Xəbər verdiyimiz kimi, Bakıda 7-ci sinif şagirdi olan qız oğlan sinif yoldaşına bıçaqla xəsarət yetirib. Son vaxtlar şagirdlər arasında bu cür davranışların sayında artım müşahidə olunur. Məktəbli qızın üzərində olan soyuq silah və törətdiyi xoşagəlməz hadisə isə cəmiyyətdə birmənalı qarşılanmır və insanları təşvişə salır.
Təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verib. Ekspert bu cür halların təkrarlanmaması üçün şagirdlərdəki aqressiv davranışın səbəblərini araşdırmaq lazım olduğunu bildirib:
“Şagirdlərin aqressiv davranmasının bir çox səbəbləri var. Bunlara daha çox telefon aludəçiliyi, müxtəlif virtual oyunlardakı şiddət, televiziya proqramları və cəmiyyətdəki şiddət aiddir. Sözügedən səbəblər şagirdlərin davranışlarına təsir edir. Burada həm məktəbə, həm ailəyə, həm də müəllimlərə çox böyük iş düşür. Belə aqressiv davranan şagirdlər müəyyənləşməlidir və onların niyə bu cür davrandığı araşdırılmalıdır. Marqarita pizza
Məktəblərdə şagirdlərin davranışlarına qarşı sistemləşdirilmə olmalıdır. Yəni, aqressiv və həssas psixologiyada olan məktəblilərlə təhsil müəssəsində fəaliyyət göstərən psixoloq danışıb məşğul olmalıdır və həmin şagirdlər nəzarətə götürülməlidir. Sadalanan səbəblərdən savayı, əsəbi və uyğunsuz davranış sərgiləyən şagirdlər müayinədən keçməlidir ki, onlarda əsəblə bağlı xəstəliyin olub-olmadığı da aydınlaşdırılsın. Doğrudur, uşaq yaşlarında əsəb xəstəliklərinin yaranması çox az bir ehtimaldır, lakin aqressiv davranışın arxasında tibbi səbəbin də olması istisna deyil. Mütləq şəkildə araşdırılma aparılmalıdır”.

E.Süleymanov qeyd edir ki, məktəblilərin üzəri yoxlanılmalı, soyuq silah, kəsici-deşici alət aşkarlandığı zaman mütləq polisə məlumat verilməlidir:
“Sözügedən məsələdə başqa bir nüans isə məktəblinin üstündə bıçaqla gəzməsi və bunu məktəbə daxil etməsidir. Belə halların qarşısını almaq üçün mütləq şəkildə məktəblərdə müxtəlif reyd və yoxlamalar həyata keçirilməli, şagirdlərə güclü nəzarət olunmalıdır. Xoşagəlməz hallarla qarşılaşdıqda isə şagirdlərə müəyyən cəza, töhmət tətbiq edilməlidir. Məktəbə soyuq silah, bıçaq və digər kəsici-deşici alətlə daxil olmağın özü qanun pozuntusu, cinayət hesab olunur. Belə olduğu təqdirdə şagirdin valideyni və polis mühafizə orqanlarına məlumat verilməlidir”.
Aytac Şahin
Telegram kanalımız