Vəlvələçayın sol sahilində bir kənd var. Xanlıqobadır adı. Deyilənə görə bu kəndin ərazisi vaxtilə Quba xanlarının ov ovlayıb quş quşladığı yerlər olub. Ondan bu kəndin adına Xanlıqoba deyiblər. Yoxsa ki, bu kəndin camaatı xan kefində yaşamır, heç bineyi-qədimdən kəndin əhli varlı olmayıb, dolanşıqları darıdan, taxıldan bir də qoyun-keçi saxlamaq, mal-qara otarmaqdan çıxıb. Orası da doğrudur ki, xanlıqobalılar Vəlvələçayın sağ sahilindəki qaraçaylılardan da, keçəllər camaatından yaxşı yaşayıb.
Əgər belə olmasaydı keçəllərli Qulu kişi bitli-sirkəli çuxasına bürünüb xanlıqobalıların qoyununu otarıb, samanlığında yatmazdı.. Qulu kişi köhnələrdən idi...Qulu əlində çomaq, belində heybə, üstübaşı saman dolu, canında bitlər birələr xanlıqobalıların qoyunlarını güdəndə oğlunu-balaca Əlicanı da düşünürdü. Qulu oğlunun oxumasını, müəllim olmasını istəyirdi. Nə olsun ki muzdur idi, axı onun da arzuları vardı, axı o da istəyirdi ki, oğlu Əlican böyüsün, oxusun, böyük, lap böyük adam olsun, ya da heç olmasa müəllim olsun. Tanrı Quluya var dövlət demirəm, heç olmasa bir qarın dolusu çörək də verməmişdi, amma Tanrı adı qul olan qullarını unutmadı, səsini eşitdi, qulunun oğlu Əlicanı da unutmadı. Balaca Əlican atası Qulu ilə qoyun otara-otara böyüdü, min bir əziyyətlə oxudu, Ali məktəbə daxil oldu, riyaziyyat müəllimi oldu. Əlican böyüyüb müəllim olanda atası Qulu dünyadan köçmüşdü. Dünyadan köçsə də, xanlıqobalılar onu yaddan çıxarmadı. Oğlu Əlican da onlar kimi. Atasının qoyununu otardığı kəndə-Xanlıqobaya aldı təyinatını. Xanlıqobalılar xanlıqlarını da unutmamışdılar. Keçmiş çobanlarının oğlunun müəllim olub balalarına dərs deməsi onların çox da xoşlarına gəlmirdi.. Xanlıqobalılar mərddir, dürüstdür, mehribandır, amma bir az da lovğadılar. Ona görə də onlar haqqında deyirlər: xannobalılar lovğadı, yedikləri dovğadı. Bəlkə də bu lovğalıq idi ki, onlar gənc riyaziyyat müəllimini gəlmə deyib burunnayırdılar. Orası ayrı dərddir ki, bu camaatın oxumaqla, elmlə, təhsillə bir o qədər arası yox idi. Hətta xanlıqobalıların həmşəri deyib çağırdıqları Kalba Cəfərin Cənubi Azərbaycandan olan nökəri Ələkbər kişi bir gün eşidir ki, bəs məktəbdə dil-ədəbiyyat müəllimi uşaqlara ərizə yazmaq öyrədir. Bu xəbər Ələkbər kişini bərk təşvişə salır. Tez arvadı Suğraya deyir: Qıza Suğra bir balon pəynir, bir balon camış qatığı, bir balon da bal qoy. Ələkbər kişi üç balonluq sovqatı alıb gəlir məktəbə. Həmin o dil-ədəbiyyat müəllimini sinifdən çıxarır çölə. Deyir müəllim, eşitmişəm bizim uşaqlara ərizə yazmaq öyrədirsən, başına dönərəm eləmə, bax Suğra anan sənə bir xeyli sovqat da göndərif. Müəllim heyrətdən donub qalır. Birtəhər özünə gəlib Ələkbər kişiyə deyə bilir ki, ay Ələkbər kişi niyə elə?
Ələkbər kişi deyir- ay oğul, sən bilirsən ki, bu şura hökuməti 3 gomuşdan artıq mal saxlamağa icazət eləmir, özün də bilirsən ki, mənim bir iki para gomuşum var, bu yetimçələr də onları aparıb otarmaq istəmir. İndi sən mənə de görüm, sən mənim yetimlərimə ərizə yazmaq öyrədəndən sonra onlar neyləyəcək?
-Nə edəcək Ələkbər kişi?
- Ay başına dönüm, necə neyniyəcək, götürüb məndən hökumətə danos yazacaqlar ki, bəs dədəmizin gomuşdarının sayı onu keçif.
Müəllim qəhqəhə ilə gülür, yenidən sinifə qayıdır. Bax ona görə deyirəm ki, xanlıqobalıların oxumaqla çox da araları yox idi. Kənd əhlinin çoban Qulunun oğlu Əlicanın Xanlıqoba kəndində müəllim işləməsini bir tərəfdən də buna görə istəmirdilər. Di gəl başa düşmürdülər ki, Əlican samanlıqda yatan çoban Qulunun oğlu olsa da, onların övladlarına elm, maarif, təhsil verməyə gəlib. Bunu anlayan, müəllimin dəyərini bilən kişilər də vardı bu kənddə. Biri elə Musa kişi.
Rəhmətlik Musa kişi o vaxtalar gənc idi. Sovxozun birqadiri, kənd içində sayılıb seçilənlərdən idi. Elə ki, xanlıqobalılar bu gənc müəllimi söyürdülər, təhqir edirdilər, çıxırdı onların qabağına. Üzünü həmkəndlilərinə tutub deyirdi:
-Ay camaat nə vermisiz, Əlican müəllimə? Nə istəyirsiniz bu adamdan? Nəyini gözünüz götürmür? Əlican müəllim, əynində çırıq pencək, yamaqlı şalvarla gəlib ki, sizin övladlarınıza elm öyrətsin, sizləri adam eləsin, çıxarsın ortaya. Biriniz deyirsiz ki, dodağı sallaqdı, biriniz deyirsiz ki, qaşları süpürgəyə oxşayır. Bu da işdi, belə dərd olar?
Musa kişinin zəhməti hədər getmədi, xanlıqobalılar bir az sakitləşdilər. Əlican müəllim də haqq üçün öz işini vicdanla yerinə yetirir, kənd camaatının oğul-uşağına bildiklərini öyrədirdi. O yaxşı bilirdi ki, bu kəndin adamları onu qəbul etmir, gəlmə deyib hər addımbaşı onu sancırdılar. Bir yandan da kasıblıq onu möhkəm sıxırdı. Güman gələn yeri də Musa kişi idi. Musa kişi də kasıbın dayağı, acizin köməyi idi. O, Əlican müəllimi sona qədər müdafiə etdi, qoymadı xanlıqobalılar onu dədəsi çoban Qulunun gəldiyi kəndə - Keçəllərə göndərsinlər. Ona öz evinin yanında yer verdi, ev tikməyinə yardım elədi. Elə Əlican müəllim də Musa kişiyə borclu qalmırdı. Gənc riyaziyyatçı Musa kişinin sovxozdakı “misal-məsələsini” həll edir, birqadirin raykoma gedən hesabatlarında məchulu tapıb qoyurdu yerinə.
Beləcə illər keçdikcə xanlıqobalılar bu gənc müəllimə isnişdilər. Bir yandan Musa kişi, o bir yandan çoban Qulunu tanıyan köhnə xanlıqobalıların ölüb getməsi Əlican müəllimi xanlıqobalılara bir köynək yaxın elədi. Ən əsası da Əlican müəllim Xanlıqobada özünə yeni dostlar qazanmışdı. Biri elə kəndin xudalarından olan Kalba Cəfərin nəvəsi, İmamverdi müəllimin oğlu Cəfər müəllim.
Cəfər müəllim köhnə xanlıqobalı idi. Ulu babası Hacı Məmmədalı, babası Kalba Cəfər, atası Xanlıqoba məktəbinin qurucusu, riyaziyyat müəllimi İmamverdi müəllim idi. İşə bax ki, İmamverdi müəllim Əlican müəllimə məktəbdə dərs deyibmiş. Yoxsa ki, çoban Qulunun oğlu riyaziyyatı atasından öyrənə bilməzdi...
Əlican müəllim Cəfər müəllimlə elə kənd məktəbində dostlaşmışdı, bir yerdə işləyirdilər, sözləri, söhbətləri tutmuşdu. Əlican müəllim hər dəfə həmkarı Cəfər müəllimi görəndə; rəhmətlik atan mənə riyaziyyatı öyrətdi, lövhəyə bir əyri xətt, bir də düz xətt çəkib- düz əyrini kəsir-həyat düsturunu öyrətdi; taleyin qismətinə bax ki, onun tikdirdiyi məktəbdə də işləməli oldum, mən rəhmətlik İmamverdi müəllimin çörəyini yeyirəm kimi sözləri hər dəfə təkrarladıqca Cəfər müəllimin gözləri dolur, Əlicanı bir az da çox sevirdi. Gənc riyaziyyat müəllimi bir şəkildə özünü lovğa xanlıqobalılardan qorumalı idi... uşaqları balaca, vəzifəsi yox, özü də çoban Qulunun oğlu, o tərəfdən də bu kəndin yazıb oxumaqla arası yox. Bir yandan da Musa kişinin vaxtsız dünyadan köçməsi onu Cəfər müəllimdən bərk-bərk yapışmağa məcbur etdi. Nə etmək olardı...
İllər tez keçdi. Əlican müəllimin övladları oldu. Xanlıqobalı balalarına heç nə öyrədə bilməsə də, öz oğlunu oxutdu, özü kimi müəllim elədi. İki oğlunun ikisinə də xanlıqobalı qızı aldı ki, bu kəndlə simsar olsun. Sonra direktor oldu. Qonşu kənddən, yaxından, uzaqdan kimi tanıyırdısa, onun uşağınının adını məktəbə yazdırıb kamal attestatı almağa kömək edirdi. Əl tutmaq Əlidən qalıb deyib kimsəni əliboş qaytarmırdı. Bir gün Əlican müəllimin qəbuluna Vəlvələçayın sağ sahilindəki Qaraçaylıdan Qəhri gəldi. Qəhri Əlican müəllimə dil töküb yalvardı ki, ay müəllim başına dönüm, qadoyu alım, mənim tifilimin də adını yaz o dəftərinə, bir parça kağız ver. Əlican müəllim təbiət etibarilə mehriban insandır. Hər kimsə ona yamanlıq etmiybsə, həmin kimsəyə dəyib toxunmaz. Baxıb gördü ki, Qəhri xanlıqobalı deyil, iki xanəlik evi olan Qaraçaylıdandır. Qəhri də atası Qulu kimi çoban adamdır, bir iki yüz keçisi qoyunu var. Odur ki, razılılq verdi, Qəhrinin oğlunun adını məktəbinə yazdı. Qəhrinin oğlu ayda bir yol, o da yoxlama zad olanda məktəbə gəlib getdi. İki ildən sonra da Qəhrinin oğluna kamal attestatı verdi. Qəhri çoban olsa da, haqqı-say itirən adam deyildi. Keçi sürüsündən bir üçyaşar təkə (xanlıqobalılar erkək keçiyə təkə deyir) tutub Əlican müəllimə hədiyyə göndərdi.
Əlican müəllim direktor olsa da, yör-yöntəm bilən adam idi. Xüsusilə, köhnə xanlıqobalı, həmkarı Cəfər müəllimdən gizli iş görməzdi. Səhər müəllimlər otağında müəllimlər dərsdən çıxmamış Cəfər müəllimə dedi ki, bəs dünən Qəhri bir təkə göndərib, tən yarısını sənə ayırmışam, uşağı göndər, gəlsin aparsın. Cəfər müəllim istəmədi, dedi-mən keçi əti yemirəm. Əlican müəllim nə illah elədisə, həmkarı təkənin yarısını istəmədi.
Təkənin ikiyə bölünməsi Cəfər müəllimin xətrinə dəymişdi. Axı necə ola bilərdi ki, gəlmə Əlican köhnə xanlıqobalı Cəfərə yarım təkə boyun olur. Xanlıqobada böyükdən kiçiyə hər kəs bilir ki, bu məktəbi Cəfərin atası, rəhmətlik İmamverdi müəllim tikdirib. O təkə gərək Cəfərin qapısına gələ idi... eybi yox. Cəfər də o Cəfər deyil ha. Bu heyfi Əlicanda qoyan deyildi. Çox da ki, Əlican iyirmi ildir direktordur, çox da ki, pulunu balta kəsmir, çox da ki, bir vaxtı atası Quluya zurna qoşan xanlıqobalıları qapısında nökər işlədir...Bunlar köhnə xanlıqobalı Cəfərə təsir etməzdi... O nə edəcəyini bilirdi...
Müəllimlər otağındakı təkə söhbətindən iki həftə keçmişdi. Cəfər müəllim qaş qaralanda qapıbir qonşusu Vahidlə göy otların üstündə oturub şirin-şirin söhbət edirdilər. Birdən Cəfər müəllim üzünü Vahidə tutub:
- Ə Vahid o telefonunu bəri ver-dedi. Vahid o dəqiqə telefonu qonşusuna verdi.
Telefonun düymələri sıxılıb qurtaranda ekranda Əlican müəllimin nömrəsi göründü.
-Alo!
Əlican müəllimin səsi eşidilən kimi Cəfər müəllim ağzını telefona yaxınlaşdırıb qalın səsi ilə üçyaşar təkənin səsini çıxarmağa başladı:
-Bəəəbbəə, bəəəbbəəə, bəəbbəəə...
-alo,alo, alo
-yenə təkənin səsi.
Əlican müəllim dəstəyi asdı.
İki qonşu gülməkdən yamyaşıl otların üstündə sərilib qalmışdı. Həmişəki kimi Cəfər müəllimin oxu hədəfə dəymişdi.
Telefondan gələn təkə səsi bir anlıq Əlican müəllimi yerində dondurdu. Nə olub bitdiyinin fərqinə varanda Əlican müəllim gərilməyə başladı. Bu səs onu çox əsəbləşdirmişdi. Çünkü o hələ uşaqkən atası çoban Qulu ilə xanlıqobalıların qoyunlarını otaranda təkənin cütləşmə dövründə dişi keçi görəndə belə səs çıxardığını yaxşı bilirdi...
Əsəbləri tarıma çəkilmiş Əlican müəllim nə edəcəyini bilmirdi. Artıq onun 65 yaşı vardı, 40 il idi ki o xanlıqobalı balalarına riyaziyyat öyrədirdi, doğrudur, 20 il direktoru olduğu məktəbdən cəmi 5 uşaq məzun olub ali məktəbə qəbul olmuşdu, onun da biri öz oğlu idi, amma nə olsun, gör bu 40 ildə nə qədər uşağa kamal attestatı vermişdi. Belə də iş olar? Gəl bu kənddə yurd sal, yuva qur, bu qədər var dövlət topla, iki oğluna xanlıqobalı qızı al ki, səni də xanlıqobalı saysınlar, bu da mükafatı. Lovğa xanlıqobalılar, paxıllıqdan yanasız elə sizi...
Bir az özünə gələndən sonra yadına Cəfər müəllim düşdü.
Eynəyini taxıb Cəfər müəllimin nömrəsini yığdı. İki saniyə sonra dəstəyin o başından Cəfər müəllimin yarıyuxulu səsi eşidildi:
-Alo!
-Axşamın xeyir, yatmışdın?
-Yox, necə bəyəm, Əlican müəllim?
-İki dəqiqə əvvəl mənə zəng etməmişdin?
-Yox, nə olub, Əlican müəllim?
- Ay kişi nə olacaq, mən bu camaata yarına bilmədim dəəə!
-Əlican müəllim, nə baş verib? Niyə əsəbləşmisiz?
-Heç nə, xanlıqobalılar təkə kimi üstümə atlanırdılar telefonda.
- Başa düşmədim, Əlican müəllim, niyə elə deyirsiz?
- Heç nə, ay qardaş, iki dəqiqə əvvəl biri zəng edib telefonda mənə - bəəəbbəə, bəəəbbəəə, bəəbbəəə...eliyirdi.. Vallah sən ağıllı adamsan, yaxşı ki, təkənin yarısını sən almadın...
Cəfər müəllim ciddi səslə:
-Bəlkə, kimsə səhv düşüb?
-Yox, səhv zad düşməmişdilər, mənə bu da azdı- deyib Əlican müəllim dəstəyi asdı..
İki qonşunun qəhqəhələri gecə yarıyacan kəsilmədi....
Bəhram Cəfəroğlu
Filologiya üzrə fəlsəfə doktoru
Telegram kanalımız