Ukraynaya getmək istəyən azərbaycanlı jurnalist: “Bu peşədə gedib dönməmək də var“

Ukraynaya getmək istəyən azərbaycanlı jurnalist: “Bu peşədə gedib dönməmək də var“

Yazar

15 Mart 2022 17:30 2377


“Belə bir deyim var: hərbi jurnalistlərin və əsgərlərin cəhbəyə getmə tarixi bilinir, dönmə tarixi yox".

Bu sözləri Yenisabah.az-a tanınmış hərbi jurnalist Səxavət Məmməd söyləyib.

"Əslində, bu peşədə gedib dönməmək də var. Hərbi jurnalistinin birinci işi sağ qalmaqdır. Sağ qalmaq üçün isə təkcə fiziki hazırlıq yetərli deyil. Əraziyə getməzdən əvvəl şəraiti öyrənməli, hər şeyə hazırlıqlı olmalıdır”.

"Yeni Sabah" olaraq S.Məmmədə müraciətimiz Ukrayna müharibəsi ilə bağlıdır. Bir neçə gün əvvəl bu ölkədə "News York Times"ın (NYT) əməkdaşı Brent Reno həlak olub. 

Müsahibimiz hərbi jurnalistlərin müharibəyə hazırlığı haqqında məsələyə aydınlıq gətirib:

“Ukrayna müharibəsi Suriya müharibəsindən çətindir. Hərbi  jurnalist ərazini tanımaqla yanaşı, həm də mərmilərin hansı istiqamətə düşə biləcəyini hesablamağı bacarmalıdır. Şəxsən iştirak etdiyim müharibələrdə iki dəfə yaralansam da, yalnız bu hesablamalara görə sağ qalmışam.

Ukrayna müharibəsində isə məntiqlə hərəkət etmək əbəsdir. Çünki Rusiya tərəfi ballistik, qanadlı raketlərdən istifadə edir. Bu isə son dərəcə dağıdıcıdır. Ukrayna müharibəsi həm də ona görə çətindir ki, şəhər döyüşləri gedir. Şəhər döyüşlərində isə heç kimə, heç nəyə baxılmır. Hərəkət edən hər şey qarşı tərəf üçün hədəfdir. Ona görə də, Ukraynada müharibə jurnalistlərinin həyatı daim təhlükədədir”.

Səxavət Məmməd bir neçə gün öncə NYT jurnalistinin Ukrayna da həlak olması məsələsinə də toxunub:

“Ukraynada həlak olan jurnalistin nə redaksiyasında, nə də özündə günah görürəm. Ola bilsin son dərəcə hazırlıqlı jurnalist olub, sadəcə bəxti gətirməyib. Təkrar edirəm, Ukrayna müharibəsində məntiq axtarmaq axmaqlıqdır. Düşünürəm ki, jurnalist son dərəcə risk edib və özü də bu riskin nəticəsinə hazır olub.

Müharibə elə bir şeydir ki, adrenalin son dərəcə yüksəlir, hər dəfə "daha irəli gedim", hər dəfə "daha qaynar yerə girim" hissi adamı əsir alır. Bu isə çox vaxt həyatı təhlükəyə aparıb çıxarır.

Bəzən deyirik ki, jurnalistlər hədəfə alındı. Bu yanaşma düzgün deyil. Çünki avtomobillə hərəkət zamanı kənardan müşahidə aparanlar avtomobilin içərisində kimin olduğunu müəyyən edə bilməzlər. Ona görə də, sırf jurnalistlər hədəf alınıb demək olmaz.

İstər Suriyada, istərsə də, Qarabağ mühribəsində bu hallarla rastlaşmışıq. Hətta müharibə vaxtı bir qrup jurnalist hündür avtomobillə hərəkət edirdi. Onlara "bu maşın təhlükəlidir və hədəf ola bilərsiniz" dedim. Məhəl qoymadılar, təxminən bir saat sonra avtomobil atəşə tutuldu. Xoşbəxtlikdən xəsarət alan olmadı.

Ukraynada sağ qalmaq üçün qaynar nöqtələrdə avtomobilsiz və "PRESS" yazısının istər dəbilqədə, istərsə də zirehli gödəkcədə oxunaqlı olması vacibdir. Bundan əlavə bələdçidən istifadə etmək şərtdir. Ən sərt insanların və hərbçilərin cəmləşdiyi yerlərdən, hərbi obyektlərin yaxınlığından kənarda olmaq lazımdır”.

Jurnalist Ukraynaya getmək istədiyini də söyləyib: “Mən Ukraynaya getməyi çox istəyirəm. Sadəcə olaraq hazırda ora getmək demək olar ki, müşkülə çevrilib. İcazə almaq, hətta maliyyə xərclərini tapmaq mümkün olsa da, əraziyə getmək  son dərəcə çətindir.

Bəzən Azərbaycan mediasını Ukraynaya getməməkdə qınayırlar. Azərbaycan jurnalistinin Ukraynaya getməsi mümkün deyil”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!