Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı "evdə qal, həyatları xilas et" aksiyasına artıq cəmiyyətin bütün təbəqələri, o cümlədən mədəniyyət xadimləri də qoşulub. Onlar hər kəsi hökumətin koronavirus infeksiyasına qarşı qabaqlayıcı və təxirəsalınmaz tədbirlərini dəstəkləməyə çağırırlar. Ziyalılar evdə qalmağın müsbət tərəflərindən danışaraq, bu fürsətdən kifayət qədər faydalanmağı məsləhət görürlər. Əməkdar artist Azad Şükürov bu mövzuda Yenisabah.az-a müsahibə verib.
- Azad müəllim, karantin rejimini necə keçirirsiniz? Dost-tanışdan, universitetdən, səhnədən uzaqda darıxmırsınız ki?
- Desəm ki, darıxmıram, düz olmaz, qeyri-səmimi səslənər. Əlbəttə, darıxıram. Əvvəla dərs dediyim universitet üçün, tələbələrim üçün, iş üçün, eyni zamanda yaradıcılıq məsələləri üçün darıxıram. Hazırda evdə oturmuşam deyə heç bir yaradıcılıq əlaqələrim yoxdur, ancaq telefonla əlaqə yaradırıq, salam-sağ ol vəssalam. Bir-iki kəsr işlərim vardı, onları tamamlayıram. Mənim iki kitabım çap olunub, biri səhnə danışığı ilə bağlı, digəri mənim öz həyatıma aid olan kitabdır. Hazırda üçüncü kitab üzərində işləyirəm. Vəziyyətdən istifadə edib işləməyi də intensivləşdirmişəm. Yazdıqlarım, haqqımda yazılanlar və müsahibələrimdən seçmələrdir. Amma tələbələrimlə imkan daxilində onlayn dərslər keçirirəm. Çalışıram ki, dərs proqramımızı yerinə yetirək. pizza hut
- Onlayn dərslər necə keçir? Effekt verirmi?
- Dərs proqramını yüz faiz yerinə yetirə bilirik desəm yalan olar, çünki bizim ixtisas, fənnimiz elə bir fənndir ki, üzbəüz oturub işləmək lazımdır. Almaq istədiyimiz effekti yüzdə-yüz almaq mümkün deyil, adam gərək bir az səmimi olsun, yalan danışmağın nə mənası var ki? İstədiyimizin 70%-nə nail ola bilirik. Hər halda proqramdan geri qalmırıq, uşaqlarla işləyirik. Həm də fərdi məşğul oluruq, amma onda da çalışıram ki, digər uşaqlar da onlayn qalsınlar. Qrupla birgə də işləyirik, ikinci semestrin dərs proqramında nə varsa, əsas məsələləri – hansı ki, uşaqlar onu mütləq bilməlidir onları təkrar-təkrar deyirəm. Bundan başqa, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Evdə qal, şeir dinlə” adlı bir layihəsi var, orada da tələbələrimlə birgə iştirak edirəm. Bizim qrupumuzda aktyor sənəti müəllimi Əməkdar artist Nicat Kazımov da var. Biz onunla birlikdə bir neçə layihələrdə işələmişik. Əvvəl Nəbi Xəzrinin “Dəniz, göy məhəbbət” şeirini bütün qrupla birgə işləmişik, evdə qalıb şeiri söyləmişik, “Şəngülüm, Şüngülüm , Məngülüm”, Füzulinin “Meyvələrin söhbəti”, Ramiz Rövşənin “Qapı” şeirini tələbələrlə işləmişik. Özümüz də onlarla bərabər şeirin bir hissəsini söyləyirik. Bu iş prosesində müəyyən qüsurları da düzəldirik. Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Yaradıcılığı evdə öyrən” layihəsi var. Həmin layihədə mən də iştirak edirəm. Artıq bir dərsim bu həftə efirə gedib. Dərsim görmə kinolenti ilə bağlı idi. Bu, aktyorlar üçün çox vacibdir. Həm də dərsimizi elə qururuq ki, evdə oturan hər kəs üçün maraqlı olsun. Gələn həftə olacaq dərsim “Əruz vəznli əsərlər üzərində iş”dir. Yarım saatlıq nümayiş olunacaq. Bu cür işləyirik, demək olmaz ki, bekar oturmuşuq, amma etiraf edim ki, bunların hamısı istədiyim şərait, keyfiyyət deyil. Çalışırıq proqramı keçək ki, uşaqlar geri qalmasınlar. Uşaqlar özləri də maraqlanırlar, günün müəyyən saatlarında dərsdən əlavə suallar da verirlər. Televiziyada, radioda eşitdikləri danışıqlar barədə suallar verirlər, poeziya barədə söhbətlər edirik. Elə şərait yaradıram ki, həyatımız evdə oturub avaraçılıqla keçməsin.
- Tələbələrinizdən nə gözləntiləriniz var? Ümidlərinizi doğruldacaqlarmı?
- Bilirsiniz necədir, mən keçmiş, həm də indiki tələbələrimlə küçədə, tədbirlərdə qarşı-qarşıya gələndə bir-birimizin gözünün içinə dik baxa bilirik. Biz onlarla dostuq. İndi də onlar müəyyən problemləri olanda mənə zəng edirlər, hətta içərisində fəxri ad alanlar da var ki, onların müəyyən danışıq problemləri olduqda və ya mübahisəli məsələ olanda mənə zəng edirlər. Burada heç bir problem yoxdur. İndiki tələbələrim də yaxşıdır. Biz Nicat Kazımovla bir yerdə birinci kurs musiqili teatr aktyorluğu şöbəsinə dərs deyirik. Nicat özü də vaxitə mənim tələbəm olub, ona səhnə danışığı dərsi demişəm. İndi də birgə dərs deyirik. Bilirsiniz, son vaxtlar bizim universitetə gənc kadrlar, pedaqoqlar dəvət olunublar. Universitetdə elə şərait yaradılıb ki, gənc müəllimlərlə birgə eyni zamanda təcrübəli müəllimlər eyni qrupda işləsinlər. Həmin birinci kurslar da yaxşı uşaqlardır. 14 nəfərdirlər, demək olmaz ki, hamısı eyni dərəcədə yaxşıdırlar, yaxud eyni dərəcədə pisdir. Həm zəif, həm də güclü tərəfləri var. Əsas odur ki, çalışırlar, öyrənmək istəyirlər, teatra çox böyük həvəsləri var. Biz də çalışırıq ki, o həvəs qırılmasın. Ölkədə karantin vəziyyəti elan olunmamışdan qabaq birlikdə tamaşalara gedirdik. Sonra gəlib həmin tamaşanı müzakirə edirdik. Müəyyən filmlərə baxırdıq, onların nitqi, dublyaj işi ilə bağlı polemika aparırdıq, eyni zamanda da dərs proqramımızı yerinə yetirirdik.
- Karantin günlərində dost-tanışla əlaqənizi kəsmisiniz, yoxsa get-gəl var?
- Karantin rejimi elə bir şeydir ki, imkan daxilində izolyasiya tələb edir. Gərək insan hər şeyə gözü açıq baxsın. Hər halda dövlətimiz özü bu karantin rejimini elan etməklə kifayət qədər böyük risklərə gedir. Hər şeyi qoyuram kənara, ekonomik baxımdan böyük riskə gedir. Bu da əhalinin sağlamlığı üçün edilir. Biz də çalışmalıyıq ki, bu addıma cavab verək. Gəlin, dövlətimizin bu çağırışına əməl edək. Vacib nə isə lazım olduqda çıxmaq olar. Məsələn, mən televiziyaya çəkilişə gedəndə icazə alıram gedirəm. Orada da hər şeyi hazırlayırlar, mən gedən kimi dərsimi çəkirlər və qayıdıram evə. Yaxud ərzaq almağa həyat yoldaşımla birgə çıxırıq, tez alıb qayıdırıq. Qonaq getmək, qonaq qəbul etmək məsələsi tam onlayndır.
- Azad müəllim, siz həm də seriallara çəkilirsiniz. Yerli seriallar tez-tez tənqid olunur. Azərbaycan seriallarının səviyyəsindən razısınızmı?
- Hamısından razı deyiləm, yox. Amma ümumi bir inkişaf hiss edirəm. Azərbaycan serial estetikasında müəyyən inkişaf hiss olunur. Bu, çox yaxşıdır. Düzdür, 15-20 il bundan əvvəlki seriallarımızla müqayisədə mən bu inkişafı hiss edirəm, amma beynəlxalq serial industriyasını nəzərə alsaq, öz seriallarımızın hələ çox geri qaldığını müşahidə edirəm. Bunu etiraf etmək lazımdır. Ssenari məsələsi, süjet baxımından, hadisələrin bir-birini izləməsi, aktyor oyunu baxımından çox zəif seriallara rast gəlirəm. Aktyorluq peşəsinin sirrlərini bilməyən, qeyri-peşəkarların, hətta rejissor kimi işinin ustası olmayanların yerli seriallara cəlb olunmasını müşahidə edirəm. Bilirsiniz, mən bütün peşələrə hörmət edirəm, amma çox yaxşı olar ki, hərə öz peşəsi ilə məşğul olsun. Qoy mənim əziz və hörmətli idmançı qardaşlarım məndən inciməsin, amma mən son vaxtlar idmançıları çox filmlərdə görürəm. Maraqlanırlar, yaxşı edirlər, Allah köməkləri olsun, amma mən rinqə çıxıb boksla məşğul olsam nə qədər gülməli görünərəmsə, həmin o idmançılar da aktyorluq etmək istəyəndə o cür gülməli görünürlər, sadəcə özləri nə qədər gülməli göründüklərini hiss etmirlər. Aktyorluq peşəsi təhsil, müxtəlif vərdişlərlərin əldə olunmasını tələb edir. Bu da təbii ki, ekranda görsənir, seriallar sabun köpüyü kimi gəlir, gedir, partlayır. Amma elə seriallar da var ki, yadda qalır, baxılır. Təbii ki, heş kəs öz öz ayranına turş deməz. Mən də hamısına uğurlar arzu edirəm, amma yaxşı olar ki, oturub papaqlarını qabaqlarına qoysunlar, fikirləşsinlər ki, söhbət mədəniyyətdən, mədəniyyətimizə verilən töhvələrdən gedir, bu məsələdə bir az diqqətli olsunlar. Burada hər şeyi ortalığa atmaq olmaz.
Əsmətxanım
Telegram kanalımız