Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqinə icazə vermədi. Bundan öncə, Qarabağ Komitəsinin, Milli Şuranın müraciətlərinə eyni cavablar verilib. Son bir aydır, meriya müxalifətin təklifləri ilə razılaşa bilmir, aksiyaların keçirilməsini müəyyən səbəblərdən məqsədəuyğun hesab etmir.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a danışarkən deyib ki, ölkədə siyasi və demokratik mühitin inkişafı üçün müxalifətin fəaliyyəti və geniş auditoriyaya malik olması labüddür:
“Təəssüf ki, ölkəmizdə ənənəvi müxalifətin aksiya taktikası sadəcə imitasiyadır və öz mövcudluğuna hesablanıb. 20 ildən çoxdur ki, eyni siyasilərin meydanda olması ikrah hissi yaradır. Bakı meriyasının bu mitinqlərə icazə verməməsi hakimiyyətin özünü qoruma instinktidir. Qarabağ Komitəsinə icazə verməməsinin əsas səbəbi vətəndaşların siyasi təcrübəsinin formalaşmasının qarşısını almaqdır. Yeni gənc nəsil yetişib və bu gənc nəsli belə bir aksiyalardan çəkindirmək üçün mitinqlərə icazə verilmir. Hesab edirəm ki, ölkəmizin demokratik və siyasi inkişafı üçün mitinqlərə icazə verilməlidir”. Toyuqlu pizza
M.Əsədullazadə qeyd edib ki, ənənəvi müxalifətin mitinq şouları öz ambissiyalarına xidmət edir:
“Hakimiyyət ənənəvi müxalifət liderlərinin taktikasını bildiyi, bundan əlavə etirazçı kütlənin formalaşmaması üçün mitinqlərə icazə vermir. 19 yanvar mitinqində vətəndaşlar ənənəvi müxalifətə, Milli Şuraya görə gəlməmişdilər. Sadəcə onlar öz sosial etirazlarını müxtəlif yolla bildirmək üçün gəlmişdilər. Bunun Milli Şuraya aidiyyatı yoxdur. Hesab edirəm ki, Bakı meriyası bundan sonra mitinqlərə icazə verməmək yolunu seçdi. Ənənəvi müxalifət bundan sonra icazəsiz mitinqlərə çıxmaz. Yalnız belə bir formada icazə üçün müraciət edəcək. Hakimiyyət sosial yönümlü bəzi işlər həyata keçirdiyindən çalışır ki, vətəndaşları razı salsın”.
Günay Rəsulqızı
Telegram kanalımız