Məlahət İbrahimqızı həmkarları haqda:   “Demirəm ki, onlar belə söz deyib, amma nəsə varsa...”

saytların hazırlanması

Evə çatdırılma

Məlahət İbrahimqızı həmkarları haqda: “Demirəm ki, onlar belə söz deyib, amma nəsə varsa...”

Siyasət

15 Avqust 2022 18:38 4687


“Sevinc Fətəliyeva təcrübəli deputatdır. Səbinə Xasayeva da çox mərifətli gənc siyasətçidir. İngilis dilində təhsilini başa vurub. Hədsiz dərəcədə təvazökar xanımdır. Bir neçə dil bilir. Onların belə şey demələrinə inana bilmirəm. Hər ikisinə də çox böyük hörmətim var”.

Bu sözləri Yenisabah.az-a deputat Məlahət İbrahimqızı iki gün əvvəl həmkarları Sevinc Fətəliyeva və Səbinə Xasayevanın adından yayılan və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən sitatlara münasibət bildirərkən deyib:

“Həqiqətən, bəzən deputatlar haqqında o qədər iftiralar atırlar ki... Bizim də ailəmiz var, robot deyilik. Bizim də övladımız bizə irad tutur. Elə bilirsiniz ki, bizim övladlarımız həmişə bizə dəstək olur?! Onların bizi haqlı olan vaxtlarımızda təriflədikləri kimi, tənqid elədikləri də olur”.   pizza mizza

“Hər iki xanım bunun saxta olduğunu, adlarından uydurulduğunu dedi. Sizcə, həmkarlarınıza qarşı bu kampaniyanın arxasında kim və ya kimlər dura bilər?” sualına isə deputat belə cavab verib:

“Mən bunu deyə bilmərəm. Belə hallar bəzən mənim də başıma gəlib. Pensiya yaşıyla bağlı mənə sual vermişdilər. Məndə olan vəziyyəti dedim. İndi də həmin fikrimin üstündəyəm. Bir sıra ölkələrdə Yaponiya daxil, pensiya yaşının uzadılmasını tələb edirlər. Avropada dördgünlük işə keçilməsiylə bağlı təkliflər irəli sürürlər. İnsanlar fərqli fikirlərə malik olduğu kimi, cəmiyyətlər də fərqli fikirlərə malikdir. Mən də jurnalistə “şəxsən mənə indiyə qədər məni tez pensiyaya göndərin deyən adam olmayıb” dedim. Əksinə, hamı müdirinə "məni gec pensiyaya göndərsin" deyə xahiş edib. Bunu “mən istəyirəm bir iki il də işləyim”lə əsaslandırıblar. Özümün 64 yaşım tamam olur. İnsanın həyatının məhsuldar dövrünüdə pensiyaya çıxması onda narahatlıq doğura bilər. Məsələn, həkim illər uzunu - 15 il qızılca xəstəliyinə rastlamır. Fəaliyyətinin 16-cı ilində rastlayır.

Məni bu məsələylə bağlı o qədər təhqir etdilər ki... Hər kəs digərinin fikrinə anlayışlı yanaşmalıdır. “Pensiya yaşı uzadılmasın və ya qısaldılmasın” deməmişəm. Mən Azərbaycan reallığında olanları demişəm. Mənim anam 68 yaşında təqaüdə çıxdı. Rəhmətə gedənə qədər həmişə mənə deyirdi ki, sən məni tez çıxartdın. Mən də “nə olsun ki, əməkdar müəllimsən, qoy cavan kadr olsun” dedim. O vaxtı da elə iş tapmaq çətin idi. Dedim bir adama iş olsa, böyük şeydir. O cür savadlı qadın pensiyaya çıxandan sonra elə bil ona psixoloji təsir elədi. Bu fakt anamı pensiyaya çıxartmağımla peşman olduğumu göstərmir. Mənim ilk ixtisasım həkimlikdir. Məni 63 yaşında pensiyaya çıxartsalar, mənə də pis təsir edər. Eyni zamanda, universitetlərin 63 yaşlı professorları var. Elm adamıdırlar. Onları təqaüdə çıxarsalar, bu onlara yaxşı təsir göstərməz.

Bilmirəm, bəlkə həmkarlarım müsahibə verəndə hansısa sözlərindən nəsə düzəldiblər. Bizim dövrdə də sarı mətbuat var idi. Bundan əvvəl yutubda xaricdən olan insanlar “bu millətin müharibə eləmək qabiliyyəti yoxdur. Bu gənclərdən torpaq qaytaran olar?!” deyirdilər. Onlar Cənab Prezident haqqında nələr danışırdılar. Sonra nə oldu?!

Məsələlərə qərəzli yanaşmaq olmaz. Dünyada neçə milyard insan varsa, hamısı müxtəlif düşüncələrə malikdir. Demirəm ki, onlar belə söz deyiblər. Amma nəsə varsa, yəqin ki, hansısa müsahibənin içindən sözləri təhrif ediblər. İnsanları tənqid etmək olar, amma əsla təhqirə yol verilməməlidir”.

Məlahət İbrahimqızı sonda əlavə edib:

“Capslar da yayılıbsa, deməli yalandır. Sevinc Fətəliyeva təcrübəli deputatdır. Səbinə Xasayeva da çox mərifətli, təvazökar gənc siyasətçidir. İngilis dilində təhsilini başa vurub. Norveçdə oxuyub. Hədsiz dərəcədə təvazökar xanımdır, neçə dil bilir. İnana bilmərəm ki, onlar belə şey desinlər. Hər ikisinə də çox böyük hörmətim var”.

Xatırladaq ki, iki gün öncə, deputat Sevinc Fətəliyeva ilə bağlı “Bəzən sosial şəbəkələrdə deputatalarla bağlı elə fikirlər səsləndirirlər ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram”, Səbinə Xasayeva haqqında isə “Naşükür olmaq lazım deyil, Afrikada insanlar quru çörək belə, tapmırlar” kimi sosial şəbəkədə yayılan sitatlar gündəm yaratmışdı.  Hər iki depuat sonradan bu fikirlərin onalara aid olmadığını bildirmişdi.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NƏ SİZ, NƏ DƏ ONLARIN HEÇ BİRİ XALQIN SEVGİSİNİ QAZANMAYIBLAR. HƏM DƏ SEÇİLMƏYİBLƏR. BİR ADAM MÜMKÜN DEYİL Kİ. İLLƏRLƏ "deputat" OLSUN.Sizə inanmırıq.
    4 years ago