Xəbər verdiyimiz kimi, aprelin 24-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda həmçinin, Şuraya yeni üzvlərin qəbulu da həyata keçirilib. Müxtəlif sayt, qəzet, jurnal bu siyahıda yer alıb.
Bəs Mətbuat Şurasına üzv qəbul olunmaq həmin qurumlara nə qazandırır və hansı kriteriyalara əsasən seçilirlər? Məsələylə bağlı MŞ-nın ilk təsisçilərindən biri olan Elçin Şıxlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, MŞ-ya üzvlüyün nə qazandırdığını bilmir:
“Bilirsiz ki, mən MŞ-nın təsisçilərindən biri olmuşam. Qəzeti bağlayanda ordan da çıxmışam. Ona görə, mənə bir şey qazandırmır, mənim üçün heç nə deməkdir. Onu Əflatun Amaşovdan və ya ora üzv olanlardan soruşun ki, sizə nə qazandırır? Mənim üçün ora sıfırdır. pizza hut
Üzvlər seçiləndə hansı kriteriyalara diqqət edilir bilmirəm. İşin içində olmadığım üçün dəqiq heç nə deyə bilmərəm. Şuranı quranda bizim başqa kriteriyalarımız, gözləntilərimiz var idi. İndi tamam başqa kriteriyalardır.
Mətbuat Şurasının nizamnaməsi var. MŞ mətbuat, ictimaiyyət və rəsmi strukturlar arasında məhkəməyə qədər problemlərin aradan qaldırılmasının dəstəklənməsi rolunu oynayır. Orada bəndlər çoxdur. Əsas məsələlərdən biri budur ki, məsələ məhkəməyə gedib çıxmamış MŞ çərçivəsində həll olunsun. Yəni tərəflər dəvət olunur, jurnalistlərin etik kodeksi pozulursa, həmin mətbu orqana məsləhət verilir. Onu hansısa qara siyahıya salmaq səlahiyyəti MŞ -nın nizamnaməsində yoxdur. Ancaq tövsiyə verə bilər. Ancaq burada qara siyahı açır, boz siyahı düzəldirlər. MŞ-nın nizamnaməyə görə, nəzarət funksiyası yoxdur”.
Məsələylə bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli yeni seçilən üzvlərdə hansı kriteriyalara üstünlük verildiyi haqda məlumat verib:
“KİV qurumunun ən azı 1 ildən 3 ilə qədər fəaliyyəti olmalıdır, fəaliyyəti dövründə jurnalistlərin etik kodeksinə sayqılı yanaşmalı və etik kodeksi pozması haqqında MŞ-da, yaxud məhkəmə hökmü olmamalıdır. Ola bilər ki, məhkəmə olsun, amma sonda qalib gəlməlidir. Yəni etik kodeksin intensiv pozması haqqında faktlar olmasın. Bunlar başa çatandan sonra KİV qurumu üzv olunmaq istəyini bildirməlidir. Amma üzv olduğu müddətdə də bu prinsipləri pozarsa, onda işə yenidən baxılır.
Mətbuat Şurası ümumilikdə Azərbaycan mediası üçün çalışır. Onların üzv olaraq nə hüquq və səlahiyyətləri varsa hamısı MŞ-nın nizamnaməsində açıq şəkildə var. MŞ-ya üzv olmaq cəmiyyətə qarşı münasibətdə onlara üstünlük vermir. Qanunda nə nəzərdə tutulubsa, onlardır. MŞ ölkənin ən böyük mətbuat qurumudur. Burada media ilə bağlı müzakirələr keçirilir, üzv olduqdan sonra bu müzakirələrdə iştirak etmək, MŞ nın seçkili orqanlarında seçmək və seçilmək hüququ yaranır”.
Qeyd edək ki, yeni üzvlər arasında “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri yer alıb.
Əsmər Qabil
Telegram kanalımız