“Məhərrəmlikdə toy edənlərə əsla pis bir şey demərəm...” 

“Məhərrəmlikdə toy edənlərə əsla pis bir şey demərəm...” 

Din

14 İyul 2022 21:04 23601


Artıq  Məhərrəm ayı başlamaq üzrədir. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi?” sualı ətrafında müzakirələrə start verilib.

Bəs, ilahiyyatçılar bu haqda nə deyir? Doğurdamı, İslam dinində Məhərrəm ayında toy, şadlıq mərasimləri keçirmək, əylənmək günah sayılır?  

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ”Azərbaycan İlahi nəğmələr qrupu”nun rəhbəri, ilahiyyatçı Seyyid Taleh Boradigahi (Tale Əsədov) uzun illərdir ki, ölkəmizdə bu aylarda toy keçirilmədiyini deyib:

“Yüz illərdir ki, bizim xalqımız öz adətini qoruyub saxlayıb. Digər müsəlman ölkələrində bir az fərqlidir, amma Azərbaycanda bu ənənə davam edir. Xalqımız İmam Hüseynə, şəhidlərimizə hörmət əlaməti olaraq iki ay matəm saxlayıblar. Bu ayda toy edənlərə isə əsla pis bir şey demərəm, hər kəs öz hesabını, əməllərinin cavabını Allaha verəcək. Hər kimin bu ayda xeyir işi baş tutursa, Allah xeyirin versin. Ancaq şəxsən mən bu ayda toy etmərəm, həmçinin də Azərbaycan əhalisinin 80 faizi bunu etməz. Müəyyən kütlə var ki, onlar bu aylarda toy edərlər, onların da Allah xeyirini versin nə demək olar ki?”.

İlahiyyatçı ötən il müzakirələrə səbəb olan  İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın  "Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq" fikirlərinə də münasibət bildirib:

“Ümumiyyətlə, toy edənlərə bunu arzulamaq düzgün deyil. İnsanlara bəddua etmək olmaz. Çalışaq həmin insanların hidayəti üçün dua edək, onlara xoş gün arzu edək. O insan ki, müqəddəs dəyərlərimizə qarşı çıxıb hörmətsizlik edir, artıq hidayət olunmurlar onda o insanları nifrin edib lənət deyirik. Biz bu ölkəni qarış-qarış gəzmişik, əhalinin 80 faizi bu ayda toy etmir, heç vaxt bu aylarda toy edənlər rastıma çıxmayıb. Müəyyən ad günləri, xırda məclislər olur, amma toylar kütləvi olmur. Yaxşı olar ki, hamımız bu dəyərlərə hörmət edək, ehtiram saxlayaq. İki ay həm xalqımız dincəlir, həm xərclər azalır, həm də israfçılığın qarşısı alınır”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!