“Reket jurnalistikaya qarşı mübarizə zamanın tələbidir. Çünki adından da göründüyü kimi, onların fəaliyyəti təhdid, şantaj, hədə-qorxu üzərində qurulub. Bu isə kriminal əməldir, insan hüquq və azadlıqlarının pozulmasına yönəlib. Buna görə də reket jurnalistlərlə mübarizə aparmaq cəmiyyətin bütün təbəqələrinin, rəsmi qurumların, ən başlıcası isə hüquq mühafizə orqanlarının vəzifəsidir".
Bu sözləri Aznews.az-a açıqlamasımda Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Qeyd edib ki, reket jurnalistlər mətbuatın üz qarasıdır. Onların mövcudluğu vicdanlı qələm adamları üçün mənəvi zərbədir: "Təbii ki, onların sıradan çıxmasında hamıdan çox, biz maraqlı olmalıyıq. Həmişə o fikirdə olmuşam ki, reket jurnalistikasının “çiçəklənməsi” birbaşa məmurların adıyla bağlıdır. Azərbaycanda reket jurnalistləri məmurlar "himayə" edir. Əgər məmurlar rüşvət və korrupsiya bataqlığında boğulmasalar, reket jurnalistlər bu qədər əl-qol aça bilməzlər. Amma bu o demək deyil ki, reket jurnalistlər yaranmış “münbit şərait”dən istifadə etməlidirlər. Xeyr! Hesab edirəm ki, bu adamlara qarşı mübarizə daha da şiddətlənməlidir. Qanunvericilik bazası zənginləşdirilməli, qətiyyətli tədbirlərin görülməsi üçün gərəkən hüquqi baza yaradılmalıdır. Açıq və şəffaf cəmiyyət quruculuğu müstəqil mətbuatdan, effektiv ictimai nəzarət mexanizminin yaradılmasından keçir. Burda reket jurnalistikanın iştirakı nəzərdə tutulmur”.
Telegram kanalımız