İndi həbsdə olan peşəkar dələduz Maqsud Mahmudovun 1-2- il əvvəlki fəaliyyəti yadınızdadır? Üstündən çox vaxt keçməyib. Unudanlar googledə axtarış versinlər. O, öz müsahibələrində, çıxışlarında ən ali məqsədlərdən danışırdı. Dövlətçilikdən, hakimiyyət rəhbərliyini xidmət etməkdən, hüquq-mühafizə orqanlarının dostu olmağından ağzı köpüklənərək çıxışlar edirdi.
Onun dələduzluğundan yazanların hamısını isə satqın, vətən xaini adlandırırdı. Elə bir fon yaratmağa çalışırdı ki, sanki bir mələkdir.
Bizim camaat nələr görməyib. Hansı üzlərə, hansı üzsüzlüklərə şahidlik etməyib ki?! Toyuqlu pizza
Artıq kim dövlətçilikdən danışırsa insanlarımızın içində bir şübhə yaranır. Həqiqətən belədir. Çünki bu ali idealdan danışanların sonda küçə dələduzluğundan da aşağı bir qövmdə olduğu ortaya çıxır. Onlarla nümunə sadalaya bilərəm.
Uzağa getməyim. Elə iki gün əvvəl İctimai Nəzarət Koalisiyası adı altında reketlik edən Rasim Məmmədovun danaboyun edilib polis maşınına basılmasının vidogörüntüsünü çoxları izləyib. Rasimin arxasında kimin dayanıb-dayanmadığını bilmirəm. Amma uşaq da onun fəaliyyətinə qısa nəzər yetirsəydi, adi bir çıxışını dinləsəydi onun reketliyin kitabını yazdığını gün kimi görərdi. Hüquq mühafizə orqanlarımız nədənsə bunu çox gec gördulər. Amma ədalət gec də olsa gəlir. Hamı üçün. Söhbət ilahi ədalətdən getmir. Qanunun ədalətindən gedir. Dövlət ilahi ədalətə bel bağlamamalıdır və cəzanı vaxtında verməlidir. Amma heç olmamağındansa, gec də olsa ədalətin öz yerini tapması yanan ürəklərə az da olsa su səpir.
Gələk başlıqdakı üçüncü ismə. O, Cavanşir Feyziyevdir. Oliqarx deputat. Media onun Böyük Britaniyaya apardığı pullara həbs qoyulmasından yazıb. Medianın işi yazmaqdır. Başqa əlindən heç nə gəlmir və yazır.
Bu yazılanlarla bağlı dünən Cavanşir Feyziyev açıqlama yayıb. Ritorika Maqsudun və Rasimin ritorikasından fərqli deyil. Deputat bütün kinini medianın üstünə qusub. Özü də bu deputat Allah qoymasa Əflatun Amaşovun rəhbərlik etdiyi, media adına bu cameəyə qara qəpiklik xeyri olmayan Mətbut Şurasının üzvlərindən biridir. Onu hansı xidmətinin qarşılığında MıŞı-ya üzv ediblər bu da bəlli deyil.
Təsəvvür edin, MŞ-nın üzvü olan bir şəxs medianı söyür – açıqlamasında sözün əsl mənasında söyüş işlədib, onun əməllərindən yazanları şərəfsiz adlandırıb. Onu tənqid etdikləri üçün söyür. Deyir ki, ondan yazanlar kitab oxumayan adamlardır. O, hansı kitabdan danışır bilmərəm. Amma güman edirəm ki, həqiqətən də jurnalistlər onun oxuduğu kitabların heç birini oxumayıblar. Deputatın oxuduğu kitabların məzmunu, janrı tamam fərqlidir. Bu kitabların içərisində halallıq, dürüstlük, təmiz yaşamaq, qanunun aliliyi haqda mövzuların olduğunu düşünmürəm. Olsaydı, ən azından nümunə götürərdi.
İndi həbsxanalar korrupsionerlərlə doludur. Heç cəmiyyətimizdə də az deyil belələri, əllərini, qollarını sallayıb gəzirlər. Onlar yüksək vəzəfə tuturlar. Gözü çıxan qardaşdan dərs götürməyənlər də öz zamanlarını gözləyir. İndiki halda isə zaman Cavanşir Feyziyev üçün gerisayımdadır.
Keçmiş həmkarı Rafael Cəbrayılov da böyük iş adamı sayılırdı. Axırda bəlli oldu ki, ölkədə borclu olmadığı adam qalmayıb. O, həbsdə vəfat etdi. Allah gecindən versin.
Sonda bir hadisəni də xatırladım. Əslində, xatırladığım onlarla nümunələr var. Amma hamısını burada yazmaq istəmirəm. Əli Həsənov vəzifəsinin itirməsinin son aylarında olduqca aktiv idi. Bir nömrəli hədəfi də xaricdə olan jurnalistlər, bloggerlər idi. Onları özünə qalxan etmişdi. Fon yaratmağa çalışırdı ki, sanki həmin adamlar dövləti yıxmağın bir addımlığındadır və Həsənov onlarla cəngavər kimi döyüşür. Amma onun bu taktikası işləmədi. Niyə? Çünki heç kim çörəyi qulağının dibinə yemir.
İndi Cavanşir Feyziyev də eyni taktikanı seçib. Nə deyək? Allah xeyir verməsin!
Elnur Məmmədli
Telegram kanalımız