövzuda geniş araşdırma aparılmayıb.
Həkimlər nə məsləhət görür?
Alimlərin bu məsələdə fikir ayrılığına baxmayaraq, həkimlər xüsusən təzyiqi olan insanları maqnit qasırğası olan günlərdə özlərini qorumağa və bəzi qaydalara riayət etməyə çağırıb.
Həkimlərin müşahidələrinə görə, hipertoniklərin qan təzyiqi qalxır, hipotoniklərdə isə əksinə düşür. Onlar bu xoşagəlməzliyin qarşısını almaq üçün hipertoniklərə çoxlu su içməyi və duzdan istifadəni azaltmağı tövsiyə edirlər: Çünki duz orqanizmdə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur. Hipotoniklərə isə eleuterokokk və Çin cır limonu (limonnik) məcunundan istifadə məsləhət görülür.
Həmçinin nikotin qəbulu dayandırılmalı, xüsusən ürək xəstələri əllərinin altında «fövqəladə vəziyyət» üçün dərman saxlamalıdırlar, səhər çarpayıdan qəfil durmamalıdırlar (xüsusən hipotoniklər),trombların yaranmasının qarşısını almaq üçün aspirin qəbul edilməlidir (həkim məsləhəti vacibdir, xüsusən mədə yarası və qastritdə aspirin əks göstərişdir), yuxusuzluq, nevrozluq, yüksək həyəcan halında – evkalipt, valerian, melissa, damotu məcunundan və aloye şirəsindən istifadə etmək olar.
Qasırğa dövründə ağır yeməklərdən çəkinməli, bacardıqca balıq, tərəvəz yeməkləri və sıyıq yeməli, təbii antioksidantların qəbulu artırılmalıdır (məsələn kofeni yaşıl çayla əvəzləyin).
Otlarla, yağlarla vanna, yaxud kontrast duş qəbul etmək olar.
Meteohəssas insanlar həmçinin belə günlərdə yaxşı yatmalı, fiziki və əqli yüklənmədən qorunmalıdırlar, idmandan, mağazalarda uzunu-uzadı gəzməkdən və yaxud bağ-bostan işlərindən çəkinməlidirlər.
Sabrina
Telegram kanalımız